BETT mükafatını qazanan ilk azərbaycanlı: "Qarabağ Universitetində çalışmaq əvəzolunmaz hissdir"

Almaniya, İtaliya, Macarıstan, İsveç, Litva və Polşada öyrənib, İspaniya, Yunanıstan, Braziliya, Tayvanda isə öyrədib. Əzmkarlığı, tətbiq etdiyi yeni təhsil metodları ilə əcnəbi müəllimlərə təlimlər keçib, innovativ düşüncələri ilə onları təəccübləndirib. Tanınmış professorların, alimlərin sevimlisinə çevrilib. Deyir ki, yeddi illik təhsil müddətində qarşılaşdığı 70-80 professordan öyrəndiklərini bu gün Qarabağ Universitetində tətbiq etməyə gəlib. Düşünür ki, "xaricdə ən böyük uğurları qazanıb bir parça olmaqdansa, öz ölkəmdə dəyər olub, həmvətənlərimə faydalı olaram".

"Kaspi" qəzetinin müsahibi Qarabağ Universitetinin Pedaqoji fakültəsində assistent vəzifəsinə təyin olunan Orxan Abdullayevdir.

BETT mükafatını qazanan ilk azərbaycanlı

Orta təhsilini Gəncədə alıb, bakalavr təhsilinə Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə davam edib. 2017-2019-cu illərdə Almaniyanın Johannes Mainz Guttenberg Universitetində sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə ingilis və Anqlo-Amerikan tədqiqatları üzrə iki magistr təhsili alıb. Həmçinin, 2021-2023-cü illərdə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın reytinqli Eötvös Lorand Universitetində təhsil elmləri proqramı təhsil texnologiyaları ixtisası üzrə magistr proqramını bitirib. Hazırda HTP çərçivəsində Eötvös Lorand Universitetində təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, "Süni intellekt və onun təhsildə istifadəsi" üzrə tədqiqat işləri aparır. O, təhsildə texnologiyalar və süni intellekt mövzularında mühazirələr deyib, ELTE Universitetində professor köməkçisi və tədqiqatçı olaraq çalışıb. Özünü dünyanın ən qədim xarici dil hazırlığı mərkəzi olan Berlitz-də ingilis dili müəllimi kimi də sınayıb. Əlcəzairin Macarıstandakı fövqəladə səfiri Abdelhafid Alahouma və Macarıstan parlament üzvlərinə ingilis dili tədris edib.

Gənc alim həm də BETT mükafatını qazanan ilk azərbaycanlıdır. Onun dörd layihəsi Londonda keçirilən BETT yarışmasında dörd kateqoriya üzrə finalçı olub, "Təhsildə ən yaxşı süni intellekt" mükafatını qazanıb. Bununla yanaşı, Böyük Britaniyanın Konsulluğu tərəfindən həyata keçirilən Xaricdə Təhsil Agenti kursuna qatılıb.

Müsahibəni təqdim edirik:

- Orxan bəy, karyera yolunda ilk çətinliklə ibtidai sinifdə qarşılaşıb, sizə qarşı olan ağır bullinqlə uşaq yaşınızda mübarizə aparmısınız. Bullinqlərin sizi gücləndirdiyini düşünürsünüz?

- Uşaqlıqda ağır dərəcədə kəkələmə problemim var idi. Həyəcanlandıqda nitqimdə ciddi çətinliklər yaranırdı. Bu səbəbdən, mən inklüziv təhsil aldım və həm məktəbdə, həm də həyətimizdə yaşıdlarımın bullinqləri ilə mübarizə aparmaq məcburiyyətində qaldım. Ailəmin güclü dəstəyi ilə bu çətinlikləri aşmağı bacardım və bu, məni gücləndirdi. Yadımdadır, orta məktəbdə keçirilən sürətli oxuma yarışmasında iştirak edirdim. Yarışda bir dəqiqə ərzində kim daha çox söz oxuyursa, qalib olurdu. Növbə mənə çatanda daha çox söz oxuyaraq qalib gəldim. Amma sinif yoldaşlarım mənə qəhqəhə ilə güldülər. Səbəbini anlamadım, müəllim oxu kitabımı sinfə göstərəndə gördüm ki, kitabı tərs oxumuşam. Mətni o qədər yaxşı əzbərləmişdim ki, kitabın tərs olduğunun fərqinə varmamışdım. Bu hadisədən sonra fərqli öyrənmə metodlarını tətbiq etməyə başladım. Nəticədə, beşinci sinifdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qiraət yarışmasında şəhər üzrə birinci yer tutdum və ondan sonra da müxtəlif olimpiada və yarışlarda qalib oldum.

İnklüziv təhsillə bağlı şagirdlərə və valideynlərə hər zaman deyirəm ki, problemi düzgün müəyyənləşdirib, onun üzərinə getmək lazımdır. Şagird çətin vəziyyətdədirsə, problemi həll etmək üçün özünə uyğun yolu tapmalıdır. Əgər bunu edə bilirsə, onun qarşısında heç bir maneə dayana bilməz.

- Əslində, özünüzlə mübarizəniz ilk ali təhsil zamanı da davam edib. Sizi sinif otağında çox vaxt tələbə deyil, ikinci müəllim edən də kəşf etdiyiniz həll yolu olub?

- Bəli, Azərbaycan Dillər Universitetində oxuyarkən qrupda 44 qız və yeganə oğlan tələbə idim. O dövrdə sinfin arxa partasında oturur, çox vaxt heç kimlə danışmır və daim müşahidə edirdim. Bu müddət ərzində "bir insan necə daha yaxşı öyrənə bilər?" sualına cavab axtarırdım. Öz üzərimdə fərqli öyrənmə strategiyaları tətbiq edir və müəllimlərdən yalnız ingilis dilində danışmalarını xahiş edirdim. Bu prosesə qrup yoldaşlarımı da cəlb etməyə çalışırdım. Təhsilin son illərinə yaxın mən artıq ingilis dilində öz qrup yoldaşlarıma və hətta müəllimlərə dərs verməyə başladım. Həmin dönəmdə digər universitetlərdən də hazırlığa gələn müəllimlərə dərs keçirdim. Ətrafımdakı tələbələr və dostlarım həmişə yüksək qiymətlər alırdılar. Müəllimlərim də tez-tez zarafatla deyirdilər ki, otaqda iki müəllim var.

- Seçilməyi necə bacarırdınız?

- Məncə, uğurlar təkcə bir sahəyə fokuslanmaqla əldə edilmir. Həm sosial, həm də akademik həyatda uğur qazanmaq üçün insanın müxtəlif maraq və bacarıqlara sahib olması vacibdir. Məsələn, riyaziyyatda güclü olan bir şagird yalnız riyaziyyata deyil, fərqli sahələrə də maraq göstərməlidir. Eyni zamanda, yaxşı idman edən bir şagird, həm də sənətlə məşğul olmalıdır. Bu cür fərqliliklər insanın daha geniş düşünməsinə və inkişaf etməsinə kömək edir. Mən özümü tanıyır, maraqlarımı və güclü tərəflərimi kəşf edirdim. Fərqli sahələrdə özümü sınayır və müxtəlif öyrənmə metodlarını tətbiq edirdim. Bu yanaşma mənə yalnız bir sahəyə fokuslanmaqdan qaçmağa və beynimi daha geniş şəkildə inkişaf etdirməyə imkan verirdi. Nəticədə, təhsil aldığım xarici universitetlərdə də seçilirdim və professorlarla debatlar apararaq, öz bilik və bacarıqlarımı inkişaf etdirməyə davam edirdim.

Bu, mənim genetikam və yetişdirmə şəraitimlə əlaqədardır. Həm ana, həm də ata tərəfimdən elm sahəsində tanınmış və mötəbər insanlar var. Uşaqlıqda yay tətillərində onlarla görüşür, alimlərin apardığı diskussiyaları dinləyərək böyüyürdüm. Nənəm və babam hər ikisi müəllim idilər və yetişməyimdə onların rolu böyükdür. Onlar məni dağa aparar, bitkiləri, təbiəti göstərərək öyrədərdilər. Yay tətillərində bədii ədəbiyyat oxuyar, nənəmin hekayələrini dinləyərdim. Bu mühit məndə öyrətməyə olan həvəsi formalaşdırdı. Mənim üçün öyrətmək sadəcə məsuliyyət deyil, həm də daxildən gələn tələbatdır. Sahib olduğum bilgini ətrafıma paylaşmaq mənə zövq verir, çünki biliyi paylaşmaqla insanlar arasında mənəvi bir bağ qurduğuma inanıram.

- Bəs, xaricdə maraqla qarşılanan "Təhsildə süni intellekt platforması" layihəniz hansı zərurətdən yarandı?

