Cənubi Qafqazda Kreml üçün sonun başlanğıcı: Türk İttifaqının İrəvana təsir gücü regionda post-Rusiya dövrünü şərtləndirir

Ermənistanın Qərbə yönəlməsi, Azərbaycanın güclənən regional təsiri və Türkiyənin logistik strategiyaları Cənubi Qafqazı çoxqütblü, həm də Bakı-Ankara mərkəzli bir geopolitik məkana çevirir... Bu regionda gələcək təhlükəsizlik üçün real güc balansını artıq siyasi-ideoloji faktorlar deyil, məhz iqtisadi və nəqliyyat marşrutlarına kimin nəzarət edəcəyi müəyyənləşdirəcək, bu isə Rusiya üçün artıq ən ağrılı geostrateji itkilərdən biridir...

Lim10.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda regional sülh prosesinin dinamikası son vaxtlarda ciddi şəkildə dəyişməkdədir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın, bəzi rusiyalı politoloqların, eləcə də, Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamaları bu dəyişimin fərqli istiqamətlərini aydın şəkildə göstərir. Çünki bu açıqlamalar Kreml ilə rəsmi İrəvanın münasibətlərində yaranan strateji gərginliyin, Ermənistanın Qərbə inteqrasiya siyasətinin və Azərbaycanın regional liderliyinin güclənməsinin nəticəsində vahid geopolitik sistemin artıq parçalandığını göstərir.

Məsələ ondadır ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiyanın həmişə Ermənistan üçün etibarlı müttəfiq olduğunu və belə də qaldığını” bildirib. O, bu fikrini 2024-cü ilin iyununda rusiyalı mütəxəssislərin daşqın nəticəsində dağılmış dəmir yolu xəttini bərpa etməsi, noyabrda isə Azərbaycan və Gürcüstan üzərindən Ermənistana buğda tədarükünün təşkil olunması ilə əsaslandırıb. Ancaq bu açıqlama, əslində, Kremlin hərbi-siyasi təsirinin azalmasını “humanitar jestlər”lə kompensasiya etməyə çalışdığını da göstərir. Mariya Zaxarovanın əsas diqqəti hərbi əməkdaşlığa deyil, məhz ərzaq və nəqliyyat sahələrinə yönəltməsi Kremlin yeni taktikasını açıq şəkildə əks etdirir.

8019f07a79471c872f8cd0a6993ddac5.jpg (299 KB)

Belə təsəvvür yaranır ki, Rusiya artıq Ermənistanda “təhlükəsizlik zəmanətçisi” kimi deyil, məhz “praktik yardım göstərən tərəfdaş” kimi görünmək istədiyini biruzə verir. Mariya Zaxarovanın “Qərbin vasitəçilik səyləri hələ zamanın sınağından da keçməlidir” ifadəsi isə böyük ehtimalla ABŞ və Avropa Birliyi formatlarının legitimliyini şübhə  altına almağa hesablanıb. Və bu, Kremlin hələ də Azərbaycan, Rusiya, və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşma üzərindən, vaxtilə aktual olmuş sülh danışıqları platformasını yenidən bərpa etmək niyyətini göstərir.

Belə ki, Kreml son vaxtlar israrla 2020-2022-ci illərdə Rusiyanın iştirakı ilə imzalanmış razılaşmalara istinad etməklə, Cənubi Qafqaz regionunda öz “vasitəçilik missiyası”nı yenidən möhkəmləndirməyə ümid bəsləyir. Bu çərçivədə Mariya Zaxarovanın vurğuladığı “dəmir yolu və buğda marşrutu” Kreml üçün həm iqtisadi təsir kanalı, həm geopolitik alət rolunu oynayır, həm də “bu regionda Rusiya hələ də var” mesajının verilməsi baxımından, mexanizm anlamı daşıyır. Ancaq praktiki səviyyədə bu cəhdlər artıq Rusiya diplomatiyasının passiv reaksiya mərhələsinə keçdiyini də göstərir. Çünki regional sülh prosesi üçün Qərb formatları indi faktiki olaraq, müzakirə gündəminə tam nəzarət edir.

