DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA

Səxavət Əlisoy
Kitabdan hissələr- 34-cü hissə
İqtidar-müxalifət münasibətləri
33 il əvvəl Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşdu. Və bu 33 il ərzində Azərbaycan dövləti çox məşəqqətli yollardan keçdi. 30 il Vətən torpaqları düşmən işğalında qaldı. 30 il Azərbaycan kişisi qürursuzluq yaşadı. 30 il dilimiz gödək oldu şərəfdən yoxsul bir toplumun qarşısında. 30 il Dövlət Kremlin erməni mafiyası ilə, xaricdəki erməni lobbisi ilə, “Daşnaksütün” partiyası ilə, millətçilik xəstəliyinə mübtəla olmuş bir xalqın himayədarları ilə savaşdı. Və düşmənlərə qaib gəldi. Zəfərə imza atdı bu xalq. Düşmənin Azərbaycan torpaqları hesabına 200 il əvvəl düşünülmüş “Böyük Ermənistan” yaratmaq planlarını müzəffər ordumuz 2020-ci ildə 44 günlük Vətən müharibəsində darmadağın edərək, Ermənistanı qeyd-şərtsiz təslim olma aktına imza atmağa vadar etdi. Bu Zəfər Azərbaycan dövlətinin tarixində əbədiyyən ən önəmli hadisə kimi xatırlanacaq. Əminəm ki, zəkasında problemi olmayan hər bir soydaşımız Zəfərin cümlə Azərbaycan xalqı üçün nə qədər önəmli olduğunun fərqindədir. Lakin cəmiyyətin bir kəsimi Azərbaycanda demokratiya yoxdur, deyərək Zəfərin əhəmiyyətini azaltmaq üçün iqtidarı həm daxildə, həm də, xaricdə “atəşə tutdu”. Özünü “barışmaz müxalifət” kimi tanıdan bu kəsim 30 ildən arıqdır ki, Azərbaycanda guya demokratiya uğrunda mücadilə edir. Ancaq qəbul etmək istəmədikləri bir məqam var. Qəbul etmək istəmirlər ki, demokratiyanın arxa plana keçməsi müharibə vəziyyətində olan hər bir dövlət üçün səciyyəvidir. Müharibə aparan dövlətlərin heç birində insanlar “yağ-bal içində” yaşamır və orada “demokratiya çiçəklənmir”.
Tarixin ironiyasına diqqət edin, Azərbaycan müstəqilliyini elan etdikdən sonra iki müharibə ilə qarşı-qarşıya qalmışdı. Birincisi, Ermənistanla olan müharibə, ikincisi isə Bakıda kreslo üstündə gedən amansız iqtidar-müxalifət müharibəsi idi. Birinci müharibə 2020-ci ildə 44 gün ərzində Azərbaycanın qələbəsi ilə bitdi. İkinci müharibə isə, 33 ildir davam edir və görünən odur ki, bir 33 il də davam etsə belə bitməyəcək.
İqtidar-müxalifət “müharibəsinin” tarixinə qısa da olsa nəzər yetirək. Azərbaycanda ilk siyasi müxalifətin formalaşması Əbdürrəhman Vəzirovun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi təyin olunduğu 1988-ci ilə təsadüf edir. Azərbaycan Xalq Cəbhəsi və Birinci katib Ə. Vəzirov arasında başlanan gərginliyi “iqtidar-müxalifət müharibəsinin” miladı kimi qəbul etmıək olar. Ə. Vəzirovu Azərbaycanın başına gətirən Kremlin iki məqsədi vardı. Birincisi, mənsub olduğu xalqın mental dəyərlərindən xəbərsiz Ə. Vəzirov beynəlmiləlçiliyini isbat edərək erməniləri qorumalı, ikinci məqsəd isə Heydər Əliyevin əleyhinə kampaniya başlatmalı idi. O, Kreml tərəfindən qarşısına qoyulan vəzifələri sadiq leninçi-kommunist olaraq can-başla yerinə yetirirdi. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının AXC rəhbərliyi altında uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Mitinqçilərin əsas tələbi Qarabağda ermənilərin separatçı fəaliyyətinə qarşı Azərbaycan rəhbərliyinin tədbir görməsi olsa da, bu aksiyaların təşkilatçılarının yeganə məqsədi Ə.Vəzirovun istefasına nail olmaq idi. Ə.Vəzirov özü də bir neçə dəfə bu mitinqlərə gedərək mitinqçilərlə canlı ünsiyyət qurmuş, onların tələblərini dinləmişdi. Buna baxmayaraq, nümayişlərin davam etməsi Kremli narahat edirdi. Kremlin tapşırığı ilə Azərbaycan SSR Ali Soveti noyabrın 23-də Bakı, Gəncə və Naxçıvan kimi şəhərlərdə komendant saatının tətbiqinə qərar verdi. Buna baxmayaraq, Lenin meydanında nümayişlər daha bir həftə davam etdi və bu müddət ərzində etirazçılarla polis arasında silahlı toqquşmalar baş verdi. Sonda dekabrın 5-də təhlükəsizlik qüvvələri meydanda qalanları həbs etdi və meydanda etiraz aksiyalarının keçirilməsi yasaqlandı. Etiraz aksiyaları dağıdıldıqdan sonra Ə. Vəzirov Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində, Dövlət Təhlükəsizlik Komitəsində (DTK) və güc strukturlarında kütləvi təmizlik işlərinə başladı. 22 rayonun partiya komitələrinin birinci katibləri dəyişdirildi. Əsasən DTK olmaqla bir çox güc strukturlarında 612 nəfər müxtəlif rütbəli şəxslər vəzifələrindən çıxarıldı. Bütün bu tədbirlər yenə də respublikada vəziyyəti nəzarət altına almağa kömək etmədi. 1988-ci ildən etibarən Azərbaycandakı etiraz aksiyalarına Azərbaycan Xalq Cəbhəsi adlı təşkilat başçılıq edirdi. Ə. Vəzirov əvvəlcə AXC ilə danışıqlar aparsa da, 1989-cu ilin ortalarına qədər AXC-ni təşkilat kimi qeydiyyata almaqdan imtina edirdi. Ə. Vəzirovun fikrincə AXC konstruktiv təşkilat deyildi, "mağara millətçiliyini" yayırdı və ölkə üçün təhlükə mənbəyi idi. AXC-nin təzyiqlərinə tab gətirməyən 1989-cu ilin ortalarında Ə. Vəzirov AXC-ni qeydiyyata almaq məcburiyyətində qaldı. Qeydiyyata alındıqdan sonra AXC-nin populyarlığı durmadan artdı. Azərbaycan artıq idarəolunmaz hala düşmüşdü. 1989-cu il sentyabrın sonlarında Bakı və Gəncə şəhərlərində AXC xalqın dəstəyi ilə kütləvi mitinq və nümayişlər düzənlədi. Nəticədə Ə.Vəzirov vəziyyətə nəzarət edə bilmədiyindən Moskvadan kömək istədi...
