Metronun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində mağazalar işini dayandırdı

Bakı metropoliteninin "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

APA-nın məlumatına görə, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "20 Yanvar" və "Cəfər Cabbarlı" metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyəti olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıblar.