Naxçıvanda Talıbovdan sonra "Tikilməkdə olan layihələrin idarə edilməsi" müəmması hələ də dolaşır...

 

Namizəd Səfərov: "Sahibkar istədiyi adı seçə bilər, amma Ədliyyə Nazirliyinin də adi dəyişmək, korrektə etmək, sahibkara digər ad təklifi imkanı yaratmaq səlahiyyəti var"

Naxçıvanda post-Talıbov dönəmində aparılan struktur və kadr islahatlarından sonra zühur edən, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədov yaratdığı MMC-nin adına uyğun olan işlərlə məşğul olub. 

Yəni bu iş adamı məşhur “qoçu Əsgər”in "kişmiş yeyən keçisi" kimi Naxçıvanda aparılan, demək olar ki, bütün tikintilərdən haqq alıb. Muxtar respublikada aparılan tikintilərin əksəriyyətinə nəzarət edib və söszüz ki, onlardan layihənin həcminə uyğun qeyri-qanuni vəsait alıb. Naxçıvanda fəaliyyət göstərən iş adamlarından birinin sözlərinə görə, İsmayıl Əhmədov Talıbov dönəmindən sonra Naxçıvan Muxtar Respublikasında aparılan bütün tikintilərə nəzarət edib və özünü xüsusi dövlət  mandatı verilmiş məmur kimi aparıb. Ölkə qanunvericiliyinə görə, əslində özəl tikinti şirkəti özü oz layihəsini sərbəst şəkildə idarə etmək hüququna malikdir. Lakin sahibkarlar İsmayıl Əhmədov tərəfindən bu hüquqlarından məhrum edilib.

“Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov muxtar respublikada tikintiləri dayandırmaq, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürmək imkanlarına malik idi. Təxminən sxem bundan ibarət olub ki, İsmayıl Əhmədov tikinti şirkətinə layihəni onun MMC-sinin idarəetməsinə verilməsini təklif edir. Təklif qəbul edilirsə, işlər davam edir, təklif qəbul edilmirsə hansısa qüvvə tikintini dayandırır və ya onun sökülməsinə qərar verir. Bu münvalla İsmayıl Əhmədov Naxçıvan Dövlət Universitetinin futbol stadionunun sökülməsini təşkil edib, rektorluq binasının isə sökülməsinə çalışıb. Sözügedən şəxs heç bir əsas olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiya Parkının tikintisini dayandıra bilib.

Qeyd edək ki, Naxçıvanın İsmayıl Əhmədov dönəmi də artıq tarixə çevrilib. Gec də olsa dövlət orqanları işə qarışdı. Artıq deyilənə görə, Naxçıvan sahibkarlarının canı İsmayıl Əhmədovdan birtəhər qurtulur. Belə ki, Naxçıvandan gələn xəbərlərə görə, artıq İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmaqdadır.

Amma maralıdır, hüquqi baxımdan "Tikilməkdə olan layihələrin idarə edilməsi" adında MMC-nin yaradılması nə qədər qanunauyğundur? Bu ad tikinti ilə məşğul olan sahibkarları çaşdıraraq tora salmırmı? Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə buna bənzər menicment təşkilatlar var. Sahibkarlar öz arzusu ilə onları layihələrinin idarə edilməsi üçün cəlb edirlər. Amma həmin şirkət sahibkara müqavilə əsasında xidmət edir və zəhmət haqqı alır. İsmayıl Əhmədov isə bu adla tikinti şirkətlərini təhdid etməklə onlardan haqq alıb.

Hüquqşünas Namizəd Səfərov bu barədə bizimlə söhbətində bildirdi ki, MMC-lərin qeydiyyatında əsas məsələ nizamnamə ilə Cəmiyyətə verilən hüquqlardır, ad o qədər də əhəmiyyət kəsb etmir: "Amma Ədliyyə Nazirliyi MMC-ni qeydə alarkən Azərbaycan reallıqlarını da nəzərə alaraq bu cür adda MMC qeydə almamalıdır. Sahibkar istədiyi adı seçə bilər, amma Ədliyyə Nazirliyinin də adi dəyişmək, korrektə etmək, sahibkara digər ad təklifi imkanı yaratmaq səlahiyyəti var. Nazirlik bu səlahiyyətlərdən istifadə edərək adı dəyişməli idi.

Dəniz NƏSİRLİ