Ə. Vəzirovun xarakterindəki anormallıqlar Xalq Cəbhəsinin nüfuzunun artmasına xidmət edirdi. Və onun AXC ilə apardığı müharibəni uduzacağını hər kəs görürdü. Doğrudur, o “müharibədə” Azərbaycan Xalq Cəbhəsinin q Ə. Vəzirovun istefasını tələb edirdi, lakin onun kreslosuna sahib olmaq vəzifə olaraq qarşıya qoyulmamışdı. Xalq Cəbhəsi üçün prioritet Azərbaycanın müstəqilliyi idi ki, bu proses Kreml tərəfindən Ə. Vəzirovun kreslosuna oturdulan Ayaz Mütəllibovun dönəmində gerçəkləşdi. Azərbaycanın müstəqilliyini elan etməsindən sonra iqtidar-müxalifət müharibəsi günbəgün qızışmağa başladı. 1991-ci ildə AXC-nin Ayaz Mütəllibovla münasibəti həddən ziyadə gərgin idi və onların bir masa arxasında oturub Dövlətin taleyini müzakirə etməsi əsla real görünmürdü. AXC “nəyin bahasına olursa-olsun” iqtidar olmaq istəyirdi, A. Mütəllibov isə “nəyin bahasına olursa-olsun” kreslosunu qorumaq hayındaydı. Bir dəfə yazdım, bir də yazıram, “içimizdə yuva salmış lənətə gəlmiş kreslo sevdası” qardaşın-qardaşla bir masa arxasında oturub müzakrə aparmasına, ortaq məxrəcə gəlməsinə imkan vermirdi. Ayaz Mütəllibov da Əbdürrəhman Vəzirov kimi Azərbaycan Xalq Cəbhəsi ilə “müharibədə” məğlub oldu. Onların hər ikisi Azərbaycanda iqtidarla müxalifət arasındakı münasibətlərinin düşmənçilik müstəvisinə keçməsində əlahiddə rol oynadı. Ə. Vəzirovu A. Mütəllibovla eyni səfdə tutan başqa bir nəsnə də vardı. Belə ki, onlar hakimiyyətləri dönəmində təkcə dövrün müxalif qurumu olan Azərbaycan Xalq Cəbhəsi ilə vuruşmurdu. Onlar eyni zamanda Kremlin erməni mafiyası tərəfindən vəzifəsindən kənarlaşdırılmış Heydər Əliyevə qarşı da savaşırdı. Prosesin ilginc tərəfi o idi ki, savaş heç bir siyasi təşkilatın rəhbəri olmayan H. Əliyevə qarşı açılmışdı. Bu artıq şəxsi müstəvidə düşmənçiliyin təməlinin qoyulması anlamına gəlirdi...
Ə. Elçibəy iqtidarı da eynən A. Mütəllibov iqtidarında olduğu kimi müxalifətlə bir masa arxasında oturub müzakirələr aparmağı özünə rəva bilmədi. Azərbaycan Xalq Cəbhəsi iqtidara gəldikdən sonra bir vaxtlar eyni sırada dayandıqları müxalif partiyaları oyundan kənarda saxlamaqla onların hakimiyyətlərinə qarşı potensial müxalifətə çevrilməsinə səbəb oldu. Bu azmış kimi AXC iqtidarı Heydər Əliyevə qarşı Ə. Vəzirovun başlatdığı və A. Mütəllibovun inkişaf etdirdiyi “düşmən münasibəti” daha da gərginləşdirmək yolunu tutdu. Məhz bu səhv nəinki, Ə. Elçibəy iqtidarının sonunu gətirən faktorlardan birinə çevrildi, eyni zamanda Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin gələcəkdə daha da bərbad hala düşməsi üçün zəmin yaratdı.
Heydər Əliyev dönəmində iqtidar-müxalifət münasibətlərinin necəliyi barədə yazmaqdan öncə bir daha vurğulamaq istəyirəm ki, AXC iqtidarının sonuna az qalmış Azərbaycan tarixinin ən ağır günlərini yaşayırdı. Obyektivlik naminə vicdanınıza isnad edərək düşünün, o günlər Heydər Əliyev deyil, başqa birisi Bakıya dəvət olunsaydı, bu günkü Azərbaycan ən azı unitar yox, federal bir dövlət olacaqdı.
H. Əliyevin prezidentliyində müxalifətə keçən Azərbaycan Xalq Cəbhəsinin Ə. Vəzirov və A. Mütəllibov iqtidarına tətbiq etdiyi “təzyiq silahı” bir işə yaramırdı. Və bunun bir neçə səbəbi vardı. Birincisi, Azərbaycan Xalq Cəbhəsi Ə. Vəzirov və A. Mütəllibova qarşı çıxarkən, Azərbaycanın müstəqilliyini, Kremlin müstəmləkəçiliyindən xilas olmasını önə çəkirdi və xalq da onları dəstəkləyirdi. H. Əliyev dönəmində bu şüarlar keçərli deyildi. Nədən ki, Azərbaycan müstəqil bir dövlət idi və bəyan olunan siyasi kurs Kremlin buxovundan tam azad olmağa hesablanmışdı. Digər tərəfdən H. Əliyev dövləti anarxist, separatçı qüvvələrdən və federallaşmadan xilas etdiyi üçün nisbi də olsa ölkədə asayişi bərpa edilmişdi. Məhz bunlara görə xalqın müxalifətin yanında dayanması inandırıcı deyildi. İkincisi, H. Əliyev Ə. Vəzirov və A. Mütəllibovdan fərqli olaraq usta siyasətçi idi. O, SSRİ kimi bir dövlətin rəhbərliyində təmsil olunan ilk azərbaycanlı idi və hakimiyyəti qorumaq yollarını çox gözəl bilirdi. Üçüncüsü, H. Əliyevin başlatdığı siyasi kurs iqtisadiyyatın qalxınmasına hesablanmış, Azərbaycanın müstəqillikdən və demokratik prinsiplərdən vaz keçilməyəcəyi bəyan edilmişdi. O günlər ağır maddi durumda olan toplum üçün iqtisadiyyatın dirçəlməsi demokratiyadan daha öməmli idi.
Nəhayət, H. Əliyev dövlətin təşəkkül mərhələsində demokratiyanın fəsadlarını da yaxşı bilirdi və məhz buna görə də müxalifətin demokratiya istəyini yüzdəyüz gerçəkləşdirmək fikrində deyildi. O müxalifətin ki, davamlı israrlarına rəğmən Naxçıvandan Bakıya gəlib siyasi-iqtisadi böhranda boğulan Azərbaycanı ağır durumdan xilas etmişdi. H. Əliyev hələ Naxçıvanda olarkən müxalifət liderlərinin “hansı hava ilə nəfəs aldığını” bilir, onların kimlikləri barədə müfəssəl bilgilərə malik idi. Azərbaycanın dünyaya qapı açması üçün iqtisadi inkişafı önə çəkməsi ilə H. Əliyev müxalif qüvvələrin basqısına tuş gəlsə də geri çəkilmədi. O, televiziya kanallarını və böyük meydanları müxalifətin üzünə bağladı. İqtidarda olduqları bir ildə Azərbaycanı ağır duruma məruz qoyanlara H. Əliyevin güzəştə gedəcəyi absurd idi. Müxalif düşərgədə də revanşizm meylləri artırdı. Belə bir vəziyyətdə vətəndaş həmrəyliyinə çox ciddi zərbə dəyirdi. Müharibə vəziyyətində olan dövlət üçün isə vətəndaş həmrəyliyinin təmin olunması fövqəladə əhəmiyyət kəsb edirdi. Fəqət biri-birimizə qənim kəsilməkdən məmnun idik. Dünən də, bu gün də, sabah da belə olacağıq. Etiraf etmək lazımdır ki, gələcək nəsillər ibrət götürsün: Bu, sırf mental patologiyadır.
