Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsindəki hərbçilərdən təyyarə təmiri ştabının baş çavuşu Əmrah Kuranın (37) ailəsinə şəhid olması xəbəri verilib.
Lim10.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əmrah Kuranın şəhidlik xəbəri onun məmləkəti Muğlanın Milas mahalında yaşayan ailəsinə çatdırılıb.
Ə.Kuranın şəhadət xəbərini ailəsinə verən əsgərin “Osman əmi, artıq bir şəhid atasısan” sözləri ürəkləri dağlayıb. Daha sonra əsgər şəhid atasını qucaqlayıb.
Şəhidin atasının evinin yerləşdiyi küçədə Türkiyə bayrağı asılıb.
Qohumları və qonşuları başsağlığı vermək üçün şəhidin atasının evinə axın ediblər.
Baş Çavuş Əmrah Kuranın evli və 3 uşaq atası olduğu bildirilir.
Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri (20 nəfər) həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib.
Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Billurə Yunus






















