İntiharlar, erkən nikah-kimdir müqəssir?
Hər bir gənc kimi mən də sosial şəbəkələri intensiv şəkildə izləyirəm. İzlədiyim, gördüyüm, eşitdiyim xəbərləri əxz etməyə çalışıram, təbii ki, faydalı olanlarını.
Çox təəssüflər olsun ki, son zamanlarda gördüyüm xəbərlərin bəzisi ürəyimi bulandırmağa başlayıb. Hansından söz açıb danışım bilmirəm. İntiharlar, qəsdən adam öldürmə, yeniyetmə, 18 yaşına çatmamış qızlarımızın məcburi şəkildə evləndirilməsi və yaxud bilərək ataları yaşında bir bəyə qoşulub qaçması kimi xoşagəlməz məlumatlarla rastlaşıram. Saysam bəlkə mövzular tükənməz. Sadəcə yadımda qalanlar bunlardır. Elə başlayaq intiharlardan. İntihar, əsasən yeniyetmələr arasında az qala "epidemiya" halını almış bir hadisədir. Səbəbləri, təbii ki, müxtəlifdir. Misal olaraq deyə bilərəm ki, universitetə qəbul olmayan gənclər arasında çarəni intiharda görənlər də var. "Ali təhsil" kəlməsini gözlərində çox böyüdürlər. Sözsüz ki, qarşısında məqsədi olan bir abituriyent oxuyub-çalışmalı, gecəsini gündüzünə qatmalı və sonda o istədiyinə çatmağı bacarmalıdır. Ancaq elə bir qanun yoxdur ki, hər kəs ali təhsil almalıdır. Və çox təəssüflər olsun ki, bu mövzuda bəzi valideynlər övladlarının üzərinə çox gedirlər. Elə bu hallarda da mən əsas günahı valideynlərdə görürəm. Kimisə fikrimi qəbul edə bilər, kimisə etməz, bu mənim subyektiv fikrimdir. Burdan həmin o valideynlərə səslənərək demək istəyirəm ki: " Övladlarınızın ali təhsil alması, mütləq universitet oxuması onun canından, sağlamlığından sizə əziz olmasın. Yoxsa onları o hündür binaların başından siz aşağı itələmiş olarsız."
Əlbəttə ki, intiharın səbəblərini burda qeydə alsam misralara sığmaz. Sadəcə olaraq bu gün ən ümdə olan məsələyə toxunmaq istədim.
İkinci əsas rol oynayan məsələlərdən biridə qızlarımızın təhsili bir yana qoyub, daha erkən yaşdan sevgi, erkən nikah arxası ilə qaçmasıdır. Ancaq bu onları hansı uçuruma doğru aparır fərqində olmurlar. Düzünü desəm, fərqində olurlar artıq o zaman çox gec olur.
Bu günlərdə Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənib. Dəyişikliklərdə önə çıxan mövzular qohum evliliyinin, erkən nigahın qarşısını alan bir amil olacaq. Bu qanun 2025-ci ildən qüvvəyə minəcək. Mən deyərdim ki, belə bir sərəncamın imzalanmağı tam yerinə düşdü. Bununla da, erkən nikah nəticəsində yaranmış fəsadların qarşısı alınmış olacaq. Bu qərar həm mənim üçün, həm də əminəm ki, bir çoxları üçün sevindirici bir haldır.
Ailə qurmaq yüz ölçülüb, bir biçilməli məsələdir. Bu məsələdə ailə həyatı quracaq gənclərimizlə yanaşı, valideynlərdə diqqətli olmalıdır. Əks təqdirdə nə ilə qarşılaşırıq? Hər hansı bir binanın yeddinci mərtəbəsindən əli qolu bağlı şəkildə vəhşicəsinə qətlə yetirilən gənc qadının faciəsi ilə qarşılaşırıq. Və geriyə nə qalır? Atasız-anasız azyaşlı körpələr, gözü yaşlı valideynlər və ölən birinin ardından deyilən olar-olmaz sözlər. Hansı ki, nə dərəcədə həqiqətə uyğundur, bəlli deyil. Və bütün bunlar vaxtında edilməyən "düzgün seçimin" nəticəsidir. Heç kəsin belə hadisə haqqında fikir yürütmək, bilib-bilmədən danışmaq haqqı yoxdur. Çünki heç kim o qadının yerində olmayıb və onun nə yaşadığını bilmir. Hər kəs bu dünyaya öz çərçivəsindən baxır. Çalışmaq lazımdır ki, bu cür xanımlarımız özləri həyatda olmasa da, onların haqqı öz yerini tapsın. Gəlin, bu cür qızlarımızın haqq səsi olaq. Olaq ki, bu cür haqsızlıqlar baş alıb getməsin. Heç kim sabah başına nə gələcəyində sığortalanmayıb. Bəlkə də, o qızda 1 il bundan qabaq başına bunların gələcəyini bilsəydi öz həyatını həmin gənclə birləşdirməzdi. Ailə güvən deməkdir. Bir ailədə güvən yoxdursa deməli təməli düzgün qoyulmamış bir yola çıxılır. Və o yolunda sonu yoxdur...
Vurğuladığım kimi, bu günkü gündə adiləşmiş hal olan mövzular hədsiz saydadır. Bəzilərini qeyd etmək məncə kifayət edər. Bu məqaləni yazmaqda məqsədim odur ki, hər bir insan səhv edə bilər, amma əsası o səhvlərdən dərs çıxara bilməyi bacarmaqdır. Əks təqdirdə biganə yanaşsaq səhvlərimiz doğrularımızı örtər!
Məmmədrzayeva Nuray, Bakı Slavyan Universitetinin jurnalistika ixtisasının ikinci kurs tələbəsi.