HAŞİYƏ- 1998-ci ildə Azərbaycanda vətəndaş həmrəyliyinin təməlinin qoyulması üçün fürsət yarandı. Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 Oktyabrında Bakıya dönən Əbülfəz Elçibəy, yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy, həmin ilin Noyabrında Bütöv Azərbaycan Birliyini də yaratdı və ona başçılığı da öz üzərinə götürdü.
Bakıya qayıtdıqdan sonra bəlli oldu ki, Əbülfəz Elçibəy prezidentliyə namizəd olmaq istəyir. Prezident seçiləcəyi təqdirdə iki il işləyəcəyəni bəyan edir. Sonra tam demokratik ortamda prezident seçkiləri təyin edəcəyini və bu seçkilərdə namizəd olmayacağını bildirir.
Demokratik Konqres və SİDSUH (Seçki İslahatları və Demokratik Seçki Uğrunda Hərəkat) sədri kimi Əbülfəz Elçibəyin vahid namizəd olma istəyini siyasi partiyaların sıravi üzvləri coşqu ilə qarşıladı. Ancaq müxalifətin bəzi liderləri Əbülfəz Elçibəyin prezidentlik iddiasına düşməsindən narahat idi. Onlar Ə.Elçibəyin üzünə deməsələr də, arxada onun prezidentliyə namizəd olmaması üçün oyunlar qurur, bəzi partiya funksionerləri aldıqları təlimata uyğun mətbuatda eks-prezidentin əleyhinə çıxışlar edirdi.
Yumşaq dillə desək, keçmiş komanda üzvləri Ə. Elçibəyə nankorluq, sərt şəkildə ifadə etsək, xəyanət etdilər. Ə. Elçibəyin bir vaxt yüksək dövlət vəzifələrini etibar etdikləri özlərini artıq dahi siyasətçilər sayırdı və onların təkəbbürü, yekəxanalığı rasional qərar vermələrinə mane oldu. (Məhz onların təlimatı ilə Əbülfəz bəy barəsində mətbuata ikrah doğuran açıqlama verənlərin bəziləri illər sonra səhvə yol verdiklərini etiraf etdilər.)
1998-ci il seçkisində özünü lider sayanların siyasi uzaqgörən olmadığı açıq-aşkar göründü. Bu seçkilərdə AMİP sədri də namizəd idi. Adam 1993-cü ildə Ə. Elçibəyin hakimiyyətdən getməsi üçün bütün potensialını ortaya qoysa da, zəhməti hədər getmişdi. O, istədiyi vəzifəni ala bilmədiyi üçün bu seçkidə boy göstərib iqtidardan bir vəzifə qoparmaq iddiasında idi. AMİP sədri seçkidə uduzacağını gözəl bilirdi. Bu halda nədən oyuna girdiyi isə siyasətdən az-çox baş çıxaranlara bəlli idi. O, 1998-ci il seçkilərində Heydər Əliyev üçün ciddi rəqib deyildi. Ciddi rəqib Əbülfəz Elçibəy ola bilərdi. Ki, buna da o “dahi siyasətçilər” imkan vermədi.
Bu rəqabətdə Əbülfəz Elçibəydən özünü daha reytinqli, daha populyar bilənlər, qələbə əldə edəcəyinə şübhə ilə yanaşanlar onu anlamadı ki, Ə. Elçibəy məğlub olacağı təqdirdə belə Azərbaycanın siyasi həyatında büsbütün yeni bir mənzərə yaranacaqdı. Nə üçün? Əbülfəz Elçibəyin namizədliyi qəbul olunsaydı, o, AMİP sədrindən ən azı 3 dəfə artıq səs toplayacaqdı və bu səslər həm müxalifətin real gücünün daha da artması üçün yetərli olacaqdı, həm də, qarşıdan gələn parlament seçkilərində müxalif qüvvələrin əhəmiyyətli sayda parlamentdə təmsil olunacağına zəmin yaradacaqdı. Başqa sözlə, iqtidar-müxalifət münasibətlərinin pozitiv yöndə nizamlanması üçün zəmin yaranacaqdı.
Bir daha vurğulayıram, 1998-ci il seçkisində Heydər Əliyev kimi usta bir siyasətçinin qarşısında duruş gətirə biləcək namizəd yalnız və yalnız Əbülfəz Elçibəy ola bilərdi. 1998-ci il həm də müxalifətin ilk seçki imtahanı idi. Üstəgəl ATƏT seçki proseslərinə birtərəfli müdaxilə etmirdi, iqtidar-müxalifət münasibətlərinin yoluna qoyulması üçün hər iki tərəflə mütəmadi görüşlər keçirirdi. 1998-ci ildə müxalifətin atacağı düzgün addım 2000-ci il parlament seçkiərində özünü göstərəcəkdi.
Çox təəssüf ki, müxalifət 1998-ci il imtahanında “iki” qiymət aldı. “Böyük” siyasətçilər böyük əhəmiyyəti olacaq bir fürsəti əldən qaçırdı...
Təkcə Azərbaycanda deyil bütün dünya dövlətlərində iqtidar-müxalifət münasibətlərində zaman-zaman gərginliklər pik həddinə çatır. Hətta demokratiyanın beşiyi sayılan dövlətlərdə də seçkilər dövründə iqtidarla müxalifət arasında xoşagəlməz anlar yaşanır. Ancaq bu gərginlik heç vaxt düşmənçiliyə çevrilmir. Bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da təəssüf ki, iqtidar-müxalifət münasibətlərini sivil yolla nizama salmaq mümkün olmur. HAŞİYƏ- İllər öncə bir qrup Azərbaycan media mənsubu ilə Misir Xarici işlər nazirliyinin dəvəti ilə bu ölkəyə 14 günlük səfərdə oldum. Misir CNN, BBC, NTV... tipli bir informasiya sistemi yaratmaq fikrinə düşümüşdü və bu layihəni gerçəkləşdirmək üçün postsovet məkanında media quruluşlarında çalışanları Qahirəyə dəvət edib onlara Qahirə Universitetində təlimlər keçir, fikir mübadiləsi aparırdı. İslam coğrafiyasında oiperativ və obyektiv informasiya agentliyinin yaradılması az-çox siyasətlə məşğul olanlara da bəllidir ki, baş tutan bir iş deyil. Bu öz yerində. Maraqlı bir detala diqqətinizi yönəltmək fikrindəyəm. Səfərdə olanda bəlli oldu ki, Misir ərəbcəsində “müxalifət” kəlməsi sırf “düşmən” anlamında qəbul olunur. Azərbaycanın Misirdəki səfirliyindəi görüş zamanı dönəmin səfirindən öyrəndik bunu. Səfir dedi ki, etimadnaməsini Misir prezidentinə təqdim etdikdən sonra gerçəkləşən söhbət zamanı prezidentə Azərbaycanın siyasi həyatı barədə qısa məlumat verdim və deyəndə ki, Azərbaycanda dövlət tərəfindən qeydiyyata alınmış bir neçə müxalifət partiyası fəaliyyət göstərir, Prezident Hüsnü Mübarək çox təəccüblənib. Və soruşub ki, dövlət düşmənlərin partiyasını nədən qeydiyyatdan keçirib...
