Polis Xaçmazda əməliyyat keçirdi: Külli miqdarda narkotik maddə dövriyyədən çıxarıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.

Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.

Həmçinin keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan iki ədəd tapança, bir ədəd patron darağı və yeddi ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.