- Macarıstanda təhsildə texnologiyalar və süni intellekt mövzularında mühazirələr deyirdim. Həmişə düşünürdüm ki, təhsildə çox şey dəyişsə də, müəllimin rolu və sinif otağının funksiyası dəyişmir. Bu gün süni intellektin kifayət qədər geniş imkanları var. Müəllim artıq bilgi daşıyıcısı rolundan istefa etməli və yaxşı moderator olmalıdır. Bilgi öyrənmə mühitində kəşf edilərək qazanılanda uzunmüddətli və maraqlı olur. Şagirdlər, tələbələr ilk olaraq özlərini kəşf etməli, sonra öyrənməli və necə tətbiq etmək haqqında düşünməlidir. Hazırda üzərində durduğum əsas öyrənmə metodu proyekt və problem əsaslı öyrənmədir. Bu platformada müəllimin yükünün azaldılması üçün süni intellektdən istifadə etdik və bu prosesin bir hissəsi kimi administrativ işləri ona həvalə etdik. Belə olduqda, müəllim şagirdlə daha çox vaxt keçirə bilir. Biz süni intellekti fərdi öyrənmə təcrübəsi üçün təlimatlandırır, onu Azərbaycan təhsilinin bilgiləri əsasında formalaşdırırıq. Süni intellektlə danışma bacarığı və bu bacarığın qiymətləndirmə metodologiyasını tətbiq edirik. Şagird materialla baş-başa qalır, müəllim isə onu müşahidə edir. Material doğrudurmu? Buradan çıxan nəticələr necədir? Şagird bunu necə öyrənir? Gələcəyin təhsili bu üçbucağın içində dayanır.

- Hazırda "Süni intellekt və onun təhsildə istifadəsi" üzrə tədqiqat işləri aparırsınız. Süni intellekt təhsildə dönüş yarada bilərmi?

- Bu, tamamilə yeni bir sahədir. Mənim əsas mövzum da süni intellektin tələbələrin problem həll etmə və kreativlik qabiliyyətlərini inkişaf etdirməsi ilə bağlıdır. Biz kifayət qədər yeni və maraqlı təcrübələr həyata keçiririk. Məsələn, süni intellektə əmr edirik ki, spesifik bir personajı canlandırsın. Bu yolla tələbə Albert Eynşteynlə fizika dərsi keçə və ya Mariya Küri ilə kimya mövzusunda söhbət edə bilər. Məsələn, yeddinci sinif materialında Mariya Kürinin kəşfləri ilə bağlı bir mövzu var. Biz bu mövzunun tələbəyə lazım olan hissəsini götürüb süni intellektə "yedirdirik". Sonra isə ona şagirdlə hansı tərzdə danışmalı olduğunu izah edirik. Mariya Küri dərsi izah edir, şagirdin səhvlərini düzəldir və ona suallar verir. Müşahidələrim göstərib ki, əvvəlcə yalnız 15 dəqiqəlik öyrənmə müddəti olan tələbə, süni intellektlə danışaraq bu müddəti iki saata qədər uzadır və bu zaman ərzində mövzunu tam mənimsəyir.

Başqa bir nümunə kimi, məktəblərdə şagirdlərin qarşısına belə bir vəzifə qoyuruq: Paraqvaya səfər edən şagird oradakı mağazaya gedib, bir suvenir almalıdır. Mağaza sahibinə (bu rolu süni intellekt oynayır) isə deyirik ki, suveniri 50 avrodan aşağı satmasın. Bu tapşırığı yerinə yetirən şagirdlər kreativlik, analitik düşünmə qabiliyyətlərini artırır və dillərini inkişaf etdirirlər. Belə imkanları təhsil sahəsində tətbiq edə biləcəyimiz başqa bir texnologiya mövcud deyil. Süni intellektdən qaçış yoxdur. Ya bu texnologiya ilə irəliləyəcəyik, ya da digər ölkələrdən geri qalacağıq. Gələcəyin təhsili yeniliklərlə birgə formalaşacaq.

- Sizcə, bu metodla "tənbəl şagird", yaxud "tənbəl tələbə" erası bitə bilərmi?

- Mən inanıram ki, tənbəl şagird və ya tələbə anlayışı çox vaxt yanlış interpretasiya olunur. Əslində, hər bir insanın maraq göstərdiyi və potensial inkişaf edə biləcəyi bir sahə var. Əsas problem bu marağı aşkarlamaq və onu doğru şəkildə yönləndirməkdir. Bu, müəllimin və təhsil mühitinin vəzifəsidir. Hər bir şagirdin və tələbənin öyrənmə üslubu və maraqları fərqlidir. Əgər şagirdin maraqları düzgün tanınmasa və müvafiq alətlər və metodlar təklif edilməsə, o, tənbəl görünə bilər. Biz süni intellektdən istifadə edərək, şagirdlərin maraqlarını daha yaxşı aşkar etmək və onlara uyğun fərdi öyrənmə yolları təklif etməyə çalışırıq. Belə yanaşma ilə "tənbəl" deyilən şagirdlər də özlərinə uyğun sahələrdə daha aktiv və motivasiyalı ola bilərlər. Süni intellekt, şagirdin maraq göstərdiyi mövzuları tapmağa və onun üçün ən uyğun tədris üsullarını təqdim etməyə kömək edə bilər. Bununla da hər bir şagirdin öyrənmə potensialını tam olaraq istifadə etməsi mümkündür.