Hər zaman olduğu kimi bu gün də Azərbaycan müxalifətində bir kəsim var və onlar öz dövlətinə düşmən münasibət sərgiləməkdədir. Eyni zamanda iqtidarda da bir kəsim məmur var ki, onlar da müxalifətin düşmən obrazını yaratmaq üçün tər tökürlər. Məhz buna görə də 33 il davam edən iqtidar-müxalifət savaşı bitmək bilmir. Ömrümün 30 ilə yaxınını siyasətdə olmuş biri kimi deyirəm, Azərbaycan müxalifəti heç bir vaxt demokratik dəyərlərin bərqərar olması üçün mücadilə etməyib. Azərbaycanda 100 nəfər də, 1000 nəfər də, lap belə 10 min nəfər də üzvü olan siyasi partiya əsla bələdiyyə və parlament seçkisini özünə “yaraşdırmır”. Cümlə müxalifət yalnız prezident seçkiləri barədə düşünür. Doğulduğu kəndin camaatını demirəm, ailə üzvləri arasında belə beş qəpiklik nüfuzu olmayan, yaxud, özünü qiyafətlə təmin etmək iqtidarından məhrum birisi utanıb-qızarmadan prezidentliyə namizədliyini verir.
Siyasi mübarizənin yazılmamış bir qanunu var. Gücü olan iqtidar olur. Gücü az olan təşkilatlanır və qüvvələri səfərbər edib növbəti seçkiyə hazırlaşır. Ümumiyyətlə, gücü olmayanlar isə qışqırmaq-bağırmaq istəyir və söyüş söyür. Təbii ki, Heydər Əliyev kimi bir siyasət ustası bu qanundan xəbərsiz ola bilməzdi. Xalqının mental xüsusiyyətlərini də heç bir siyasətçinin H. Əliyevdən yaxşı bilməsi mümkün deyildi. Dövlətin ağır durumunda israrla Naxçıvandan Bakıya dəvət edilmiş və Azərbaycanı ağır problemlərdən xilas etmiş H. Əliyevi seçkidə yenmək çox zor bir iş idi və təəssüf ki, “müdrik” müxalifətçilər bu gerçəkliyi anlamaq iqtidarında deyildi. Müxalifətin 1998-ci ildə planladığı strategiya da, taktiki gedişləri də kökündən yanlış idi və bu yanlış strategiya iqtidar-müxalifət gərginliyinin daha da dərinləşməsi ilə sonuclandı. Azərbaycan müxalifətinin ən böyük problemi “BİRLİK”adlanan məfhuma allergiyasının olmasıdır. Bu allergiya müxalifətin iflasında əlahiddə rol oynadı. Burnunun ucundan uzağı görə bilməyən “siyasi liderlərin” mübtəla olduqları təkəbbür və yekəxanalıq isə ümumiyyətlə, siyasi qurum kimi müxalifətə ölümcül zərbələr vurdu. Və bəlli oldu ki, Azərbaycanda güclü müxalifət yaratmaq heç vaxt mümkün olmayacaq. Siyasətdə belə bir deyim var: “Güclü dövlətin güclü müxalifəti olmalıdır”. O “güclü müxalifəti” kim yaratmalıdır? Dövlətmi? Tarixə nəzər yetirin, hansı dövlət “işini-gücünü buraxıb” müxalifətə qayğı göstərir, onun birləşməsi, gücə sahib olması üçün çaba göstərir? Tarixdə elə bir dövlət olubmu ki, müxalifəti iqtidarını təslim etmək üçün ərsəyə gətirib?
2003-cü il prezident seçkilərindən sonra müxalifətin “ərimə” prosesi start götürdü. Etiraf etmək lazımdır, 2000-ci ildə keçirilən parlament seçkilərində ATƏT və H. Əliyev arasında aparılan danışıqlardan sonra müxalifətin də parlamentdə təmsil olunması barədə razılıq əldə olundu. Müxalif partiyalardan biri təklif olunan 5 mandatdan “azdır” deyib imtina etdi. Digər müxalifət partiyası isə o mandatları qəbul edərək parlamentdə təmsil olundu. Bu bazarlığı müxalifətdaxili intriqaların daha da böyüməsinə xidmət etdi. Daxili çəkişmələr özünü 2003-cü ildəki prezident seçkilərində daha bariz şəkildə göstərdi. Ortada parçalanmış bir müxalif vardı və bu müxalifətin iqtidar üzərində qələbəsi tam bir nonsens idi. 2003-cü il prezident seçkilərindən sonra müxalif liderlərin də, sıravi müxalifətçilərin də, bir qismi öz nəfslərinə müxalif ola bilmədi. Vəzifə və deputat mandatı uğrunda mücadilə başladı. Bakıda “pula getməyənlər”, yaxud “verilənə qane olmayanlar” özlərinə xaricdə qəyyum, patron axtarmağa başladı.
2003-cü il prezident seçkiləri müxalifətin iç üzünə və gerçək simasına ayna tutdu. Xatırlayıram, prezident seçkisi ərəfəsində ABŞ Milli Demokratiya İnstitutunun Bakıdakı məsul şəxsi olan bir xanım mətbuata təxminən bu məzmunda bir açıqlama verdi: "Mən 2002-ci ilin noyabrından bu vaxta qədər Azərbaycanın müxtəlif partiyaları ilə tanış olmaq imkanı qazandım. Müşahidələrimə əsasən deyə bilərəm ki, müxalifət hazırkı hakimiyyətə qarşı həddindən artıq radikaldır. Bu radikallıq müxalifətə hakimiyyət orqanlarının işinə real tənqidi nöqteyi-nəzərdən yanaşmağa imkan vermir. Müxalifət cəmiyyəti düzgün qiymətləndirməyi bacarmır... Onlara təklif etdik ki, bir vərəqdə hökumətin 10 mənfi xüsusiyyətini yazsın. Onlar həmin xüsusiyyətləri o qədər qarışıq və qeyri-konstruktiv ifadə etdilər ki, düzü, bu nəticə bizi narahat etməyə başladı. Bundan sonra belə qənaətə gəldik ki, müxalifətin hətta rəhbərliyində olan şəxslər belə hökumətin çatışmayan cəhətləri barədə aydın təsəvvürə malik deyillər. Onlar ayrı-ayrı müxalifət liderlərinin müxtəlif vaxtlarda mətbuatda və kuluar söhbətlərdə söylədikləri hakimiyyətin tənqidinə yönəlmiş fikirləri sistemsiz şəkildə ifadə etdilər..."
Elə o vaxtlar Almaniyanın "Neye Zuricher Zeitunq" qəzetində Azərbaycan müxalifəti barədə bunlar yazılmışdı: "Azərbaycan müxalifəti iqtisadiyyatın və əhalinin sosial problemlərindən tamamilə uzaqdır. Müxalif liderlərin sevimli işi hakimiyyətin siyasi yollarla dəyişdirilməsi yollarını müzakirə etməkdir. Bu müxalifətlə işləyən alman fondlarının təmsilçiləri bu qənaətdədirlər ki, onlar yalnız hakimiyyətdəki postları tutmaq üçün mübarizə aparırlar. Onlar proqramlarda hakimiyyətə gəldikdən sonra görəcəkləri işlər barədə heç nə yazmırlar. Azərbaycan bir dövlət olaraq inkişaf edir. Onun mövcud hakimiyyəti müxtəlif sahələrdə islahatlar həyata keçirir. Müxalifət isə durduğu yerdən tərpənmir və tərpənmək də istəmir".
Bu gün belə cəmiyyətin əksər hissəsinin xəbəırsiz olduğu bir faktı da açıqlamaq fikrindəyəm. Siyasətçilərə bəllidir ki, ABŞ-la əməkdaşlıq edən dövlətlərdə keçirilən prezident seçkiləri ərəfəsində müxalif namizəd Vaşinqtona dəvət olunur. 2003-cü ildə Müsavat Partiyasının prezidentliyə namizədi olan İsa Qəmbər də seçkidən 3 ay əvvəl Vaşinqtona dəvət edildi. Və onunla ABŞ Dövlət Departamentində elə də yüksək vəzifə tutmayan bir məmurun görüşü oldu. Məhz o görüşdə müxalifətin namizədinə çatdırıldı ki, ABŞ Azərbaycanda hakimiyyət dəyişikliyinə maraqlı deyil. Başqa sözlə ABŞ müxalifətin tərəfini tutmayacağını namizədin gözünün içinə ifadə etdi. O fikirdəyəm ki, müxalifətin namizədi uzaqgörənlik nümayiş etdirsəydi, seçkilərdən sonra iqtidarla olan münasibət düşmənçilik müstəvisinə keçməzdi...
Vurğuladıq ki, güclü dövlətin müxalifəti də güclü olmalıdır. Və “güclü müxalifəti” dövlət formalaşdırmır. Müxalif güclər bir masa arxasında oturub müzakirələr aparıb və ortaq məxrəcə gəlməklə gücə çevrilir. Parçalanmış, pərakəndə müxalifətlə heç bir iqtidar hesablaşmır.
Müxalifətin bu duruma düşməsində iqtidarının nə günahı var? Məramı eyni olan müxalif partiyaların birlikdən uzaq durmasını məgər iqtidar planladı?
İlham Əliyevin prezidentliyi dövründə müxaliq qüvvələrin acınacaqlı vəziyyətə düşməsinin səbəblərini o siyasi qurumlara rəhbərlik edənlərdə axtarmaq gərəkdir. Biri digərini həzm etməyən, özündənrazı, yekəxana partiya sədrləri müxalifəti, müxalifətçiləri toplumun gözündən saldı. O yekəxana “liderlər” anlaya bilmədi ki, müxalifətin gücsüzlüyü cəmiyyətdə sosial-ədalət prinsiplərinin pozulmasına gətirib çıxarır. Tarix kitablarına nəzər salın, hansı dövlətdə müxalifət zəifdirsə, orada avtomatik olaraq rejim avtoritarlaşır, “qorxu imperatorluğu” formalaşır. Hansı dövlətdə müxalifət zəifdirsə, orada sosial ədalətsizlik hökm sürür, rüşvət və korrupsiya tüğyan edir.
Yalnız güclü müxalifətin varlığı bu anormallıqların qarşısını almaq iqtidarındadır. Güclü müxalifət sosial ədalətin, hər kəsin qanun qarşısında bərabərliyinin təmini deməkdir. Güclü müxalifət rüşvətin və korrupsiyanın qarşısında sipər kimi dayanır ki, nəticədə qazanan həm dövlət, həm də, cəmiyyət olur. Azərbaycanda özünü müxalif partiya lideri hesab edənlər üçün şəxsi mənafe dövlət mənafeyindən hər zaman öndə dayandığı üçün güclü müxalifətin yaranması mümkün olmadı. Bunu da etiraf etmək gərəkdir.
2010-cu ilin parlament seçkilərindən sonra Azərbaycan müxalifəti tam olaraq tükənmiş duruma düşdü. Bir sıra müxalif partiya rəhbərləri, funksionerləri və qəzet patronları rejimə qarşı mübarizənin səmərəsiz olduğunu görüb iqtidarla bazarlığa getdi. Bir kəsim radikal düşüncəli müxalifətçilər müxtəlif üsullarla Qərbdən sığınacaq almaq üçün hərəkətə keçdi. Radikal düşüncəli müxalifətçilərin sayı Qərb ölkələrində artdıqca iqtidar-müxalifət münasibətlərində yeni bir mərhələ başlandı. Sosial şəbəkələrdə dövlətə və dövlət başçısına qarşı anormal kampaniyalara start verildi. Tənqid unuduldu və təhqir önə çıxdı. Təəssüf ki, bu kampaniyanın ilk növbədə Qərbin imperialist güclərinə sərf etdiyini özünü müxalifətçi sayıb sığındığı ölkədən Azərbaycanı hədəfə götürənlər anlamaq iqtidarında deyil.
HAŞİYƏ- Təkcə müxalif düşüncə sahibləri, müxalif qurumlarda təmsil olunanlar deyil, hər bir Azərbaycan vətəndaşının öz tənqidi fikirlərini mətbuatda və ya sosial şəbəkələrdə açıqlaması nə suçdur, nə də cinayətdir. 25 ildən çoxdur ki, Azərbaycanın müxalif mediası daxil müxtəlif qəzetlərdə və sosial şəbəkələrdə hakimiyyətİ sərt şəkildə tənqid edən yazılarla çıxış etmişəm. Və heç bir dövlət qurumundan kimsə bu yazılara görə şəxsimə bir dəfə də olsun iradını bildirmədi. Eynui zamanda bir yazımda belə kimsənin şəxsiyyətini aşağılayan ifadələr, təhqir işlətmədim. “Tənqid etmək olar, təhqir olmaz” prinsipinə hər zaman sadiq qaldım. İnsan şəxsiyyətinin aşağılanması hansı cəmiyyət olursa-olsun orada ikrahla qarşılanır. Dövlətin yürütdüyü siyasəti tənqid etmək olar, ancaq dövlət başçısını təhqirə məruz qoymaq əxlaqsızlığın özüdür ki, var. İnfantil düşüncə sahibləri dövlət başçısı və onun ailə üzvləri barəsində yazılan qeyri-etik ifadələri müəllifinin cəsarətinə bağlaya bilər. Lakin Mərkəzi Sinir Sistemində problemi olmayanlar üçün təhqir mənəviyyatsızlıqdan savayı bir şey deyildir...
