Ermənistan sərhədə qoşun yığır - hərbi təxribata hazırlıq, ya taktiki manevr?..

Ermənistan silahlı qüvvələri Azərbaycanla şərti sərhəddə daha bir hərbi hissə inşa edir. Bu barədə “Bez Tormozov” Teleqram kanalı məlumat yayıb. Hərbi hissənin Kəlbəcər istiqamətində şərti şərhəd yaxınlığında tikildiyi bildirilir. Ərazinin koordinatları da təqdim edilib: 39°49'20"N 45°40'09"E.

Ermənistan hökuməti, sözsüz ki, sərhədləri daxilində istənilən ərazidə hərbi hissə tikə bilər. Amma yazılmamış hərbi qanunlara görə, sərhədin o hissəsində qoşun cəmləşdirilir ki, həmin hissədə qarşı tərəfdən təhdid və ya təhlükə gözlənilir. Hazırda Ermənistanin inşa etdiyi hərbi hissə Kəlbəcər istiqamətində olsa da, Laçın rayonunda tikilən mülki aeroporta daha yaxındır. Üstəgəl, Azərbaycan həmin istiqamətdə heç bir qoşun toplamaya bənzər hərəkət və aktivlik nümayiş etdirmir. Ona görə də Ermənistanın bu addımı Azərbaycanı narahat etməyə bilməz.

Bir məsələni də vurğulayaq ki, 2020-ci ildən başlayaraq Ermənistan hər ilin sentyabr ayında sərhəddə müxtəlif taxribatlara əl atır. Yenə sentiyabr ayının ilk günləridir, artıq Ermənistan bir addım atıb - sərhəddə hərbi hissə tikir, bu o deməkdir ki, bədnam qonşularımız sərhədə qoşun toplayır.

Bir müddət əvvəl Ermənistan özü təklif vermişdi ki, ağır silahları və qoşunu ikitərəfli qaydada sərhəddən geri çəkək. Həmin vaxt Ermənistan rəhbərliyi sülh müqaviləsini bağlamağa meylli idi və sülh müqaviləsinin şərtlərini ictimailəşdirmirdi. Son bir neçə ay ərzində isə Qərb və ABŞ-dən göstərilən yardımlar hesabına Fransa və Hindistandan öldürücü silahların tədarükünə başlaması Paşinyanı deyəsən fikrindən döndərib. Əvvəl sülh müqaviləsini qarşıdakı iki il ərzində bağlamağın mümkün olacağını dilə gətirən baş nazir indi də 2027-ci ili gözləməli olacağını vurğulayır. Bununla bərabər, Ermənistan öldürücü silahların tədarükünü intensivləşdirir və şərti sərhədə qoşun yığır, hərəkət aktivliyi nümayiş etdirir. Sözsüz ki, Azərbaycan tərəfi də adekvat addımlar atmalıdır.

Lakin məsələnin digər tərəfi də var ki, müxalifətin Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyana ümidləri doğrulmadığından küçələrdən yığıldı. Bununla yanaşı, revanşist müxalifət bəyan etdi ki, payızda Paşinyanla qəti və həlledici meydan döyüşü olacaq. Ola bilsin ki, hökumət revanşist qüvvələrin alibisini əlindən almaq, onun hərəkatını zəiflətmək üçün manevr edir. Paşinyan müxalifətə deyəcək ki, siz hakimiyyətə gəlib yeni döyüşə hazırlaşmaq üçün silahlanmanı sürətləndirəcəkdiniz, sərhədə qoşun yığacaqdınız, yeni savaşa hazırlaşacaqdınız, bunu mən sizsiz də sizdən yaxşi edirəm. Bununla da Paşinyan müxalifət tərəfdalarının sıralarını seyrəldə və zəif müxalifəti asanlıqla yerində oturda bilər.

Sonda erməni müxalifətinin planları barədə onu da qeyd edək ki, müxalifət bu payız küçələrə axışaraq bir neçə müxalifətçini öldürüb məsuliyyəti polisin üstünə atmaqla Paşinyan hakimiyyətini devirmək fikrindədir. Çünki müxalifət çox gözəl bilir ki, Paşinyanı seçki yolu ilə devirmək mümkün deyil. Ona görə ki, xalq uğursuz və üzücü müharibələrdən bezib. Paşinyan isə onlara sülh, demokratiya, açıq sərhədlər, Qərbə inteqrasiya və qonşularla sıfır problemli diplomatiya vəd edir.

Akif Nəsirli