Diqqətdən qaçırmamalıyıq ki, kino hələ də ciddi təbliğat vasitəsi kimi öz əhəmiyyətini qoruyur. Burda təkcə qardaş Türkiyə təcrübəsinə nəzər yetirmək bəs edir ki, məsələnin nə dərəcədə vacib olduğunu anlayasan. Mən mübaliğəsiz deyərdim ki, son on ildə məhz, istehsal olunan filmlər vasitəsilə Türkiyənin tarixi yenidən yazıldı.
Ölkə az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə parlamentdə büdcə müzakirələri zamanı deyib.
Deputat bildirib ki, minlərlə yeni nəşrlər işıq üzü gördü: "Tarixi film və seriallar sayəsində xalq öz milli köklərinə daha dərindən bağlandı. Bu filmlər həm də qardaş ölkəninin mədəniyyətini dünyaya tanıtdı. Üstəgəl effektiv bir sənayeyə çevrilərək on minlərlə yeni iş yerinin açılmasını şərtləndirdi. Gəlirli bir sahəyə çevrildi. Bir kinonun çəkilməsi və post-prodakşn prosesi təqribən, 200 nəfərin məşğulluğu deməkdir. Odur ki, bizdə də bu yanaşmaya ciddi ehtiyac var. Xüsusilə Zəfərdən sonra yeni mərhələyə qədəm qoyan güclü, müstəqil Azərbaycanda bu daha aktualdır".
Deputat hesab edir ki, qarşıdakı 2026-2027-ci illərdə Azərbaycan dövlətçiliyi, tarixi və mədəniyyətinin təbliği məqsədilə müxtəlif mövzularda ən azı 10-a yaxın film layihəsi reallaşmalıdır: "Sözsüz ki, burda investisiyaların cəlbi, özəl sektorun inkişafı, ümumilikdə kinoindustriyanın formalaşması da əsas prioritet olmalıdır. Ancaq dövlət dəstəyi də qaçılmazdır. Biz Mədəniyyət komitəsi olaraq bu məsələdə ciddi prinsipiallıq göstərməliyik və həmkarlarımdan xahiş edirəm ki, məsələyə biganə qalmayaq.
Məndə olan rəsmi məlumata görə 2023-2025-ci illər ərzində dövlət sifarişi ilə ölkədə 71 film layihəsinin istehsalına başlanılıb, bu günədək 41 film tamamlanaraq təhvil verilib, 30 film isə istehsalat mərhələsindədir. Bu indiki reallıqda normal göstərici sayıla bilər. Mən kinoteatrlarda Tağıyevlə bağlı filmlərin afişasını görürəm, milli tariximiz, dəyərlərimizlə bağlı belə filmlərə üstünlük verilməlidir. Heç şübhəsiz ki, filmlərin istehsalında yüksək peşəkarlığın tələb olunması əsas şərtdir. Ancaq unutmayaq ki, keyfiyyət də birbaşa maliyyə təminatına bağlı olan məsələdir.
Bir də ölkə ərazisində istehsal olunan tammetrajlı filmlərin sayı Azərbaycanın qlobal innovasiya indeksinə birbaşa təsir edən amillərdən biridir.
Mən iclasdan öncə bəzi rəqəmləri dəqiqləşdirdim. 2023-2025-ci illər ərzində, yəni son iki ildə ölkədə sənaye sahəsi kimi film istehsalının fəallaşması nəticəsində təxminən 1570 iş yeri açılıb. İşçi qüvvəsinin böyük hissəsini yaradıcı, texniki və inzibati heyət təşkil edir. 2026-cı ildə proqnozlaşdırılan film layihələrinin istehsalının baş tutması bu rəqəmi daha da artıra bilər. Digər tərəfdən tərcübə artır. Yeni texnologiyalar tətbiq olunur, əlavə xidmət sahələri yaranır, kadr potensialı güclənir. İndi süni intellekt bu sahədə də aparıcı rol oynayır. Təkcə çəkilişə, istehsalata yox, təlimlərə də geniş yer verilməlidir. Kino sektoruna yeni innovativ texnologiyaların gətirilməsi üçün xüsusi yol xəritəsi hazırlanmalıdır. Ölkədə film parklar inşa edilməlidir. Xüsusilə tarixi filmlər pavilyonuna ciddi ehtiyac var. Misal üçün, Əsgəran, Şahbulaq ərazisində belə parklar effektiv ola bilər. Bu həm də turizmin inkişafına ciddi töfhə verə bilər. Bu sahədə xaricdə təhsil proqramı gücləndirilməlidir. Müxtəlif stimullaşdırıcı müsabiqələrə ehtiyac var. Ssenari müsabiqələrinə zərurət böyükdür. Yeni ssenari labarotoriyaları fəaliyyət göstərilməli, bəlli bir məktəb formalaşmalıdır. Hansı ki, sovet dönəmində bu məktəb pis-yaxşı var idi. Kino sənayesinə yeni, kreativ yanaşmalar tətbiq olunmalıdır. Çünki dünayada rəqabət çox böyükdür. Ölkəmizdə kino sahəsində onlayn platformalara ehtiyac var. Amma bütün bu sadaladıqlarımın həyata keçirilməsi ciddi səy, fədakarlıq tələb edir. Həm də maliyyə dəstəyi".
Mürtəza



