Dövlət başçısını təhqir etmək eyni zamanda xalqı aşağılamaq deməkdir. Özünə, ailə üzvlərinə zərrə qədər sayğısı olan şəxs sosial şəbəkələrdə təhqiri ifadələr işlətməz. Beynəlxalq siyasi qurumları və institutları himayə edən və onları nəzarətdə saxlayan Qərb üçün Azərbaycanı tərk etmiş radikal müxalifətçilərin dövlət başçısına qarşı çıxması qlobal məsələlərdə Azərbaycan dövlətinə təzyiq etmək üçün ən effektli silaha çevrilir. Söyüş-təhqir müxalifətçiliyi artıq iqtidarla müxalifət arasındakı bütün körpülərin yandırılması anlamına gəlir. Və bu prosesdən ən çox zərər görən kəsim o müxalifətçilərin təmsil olunduqları qurumların rəhbərləri deyil, ləyaqət sahibi olan sıravi müxaliflər olur. Qərbdə məskunlaşmış və yaşadıqları dövlətlərin himayəsi altında olan müxalifətçilərin təhqirlə nə əldə etdikləri, nə qazandıqları və bu hərəkətləri ilə mənsub olduqları siyasi quruma hansı dividentlər gətirdiyi barədə düşünməkdə olun, sizə bəzi Qərb dövlətlərinin miqrantlarla siyasətinin bir neçə detalını anladım. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Qərb dövlətləri, konkret olaraq, Fransa, Almaniya və Hollandiyanın XX əsrdə müstəqilliyini qazanmış dövlətlərin vətəndaşlarına siyasi sığınacaq verməsi heç də onların “demokratikliyindən və humanistliyindən” irəli gəlmir. Almaniya və Hollandiyanı bir kənara qoyun, Fransanın nə qədər “demokratik və humanist” bir dövlət olmasını bilmək üçün büsbütün dünya tarixini oxumağa gərək yoxdur. XX əsrdə Fransanın Afrika qitəsində törətdiyi qətliamlar onun demokratlığına və humanizminə tam ayna tutur. Anlayanlar üçün Fransa demokratiyadan danışmaq haqqına sahib ən axırıncı dövlətdir. İki milyona yaxın Əlcəzairlinin qətliamını gerçəkləşdirən Fransa özünü Avropanın patronu rolunda gördüyündən suverenlik əldə etmiş dövlətlərə yuxarıdan aşağıya baxır. Ən ilginci odur ki, özünün demokratiya baxımından neçə-neçə problemi olan Fransa müstəqillik əldə etmiş dövlətləri demokratiya silahı ilə təzyiq etmək yolunu tutub. Onun əsas məqsədi o dövlətləri təsir dairəsinə salmaqdır. Buna nail olmaq üçün siyasi motivlərlə siyasi sığınacaq verdiyi insanların öz dövlətinə qarşı fəaliyyətini stimullaşdırır. Avropa Evinin əsas qurucusu olan Fransanın bu fəaliyyəti təbii ki, Almaniya, Hollandiya və digər dövlətlər tərəfindən dəstəklənir. Bu gün Azərbaycanı tərk edib Avropaya gedən müxalifətçilər də daxil bütün soydaşlarımızın əksəriyyəti əsasən Almaniyada və Fransada sığınacaq alır. Və o sığınacaq alanların 99 faizi yox 100 faizi məskunlaşdığı dövlətdə obrazlı ifadə etsək ikinci dərəcəli insan statusundadır. Onlar yaxşı bilir ki, hər an yaşadıqları ölkədən deportasiya oluna bilər və məhz buna görə də qorxu altında yaşamaqdadırlar. O insanların aldıqları müavinətə rəğmən yemək, yatmaq problemi yoxdur. Lakin başlarına hakim olmuş qorxu təklif olunan şərtləri avtomatik olaraq qəbul etməyə vadar edir.
Əvvəla qeyd etmək lazımdır ki, sığınacaq alan soydaşlarımızın çox az bir qismi-təxminən 5-10 faizi siyasi motivlərə görə Azərbaycanı tərk edib. Siyasi partiyalardan rüşvətlə saxta üzvlük bileti alıb sığınacaq alanların sayı isə gerçək müxalifətçilərdən qat-qat artıqdır. Kim deyirsə ki, sığınacaq almış soydaşlarımızın hamısı Avropa dövlətlərinin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, çox böyük səhvə yol verir. Amma əməkdaşlıq edənlər var və burada qeyri-adi bir şey yoxdur. Avropa sığınacaq verilmiş insanlar üçün sanatoriya, bəslənmə məntəqəsi deyil ki, gələnlər yeyib-içib yatsın.
HAŞİYƏ- Azərbaycanlıların kompakt yaşadığı Avropa məkanlarından biri Almaniyanın Köln şəhəridir. 5 mindən artıq azərbaycanlının o şəhərdə yaşadığını iddia edənlər var. Kimsə düşünür ki, bu 5000 nəfər dövlətin xüsusi xidmət orqaqnlarının nəzarətindən kənarda qalıb, əlbəttə ki, dərindən yanılır. Təsəvvür edin ki, ölkələrin birindən-deyək ki, Ermənistandan 1000 nəfər Bakıya sığınacaq almaq üçün yox, lap belə işləməyə gəlib. Ağlınızca Azərbaycanın xüsusi xidmət orqanların gözü o 1000 nəfərin üzərində olmayacaq? O 1000 nəfərin içərisində mütləq və mütləq: dövlətinə nifrət edən, separatçı, nəfsinə hakim olmayan, narkotik istifadəçisi, sosial şəbəkə fəalı və sairlər müəyyən olunacaq və dövlətin ayrı-ayrı aidiyyatlı qurumları da onlarla “işləməyə başlayacaq”. Gələnlərin içindən 3-5 nəfər xüsusi xidmət orqanlarına müraciət etsə ki, mənə filan-filan şeylərli ver, Youtube-də bir kanal açım və Ermənistanın əlehinə fəaliyyətə başlayım, onun istəyi yerinə yetirilməyəcək? Əlbəttə ki, xüsusi xidmət orqanları öz vətəninə xəyanət etmək istəyənlərin istəklərinin bir qismini yerinə yetirəcək. Onlar da Blogger, insan haqları müdafiəçiləri obrazında başlayacaqlar Ermənistanın kürəyini xəncərləməyə...
Fransada, Almaniyada, Hollandiyada, lap belə Mozambikdə də vətənini, dövlətini satmaq istəyən sığınmaçıya “xüsusi qayğı” göstərirlər...
Bu kitabı yazmağı düşünərkən mənim üçün ən ağır bölümün müxalifətlə bağlı hissənin olacağının fərqindəydim. Nədən ki, ömrümün təxminən 30 ilə yaxınını Azərbaycanda demokratiyanın oturuşmasına həsr etdim. Qələmə aldığım yüzlərlə publisistik və araşdırma yazılarında qanunların aliliyini vurğuladım, demokratiyanın önəmini anlatdım, dövlətin təməlini məhv edən hallara-rüşvət və korrupsiyaya qarşı sərt mövqe sərgilədim, mentalitetimizdə oturuşmuş saxtakarlığı, yaltaqlığı, riyakarlığı tənqid etdim. Cəmiyyətdə vətəndaş həmrəyliyinin, sosial ədalətin, hüquq bərabərliyinin bərqərar olması üçün tanınmış qəzetlərdə illərlə köşə yazıları yazdım. Mənim üçün hər zaman Dövlət və onun qanunları qırmızı xətt oldu. Məhz buna görə də siyasətdə radikal mübarizəni məqbul saymadım. Mətbuatda dəfələrlə müxalifət partiyalarının sədrlərinə müraciət edərək ölkə prezideti İlham Əliyevlə görüşmələrini təklif etdim. Cəmiyyətin inkişaf qanunlarına böyük önəm verdiyimdən bəzi proseslərin süni şəkildə sürətləndirilməsinin ciddi fəsadlar verə biləcəyini görürdüm. Dövlətin qarşısına çıxan problemlərin xarici qüvvələrin iştirakı olmadan həllininin tərəfdarı oldum. Dövlətin daxili probleminə xarici müdaxilənin sonucunda məhz dövlətin itirəcəyini anladığımdan iqtidarla müxalifətin bir araya gəlməsinin fövqəladə əhəmiyyəti olduğunu dərk edirdim. Kəsəsi, Azərbaycanın xarici güclərin təzyiqi, təsiri olmadan özümüz tərəfindən idarə edilməsini ən məqbul yol saydım.
