Marketlərdə şəkil çəkmək qadağandir?
Eyyub Hüseynov: "Son bir ildə müştərilər almadıqları mala görə marketlərə 500 milyon manat pul ödəyiblər"
Yəqin oxucular da müşahidə edib ki, Bakı şəhərinin böyük marketlərinin bəzisində foto və video çəklişlərinin qadağan edildiyini özündə ehtiva edən lövhələr vurulub. Bunu diqqətdən yayındıranlar istənilən marketdə foto-video çəkliş aparmaq istəyini nümayiş etdirsin.
Dərhal xidmət personalı həmin müştərinin üzərinə gələcək ki, bəs kadrları silmək lazımdır, marketdə çəkliş aparmaq qadağandır. Vətəndaşa mütəmadi xidmət edən marketdə çəkiliş nə üçün qadağan olunmalıdır?
Əslində ölkədə çəklişin qadağan edildiyi kifayət qədər obyektlər var. Bu bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız qadağa sayıla bilər. Məsələn, ölkənin dövlət sirri ilə bağlı olan obyektlərində çəklişin aparilmasına qoyulan qadağa haqlı qadağadır və ölkənin qanunları ilə tənzimlənir. Amma bir çox məkanlar var ki, belə qadağalar yüksək səviyyədə tətbiq edilsə də, onun heç bir hüququ əsası yoxdur. Bu yazıda marketlərdə qoyulan analoji qadağanın hüquqi əsaslarını araşdıracağıq.
Əslində məsələyə diletant yanaşma ondan ibarətdir ki, böyük ticarət şəbəkələri cəmiyyətə qüsursuz xidmət edirsə, onun gizlədiləcək bir nəsnəsi yoxdursa, nəyə görə onlar obyektlərində foto-video çəklişlər aparmasından narahat olmalıdırlar. İri ticarət obyektləri çəkilişlərə qadağa qoyurlarca, deməli onların gizlətmək istədiyi, ictimailəşməsindən qorxduqları xoşagəlməz məqamlar var. Çox güman.ki, böyük ticarət mərkəzləri məhz həmin xoşagəlməz məqamların ictimailəşməsindən ehtiyat edirlər.
Onu da qeyd edək ki, sivil dünya ölkələrinin heç birində, o cümlədən də qardaş Türkiyədə, hətta qonşu Rusiyada, Qazaxıstanda, Gürcüstanda və İranda belə bu cür qapdağalar mövcud deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən dedi ki, Sahibkarlar Konfedarasiyası və digər qurumlarla görüşlər zamanı bildirmişik ki, mütləq bütün ölkələrdə olduğu kimi, marketlərin fəaliyyəti ilə də bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi bir qaydalar toplusu olmalıdır: "Marketlərdə vəziyyət çox pisdir - müştərilərə potensial oğru kimi baxırlar. Müştərinin çantasını götürürlər, itəndə cavabdehlik daşımırlar. Marketlərə çox geniş müstəqillik verilib, onların fəaliyyətini tənzimləyən heç bir qayda yoxdur. İstehlakçıların bu kimi problemləri olanda biz İqtisadiyyat Nazirliyinə müraciət edirik. Nazirlikdən isə bildirirlər ki, marketlər öz ərazisində qaydaları qoymaqda müstəqildir. O cümlədən bildirilir ki, guya foto-video çəkilişinə qoyulan qadağa da onların kommersiya maraqlarına xidmət edir. Amma bu qadağanın qoyulmasının heç bir hüququ bazası yoxdur, üstəgəl bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
Uzun illərdir ki, bu tip problemlər var və bunun qarşısını almaq üçün marketlərin fəaliyyətini tənzimləyən qaydalar qəbul edilməlidir. Marketlər mal təhcizatçılarını incidir - onların pulunu qaytarmır, müştərilərdən almadığı məhsulun pulunu çıxır, yalançı endirimlər edirlər və s.".
E.Hüseynov bir təzadı da qeyd etdi ki, qiymətlə bağlı problem yarananda - piştaxtadakı qiymətlə çıxışdakı qiymət uyğun gəlməyəndə İqtisadiyyat Nazirliyindən deyirlər ki, piştaxtadakı qiymətin şəklini çəkib bizə atın, tədbir görək: "Deməli, marketdə şəkil çəkmək qapdağan da deyil. Bu bir-birinə zidd bürokratiyanı aradan qaldırmaq üçün vahid qaydalar olmalıdır. Məsələn, son bir ildə müştərilər almadıqları mala görə 500 milyon manat pul ödəyiblər. Müştəri badımcan-bibər alır, satıcı qəbzə bahalı ekzotik meyvənin qiymətini yazır və ya xəzinədar çıxışda malın bir neçəsinin torbaya qoymur, nəticədə müştəri almadığı mala görə artıq pul ödəyir. Çoxları heç bunun fərqində belə olmur".
Ekspert bildirdi ki, demokratiyanın rəhni olan şəffaflıq marketlərin də fəaliyyətində əsas meyar olmalıdır: "Bunun üçün isə ortada hüquqi-normativ akt - marketlərin fəaliyyətini tənzimləyən qaydalar Nazirlər Kabineti tərəfindən beynəlxalq standartlara uyğun hazırlanmalı və təsdiq edilməlidir. Əlbəttə, həmin qaydalarda marketlərin içərisində müştərinin foto-video çəkmək hüquqları da yer almalıdır".
Akif Nəsirli