Maraqlıdır ki, rusiyalı politoloq Boris Rojin daha provokativ yanaşma ilə iddia edib ki, “Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanın mövcud sərhədlər daxilində yaşama şansını azaldıb”. O, bildirib ki, Paşinyan hakimiyyətindən əvvəl Ermənistan regionda çoxsaylı dayaq nöqtələrinə malik idi və indi isə həm Qarabağı, həm də sərhədyanı bölgələrini itirib: “İndi Ermənistanı məcbur edirlər ki, tranzit koridoru açsın. Bu, Azərbaycan və Türkiyəni daha da gücləndirəcək, ancaq Ermənistan isə çox az qazanacaq”.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Onu da qeyd etmək lazımdır ki, rusiyalı politoloqun fikrincə, rəsmi Bakının güclənməkdə davam edən mövqeyi Ermənistanı “zəif və təminatsız dövlət” kimi göstərir. Bu yanaşma tərzi isə ümumiyyətlə, Kremlin Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya siyasətinə qarşı ideoloji propoqanda arqumentinə çevrilməkdədir. Yəni. Kreml iddia edir ki, Ermənistanın “zəifləmiş dövlət statusu” yalnız Rusiyanın himayəsi ilə kompensasiya oluna bilər. Bu uydurma “arqumentlər” isə Kremlin “Ermənistan Qərbə meyilləndikcə, özünü geopolitik vakuuma salır” tezisini legitimləşdirməyə hesablanıb.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistan parlamentinin spikeri Alen Simonyanın Avropa Birliyi ölkələrinin İrəvandakı səfirləri ilə görüşməsi Paşinyan hakimiyyətinin Qərbə istiqamətlənmiş siyasi kursunun hələlik dəyişməz olaraq, qaldığını göstərir. Həmin görüşdə əsas diqqət isə Azərbaycan-Ermənistan sülh prosesi də daxil olmaqla, digər regional məsələlərə yönəlib. Və bu, rəsmi İrəvanın sülh gündəmini Rusiya deyil, məhz Qərb platforması çərçivəsində formalaşdırmaq istəyini növbəti dəfə biruzə verir.

Məsələ ondadır ki, rəsmi İrəvan hazırda Qərblə əməkdaşlığı Ermənistan üçün əsas təhlükəsizlik zəmanəti kimi qəbul edir. Ancaq bu, istənilən halda, Ermənistanı regionun real güc mərkəzləri – Azərbaycan və Türkiyə qarşısında daha çox asılı vəziyyətə salır. Və beləliklə, rəsmi İrəvan faktiki olaraq, “Qərbin siyasi-diplomatik nəzarətində”, Azərbaycanın isə iqtisadi və kommunikasiya üstünlüyü altında Ermənistan üçün yeni geopolitik mövqe axtarışına başlamış kimi görünür.

8ef6cf2010573bb321bb71428ee493bc.jpg (60 KB)

Təbii ki, Azərbaycanın regional nəqliyyat-kommunikasiya xətləri və enerji layihələri üzərindən apardığı qətiyyətli siyasət Cənubi Qafqazın siyasi-ideoloji və maliyyə-iqtisadi inkişaf istiqamətini müəyyən edir. Zəngəzur dəhlizi, Qars-Naxçıvan xətti və Türk Dövlətləri Təşkilatı çərçivəsində genişlənən tərəfdaşlıq Azərbaycan-Türkiyə İttifaqını “geostrateji nüvə”yə çevirib. Bu situasiyadasa, rəsmi İrəvanın Qərbə inteqrasiya siyasəti Ermənistanı Türkiyə və Azərbaycanın dominant nəqliyyat və ticarət şəbəkələrinə bağlı “keçid məntəqəsi”nə çevirir.

Göründüyü kimi, Kreml hələ də “etibarlı müttəfiq” obrazını qorumağa çalışsa da, Cənubi Qafqaz artıq post-Rusiya mərhələsinə daxil olub. Rusiyanın hərbi və siyasi təsiri öz yerini “humanitar və logistika diplomatiyası”na verir. ABŞ və Qərb isə regionda artıq “geopolitik moderator” funksiyasını icra etməyə başlayıb. Ermənistanın Qərbə yönəlməsi, Azərbaycanın güclənən regional təsiri və Türkiyənin logistik strategiyaları Cənubi Qafqazı çoxqütblü, həm də Bakı-Ankara mərkəzli bir geopolitik məkan halına gətirib. Belə anlaşılır ki, bu regionun gələcək təhlükəsizliyi üçün real güc balansı artıq siyasi-ideoloji faktorlar deyil, məhz iqtisadi və nəqliyyat marşrutlarına kimin nəzarət edəcəyi üzərindən müəyyən olunacaq. Və bu isə Rusiya üçün artıq ən ağrılı geostrateji itkilərdən biridir.