Yuxarıda Mustafa Kamal Atatürkün bir ibrətamiz kəlamını yazdım. O müdrik deyimi bir də xatırladıram: Özünü idarə edə bilməyən millət başqa millətlərə “ov” olur...
Təəssüf ki, Azərbaycan müxalifətini idarə edən bəzi şəxslər konstruktiv yolu deyil, münasibətlərin gərginləməsinə, vətəndaş həmrəyliyinin baş tutmasına əngəl olan “barışmaz müxalifət” yolunu tutdu. Parlament və prezident seçkilərindəki məğlubiyyətlərdən sonra müxalifətin əhəmiyyətli bir kəsimi daha da barışmazlıq nümayiş etdirməyə başladı. Bu “həzmetməmə” radikallıqla nəticələndi. İqtidar-müxalifət qütbləşməsinin açıq-aşkar düşmənçilik müstəvisinə keçməsi tam olaraq imperialist güclərin planlarına uyğun idi. Qərbin “barışmaz müxalifət” üçün qurduğu planlar radikal mövqedə dayananları daha da ruhlandırdı. İmperialist Qərbin əvvəl dəstək bəyanatları, sonra onlarla gerçəkləşdirdiyi qapalı görüşlər, qrant comərdliyi heç də Azərbaycan cəmiyyətində demokratiyanın bərqərar olmasına hesablanmamışdı. Müxalifətə yönəlik “atalıq qayğısının” arxasında Qərbin məkrli planları gizlənirdi. Düşənmək iqtidarında olanlar yaxşı anlayırdı ki, Qərb Avropada zəngin sərvətlərə malik müstəqil siyasət yürüdən türk dövlətinin yaranması, təşəkkül tapması ilə barışa bilmir. İmperialist güclərə daxildə sabitliyi pozulmuş Azərbaycan lazımdır. Qərb hər zaman sabitliyin pozulmasının iqtisadi tənəzzüllə sonuclanacağını və bu tənəzzüldən sonra Azərbaycanın böhrandan qurtulmaq üçün onların qapısında “boynunu bükəcəyini” düşünürdü. Ən acınacaqlısı odur ki, özünü “müxalifət lideri” sayanlar Qərbin bu oyununu görə bilmirdi. Odur ki, “barışmaz müxalifətin” fəal kəsimi Bakıda icazəsiz aksiyalar keçirməyi, dövlətin ayırdığı meydanlarda deyil, şəhərin mərkəzində, əhalinin gur olduğu yerlərdə aksiyalar keçirməyi təklif edirdi. İcazəsiz aksiyalar hansı ölkə olursa-olsun, qarşıdurmaya hesablanmış bir aksiyadır. Və onun qarşısının alınması üçün mütləq zor tətbiqinə ehtiyac olur.
HAŞİYƏ- 2010-cu ildə Demokrat Partiyasının qərargahında parlament seçkilərində baş vermiş saxtakarlığa qarşı müxalifətdən deputatlığa namizədliyi olanların iştirakı ilə toplantı keçirilirdi. Çıxış edənlər iqtidarın etiraz aksiyası üçün Bayıl qəsəbəsində göstərdiyi məkanı məqbul saymır və müxalifətin özünün təklif etdiyi yerdən imtina edildiyi halda icazəsiz mitinq keçirməyi təklif edirdi. Əsaslandırırdılar ki, əhalinin 70 faizindən çoxu bu iqtidardan narazıdır və mitinqlərdə müxalifətə dəstək verəcək. O toplantıda mən də çıxış etdim. Dedim ki, bir halda xalqın 70 faizi müxalifəti dəstəkləyir və partiyaların hər birinin minlərlə üzvü var, o zaman iqtidar lap belə mitinq keçirmək üçün Qaradağ rayonunda şoranlıq ərazilərinin birini rəva bilirsə, qarşıdurma olmasın deyə gedib orada aksiyanı düzənləmək lazımdır. Məntiqlə on minlərlə partiya üzvünün varlığında və xalqın 70 faizinin cüzi dəstəyi ilə istənilən məkanda möhtəşəm bir etiraz aksiyası keçirmək mümkündür. Bu çıxışdan sonra “müdrik” partiya sədrlərinin “uzaqgörən” funksionerləri məni “topa tutdular”. Hətta, mətbuata yazanlar oldu ki, mən hakimiyyətin adamıyam və ona görə də icazəsiz aksiyanın əleyhinə çıxış edirəm. Hansı ki, o gün o toplantıda iştirak edən deputatlığa namizədlərdən seçkilər zamanı yalnız mənim doğulduğum evin bir hissəsi rayon polis rəisinin şəxsən rəhbərlik etdiyi “əməliyyatda” dağıdılmış və 6 nəfər ailə üzvüm ciddi bədən xəsarəti almışdı...
Müxalif partiyalarının sədrləri və funksionerlərinin əksəriyyəti ilə tanışam. Aralarında qarşılıqlı səmimi münasibət olanlar da, çörək kəsdiklərim də var. Onların da içərisində praqmatik düşüncəyə sahib, məntiqlə qərar vermək iqtidarında olanlar mövcuddur. Özünü “barışmaz müxalifət” sayanları da yaxşı tanıyıram. Demokratiyadan dəm vururlar ancaq rəhbərlik etdikləri partiyada funksionerlər bir yana, sıravi üzvün onları tənqid etməsi yasaqdır. Yürütdüklər yanlış siyasət üzündən son 30 ildə yüzlərlə deyil, minlərlə müxalifətçi min bir məşəqqət yaşadı, işindən oldu, həbsə atıldı, doğma yurd-yuvasından didərgin düşdü. Onlar isə bunu “demokratiya uğrunda mücadilə” adlandırdı. Demokratiyadan dəm vururlar, ancaq 30 ildən artıqdır ki, partiya sədrliyindən əl çəkmək istəmirlər. İqtidarı şəffaf olnamaqda, seçki saxtakarlığında, regionçuluqda ittiham edirlər, ancaq rəhbərlik etdikləri təşkilatda şəffaflıqdan əsər-əlamət yoxdur, partiyadaxili seçkilərdə yalnız sədrin istədiyi namizədlər yüksək səs toplayır və regionçuluq postlarını qorumaqda mühüm rol oynayır.
“Barışmaz və radikal müxalifət” in varlığında cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olmaq mümkün deyildir. “Barımaz və radikal” düşüncə ilə güclü müxalifət yaratmaq yüz il bundan sonra da alınmayacaq. Və nə qədər ki, müxalif düşüncədə dəyişiklik baş verməyib qütbləşmə dərinləşməkdə davam edəcək. Özü də bu qütbləşmə təkcə iqtidar-müxalifət münasibətində özünü göstərməyəcək, qütbləşmə həm də cəmiyyətə sirayət edəcək. Çağdaş dünyada “barışmaz və radikal” müxalifət cəmiyyətin nə önündə gedə bilər, nə də onun problemlərinin aradan qaldırılmasında söz sahibi ola bilər. Cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir, müxalifət. Dərk etməlidir ki, müasir zamanda qiyam, inqilab, kütləvi iğtişaşlar yolu ilə artıq oturuşmaqda olan Azərbaycanda deyil, Afrikanın banan ölkələrində iqtidar olmaq olar. Dərk etməlidir ki, qanla iqtidar olmaq istəyənlər, elə qanla da iqtidardan getməyə məhkumdur. Dərk etməlidir ki, cümlə dünyada yalnız güclü müxalifətin varlığında demokratiya prinsipləri önə çıxır, sosial ədalətsizlik aradan qalxır, qanunlar qarşısında hər kəs bərabər olur, rüşvət və korrupsianın qarşısı alınır, avtoraitar rejim formalaşmır...