- Müəllim artıq bilgi daşıyıcısı olmamalıdır deyirsiniz. Sizcə, süni intellekt müəllimlik peşəsini də risk altına qoya bilərmi?

- Xeyr, mən inanıram ki, müəllimlik peşəsi heç vaxt ölməyəcək. Uşaqların inkişafı, onların müşahidəsi və yönləndirilməsi üçün həmişə bir insana ehtiyac olacaq. Amma bu peşənin xüsusiyyətlərinin dəyişməsi qaçılmazdır. Müəllimlərin rolu artıq sadəcə bilgi daşıyıcısı olmaqdan ibarət deyil, onlar daha çox tələbələrin öyrənmə prosesini yönləndirən, onları motivasiya edən və fərdi ehtiyaclara cavab verən bələdçilər olmalıdırlar. Sinifdə 20 uşaq varsa, hər birinə uyğun fərdi yanaşma tətbiq etmək lazımdır. Müəllimlər bu dəyişikliklərə uyğunlaşmalı, öyrənmə mühitində daha elastik və çevik olmalıdırlar. Bundan əlavə, müəllimlər müasir texnologiyalara və sosial mediaya da adaptasiya olmalıdırlar. Sosial şəbəkələrdə aktivlik, müasir tendensiyalarla ayaqlaşmaq, müəllimlərin tələbələrlə əlaqəsini gücləndirə bilər. Bu, tədris prosesini daha maraqlı və interaktiv edə bilər. Lakin sosial media müəllimliyin əsas komponenti deyil, sadəcə bir vasitədir. Tədris və tərbiyə işində əsas olan, şagirdlərlə düzgün ünsiyyət qurmaq və onların potensialını inkişaf etdirməkdir.

- Macarıstan, Litva, İtaliya və Almaniya kimi ölkələrin təhsil müəssisələrindən sonra CV-nizə Qarabağ Universiteti də əlavə olundu.

- Bu hissin tərifi yoxdur. Çox sevincli və qürurluyam. Burada elə bir akademik mühit yaradıblar ki, xaricdəkinə bərabər, hətta daha yaxşı bir atmosfer görürəm. Biz hər gün professorlarla, kafedra müdirləri ilə elmi müzakirələr aparırıq. Bu müzakirələrdə xarici təcrübələrimdən istifadə edirəm, fərq yalnız ondadır ki, bu dəfə müzakirələr ana dilimizdədir. Dünyanı gəzərək müxtəlif təhsil metodlarını öyrənib ölkəmdə tətbiq etmək mənim həmişəki arzum olub. İndi bunu Qarabağda həyata keçirə bilmək əvəzolunmaz hissdir. Çox güclü layihədir, möhtəşəm idarəçilər və müəllim heyəti var. Öyrəndiyim bütün metodları tələbələrlə bölüşmək üçün çox həyəcanlıyam. Əminəm ki, Qarabağ Universitetindən məzun olan tələbələr, xaricə təhsil üçün üz tutduqda, burada qazandıqları təcrübələrdən məmnun qalacaqlar və "mən bu metodları, hətta daha yaxşısını Qarabağda görmüşəm" deyəcəklər. Yeddi illik xaricdə təhsil turum məni ən azı 70-80 professorla qarşılaşdırıb və onların dərs metodlarını, tədris üslublarını müşahidə etmişəm. Bu təcrübələri öz ölkəmdə tətbiq etmək şansı məni çox sevindirir. Həmçinin, rektorumuzun vurğuladığı kimi, Qarabağ Universitetində süni intellekt laboratoriyası yaradılacaq. Ümid edirəm ki, orada tələbələrlə daim ünsiyyətdə olub, onların start-up layihələri və ideyalarının həyata keçirilməsinə dəstək olacağam.

- Bu qərarınızı ailəniz necə qarşıladı?

- Onlar məndən çox həyəcanlı, sevinclidirlər. Atam birinci Qarabağ müharibəsi iştirakçısı olub. Gəncədə hərbi şəhərcikdə yaşayırıq. Xaricdə yaşadığım müddətdə də hər zaman vətənpərvərlik hissim yüksək olub. Atam hər gün Xankəndi ilə bağlı hekayələrini danışır, küçələrini izah edir, xəritədə şəkillərini göstərir. Qısa müddətdə ailəmlə birlikdə Xankəndinə köçəcəyik. Hazırda nəinki ailəm, bütün nəslimiz bunu bayram edir.