Bakıda "pişik soyqırımını" kim həyata keçirir?!

Tanınmış tele-jurnalist, aparıcı Mehriban Məmmədzadənin pişiyi baytar səhlənkarlığının qurbanı oldu – məsuliyyət daşıyan varmı?
BİA.az xəbər verir ki, Bakı şəhərində baş verən hadisə bir daha göstərdi ki, ölkəmizdə heyvan hüquqları və onların sağlamlığı məsələsində ciddi boşluqlar mövcuddur. Şəhər sakini, tanınmış tele-jurnalist Mehriban Məmmədzadənin yaşadığı acı təcrübə həm peşəkar səviyyədə baytarlıq sahəsində nəzarətsizlik, həm də ümumilikdə cəmiyyətin canlılara münasibətindəki laqeydliyin nəticəsidir.
Mehriban xanım deyir ki Ziya Bünyadov küçəsi 7a ünvanında yerləşən "Nova Vet "klinikasına" Ruslan adlı baytar həkimlə əlaqə saxlayıb. Həkim pişiyi müayinəsiz təcili əməliyyat olmağını tövsiyyə edib:
"Əməliyyatdan iki gün keçdikdən sonra pişiyim əməliyyatdan bir gün öncə 42-dərəcə qızdırmaynan,ikinci gün 36-dərəcə qızdırmaynan savadsız həkimin uğursuz əməliyyatı ucbatından öldü. Ruslan həkim bunun nəzarəti altında səhlənkarlığından qaynaqlandığını da etiraf edir. Göründüyü kimi söhbət hüquqi məsuliyyət doğuran ciddi bir səhlənkarlıqdan gedir."
Mehriban xanım deyir: - "Vallah, bilmirəm necə oldusa razılaşdım. Həkim əməliyyata başladı. Əməliyyat 45 dəqiqə cəkdi. Ancaq pişik narkozdan ayılmırdı. Müxtəlif iynə vurmaqla düz 4 saatdan sonra pişik ayıldı. Ancaq temperatoru həddən artıq yüksək idi. Düz 2 gün əzab-əziyyətdən sonra pişik öldü. Ruslan həkimin hec vecinə deyildi."
Şikayətçinin iddiasına görə, pişiyinin ölümü həkim səhlənkarlığından qaynaqlanır. Elə sizə təqdim etdiyimiz vide-görüntülərdən də bu aydın görünür. Əgər bu doğrudursa, artıq söhbət sırf peşəkar səhvdən getmir. Ən əsası bu "klinika"da baş verənlər hüquqi məsuliyyət doğuran ciddi bir faktlardan gedir. Siz video-görüntülərdə dəhşətli mənzərələrlə rastlaşacaqsınız.
Bu hadisə yalnız bir ailənin ev heyvanının itkisi deyil, həm də cəmiyyətimizdə heyvanlara qarşı mövcud münasibətin güzgüsüdür. Bəzən “heyvandır da” deyib keçdiyimiz bu məsum varlıqlar da bir can, bir hiss, bir qorxu daşıyırlar. Onların həyat hüququ və sağlamlıqlarının qorunması təkcə vətəndaşın vicdanı deyil, həm də dövlətin, aidiyyəti qurumların və sahə mütəxəssislərinin borcudur.
Təəssüflə qeyd etməliyik ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bir çox baytarlıq klinikaları nəzarətsiz və keyfiyyətsiz xidmət göstərir. Baytar adı ilə fəaliyyət göstərən şəxslərin peşəkarlığı, ixtisası və etik davranışı çox zaman sual altındadır. Hər il onlarla şikayət qeydə alınsa da, bu istiqamətdə ciddi tədbirlərin görülməməsi problemə sistemli yanaşmanın olmadığını göstərir.
Bəs aidiyyəti qurumlar haradadır? Baytarlıq fəaliyyətinə lisenziya verən və bu sahəyə nəzarət etməli olan qurumlar – o cümlədən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu kimi hallara niyə reaksiya vermir? Şikayət olunan şəxsin fəaliyyətinin davam edib-etmədiyi, peşəkar fəaliyyətinin yoxlanılıb-yoxlanılmadığı sual doğurur.
Eyni zamanda, bu hadisə heyvan hüquqları ilə bağlı qanunvericiliyin nə qədər zəif olduğunu bir daha üzə çıxarır. Azərbaycanda heyvanların hüquqlarını qoruyan qanunların icrası demək olar ki, praktikada öz əksini tapmır. Halbuki inkişaf etmiş ölkələrdə heyvanlara qarşı səhlənkarlıq və ya laqeyd münasibət qanunla cəzalandırılır və belə hallara qarşı ictimai nəzarət də yüksəkdir.
Mehriban Məmmədzadənin yaşadığı bu hadisə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır. Əgər baytar həkim həqiqətən də səhlənkarlığını etiraf edibsə, bu, yalnız üzr və təəssüflə bağlanacaq məsələ deyil. Bu cür halların qarşısını almaq üçün məsul şəxslər barəsində hüquqi tədbirlər görülməli, klinikanın fəaliyyəti yoxlanmalı və təkrar halların baş verməməsi üçün sistemli nəzarət tətbiq edilməlidir.
Sonda qeyd edək ki, heyvanlara qarşı münasibət bir xalqın mədəniyyət səviyyəsinin göstəricisidir. Onlara qayğı göstərmək təkcə humanizm deyil, həm də vicdan və məsuliyyət məsələsidir. Aidiyyəti qurumların bu məsələni nə qədər ciddiyə alması isə cəmiyyətin bu sahədə nə qədər irəliləyəcəyini müəyyən edəcək.
Heyvanların da yaşamaq haqqı var – susmayaq, görməzlikdən gəlməyək!