Bunları dərk etməyən müxalifət liderləri Qərbdən min imdad umsa da, hər gün belə Bakıdakı xarici səfirlərin qarşısında boynubükük dayansa da, həftədə bir heyinib-bəzənib Bakıya gələn xarici emissarlarla görüşə getsə də heş bir nəticə hasil olmayacaq.
Azərbaycanda rüşvət və korrupsiyanın varlığını iqtidar etiraf edir, bu barədə yuxarıda ətraflı yazdıq. Toplumda da sürətlə təbəqələşmə müşahidə olunur. Dbələdçi gərk deyil. Doğrudur, iqtidar mənsubları bu varədə bir söz demir. Ancaq görünən dağa bələdçiyə ehtiyac olmur. Bir tərəfdə dövləti talan edən, yetim haqqı yeyən, rüşvət və korrupsiya sayəsində fironlar kmi yaşayan azlıq və digər tərəfdə rəva bilinən maaş, müavinət, təqaüd mədə problemlərinin həllinə yarayan çoxluq var.
Etiraf etməsələr də, bu iqtidar “demokratiyanın bütün ünsürlərini xalqın istifadəsinə” verməyib, bu da bəllidir. İllərdir demokratiyaya rəğmən dövlət avtoritar rejimlər sırasında yer alır. Və təkrar-təkrar yazıram, bu anormallıqların təzahür etməsində güclü müxalifətin olmaması çox mühüm rol oynayır. Bu, bir iddia deyil, bu, bütün sivil dünya dövlətlərinə xas olan bir reallıqdır. Bu reallıqla razılaşmayanlara xatırladıram, iqtidarın demokratiyaya olan münasibətində anormallıq axtararkən, iki faktoru diqqətdən qaçırmaq olmaz. Birincisi odur ki, Azərbaycan xristian ölkəsi yox müsəlman ölkəsidir. Müsəlman ölkələri içərisində ən demokratiki hesab olunan qardaş Türkiyə Cümhuriyyəti 102 yaşındadır və orada demokratiyanın hansı durumda olduğunu yazmağa lüzum görmürəm. Sadəcə, vurğulamaq istəyirəm ki, 33 yaşında olan müsəlman ölkəsinin “demokratiyaya qovuşması” üçün daha bir 33 ilə ehtiyacı var. Əgər Azərbaycan Avropa qitəsində yerləşməsəydi, 33 il-bir qərinə əvəzinə əsrlər yazacaqdım. İkinci faktor odur ki, cəmiyyət birillik AXC iqtidarı zamanı demokratiyanın dövləti hansı günə düçar etdiyi gördü. Quldarlıqdan feodalizmə, oradan utopik bir sistem olan sosializmə keçmiş bir toplumun 33 ilə demokratiyanı mənimsəməsi psixoloji aspektdən də, cəmiyyətin inkişaf qanunları ilə də əsla uzlaşmır. Gecə-gündüz sosial şəbəkələrdə olanlara elə gələ bilər ki, bu toplumun ən böyük ehtiyacı demokratiyadır. Virtual aləmdən bir az uzaqlaşın və əlahəzrət reallığı anlamaq üçün toplumun müxtəlif kəsimləri ilə fikir mübadiləsi aparın. Məsələn, dinçilərlə, ticarətçilərlə, təqaüdçülərlə, kənd yerlərində yaşayanlarla söhbət edin. Müəyyən edin, görün, onların yüzündən neçəsi demokratiyanı yaşamının olmazsa-olmazı sayır, neçəsi də demokratik Qərb dövlətlərinin əxlaq qaydalarını qəbul edir?
Azərbaycan müsəlman coğrafiyasının bir parçasıdır. Bu coğrafiyada dövlətlər bir qayda olaraq 3 formada (teokratik, avtoritar və diktatura) idarə olunur. Konstitusiyalarına demokratrik və sosial dövlət olduğunu təsbit edən müsəlman ölkələrində vətəndaşın rifah səviyyəsini və demokratiyanın dozasını dövlət başçıları müəyyən edir. Başqa sözlə, müsəlman ölkələrində əhali könüllü olaraq yaşam kriteriyalarını müəyyən etməyi dövlət başçısına həvalə edir. Dövlət başçısını Allahın yer üzündəki kölgəsi sayan bir toplum demokratik dəyərlər bir yana, rifah içində yaşamaq barədə düşnmək iqtidarında ola bilməz.
HAŞİYƏ- İmperialist güclər 1910-cu ilin dekabr ayının 18-də planladıqları və Tunisdə start götürən “Ərəb baharı” inqilabı ilə o coğrafiyada yaşayan müsəlmanları guya demokratiyaya qovuşdurmaq fikrinə düşdü. İnqilab 17 müsəlman ölkəsinə yayıldı. Nəticə? Bölgədə vətəndaş müharibələri alovlandı, Qərb qarşısında “farağat dayanmayan” müsəlman dövlət başçılarını taxtdan saldı. Minlərlə insan qətlə yetirildi. Milyonlarla insan qaçqına çevrildi... Kəsəsi, Qərbin müsəlmanları demokratiyaya qovuşdurmaq planı iflasa uğradı...
Demokratik aspektdən İslam dünyasının ən demokratik ölkəsi Türkiyədir. Yarım əsrdən çoxdur ki, Türkiyəni “Avropa Evi”nin qapısına yaxın qoymurlar. Səbəblərin içərisində Qərbin Mustafa Kamal Atatürk düşmənçiliyi dayanır, bu öz yerində. Təbii ki, Qərb bu faktoru etiraf etməz. Onun əsas arqumenti Türkiyədə avtoritar rejimin bərqərar olmasıdır. Yəqin ki, Türkiyədə iqtidar-müxalifət münasibətlərinin nə qədər gərgin olduğundan xəbəriniz var. Qosqoca Türkiyənin adı avtoritar siyahəsənda bərqərar olubsa, burada təəccüblü bir şey axtarmağa gərək yoxdur. O cümlədən Azərbaycanın da adının başqa siyahıda olması mümkün deyil.
10 milyonluq əhalimizi 5 milyon alman və beş milyon hollandiyalı ilə d
əyişmək mümkün olsaydı Azərbaycanın adı demokratik dövlətlərin sırasında yazılacaqdı. Təəssüf ki, “əhalidəyişmə” heç cürə mümkün deyil və biz bu durumda yaşamaq zorundayıq.
Heç bir iqtidar konstruktiv olmayan, “barışmaz və radikal” müxalifətə qarşı bir addım belə atmaz. Və bu məsələdə onu günahlandırmaq obyektivlikdən uzaqdır. Azərbaycanın iqtidarın siyasi mühəndisləri tərəfindən montaj edilmiş müxalif partiyalara deyil, güclü və sivil mübarizəyə köklənmiş siyasi qurumlara ehtiyacı var. Buna dövlətin də ehtiyacı var, cəmiyyətin də...