“Şəhid ailəsinə və qazilərə qapını açmaq — dövlətin yox, cəmiyyətin vicdan borcudur”

Vəhdət Partiyası qazi təşkilatları ilə geniş müzakirə keçirdi
Vəhdət Partiyası, ölkədə sosial həmrəylik modelinin gücləndirilməsi istiqamətində daha bir önəmli addım ataraq, bir sıra qazi təşkilatlarının rəhbərləri ilə geniş tərkibli görüş keçirib. Bu toplantı, Azərbaycan cəmiyyətində şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqətin institusional gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüşdə, həmçinin, müxtəlif sosial və humanitar təşəbbüslərin daha da inkişaf etdirilməsi məqsədilə müzakirələr aparılıb.
Görüşdə, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin rəhbər şəxsləri və təmsilçiləri, ehtiyatda olan hərbçilər, müxtəlif rayonlardan olan veteran birliklərinin koordinatorları iştirak edib.
Adəm İsmayıl Bakuvi: “Azərbaycan dövlətinə olan sədaqətimizi, milli borcumuzu bir daha təsdiq edirik”
Tədbirə ev sahibliyi edən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında qeyd edib:
“Şəhid ailəsinə qapı açmaq yalnız dövlətin yox, cəmiyyətin qanuni, mənəvi və vicdani borcudur. Bu cür təşəbbüslər həmrəylik ruhunu yüksəldir və biz bu qapını açmaqla yalnız bir ailəyə dəstək vermirik – biz Azərbaycan dövlətinə olan sədaqətimizi, milli borcumuzu bir daha təsdiq edirik.”
Sahibkarların sosial məsuliyyəti – cəmiyyətin güzgüsüdür
Görüşdə xüsusi müzakirə olunan mövzulardan biri də sahibkarların şəhid ailələri və qazilərə münasibətdə sosial məsuliyyət anlayışı olub. "Qarabağ Veteranları və Şəhid Ailələri Sosial Dəstək" İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, bir çox sahibkarların bu məsələyə yanaşması hələ də daha çox formal xarakter daşıyır: “Sahibkarlar, ilk növbədə, insan faktorunu qiymətləndirməlidir. Əgər vətən uğrunda döyüşmüş bir qaziyə iş yeri təklif etmirsə, bu sadəcə biznes siyasətinin çatışmazlığı deyil, həm də milli yaddaşın zəifliyidir.”
Aparılan müzakirələr nəticəsində biznes sektorunun şəhid ailələri və qazilər üçün xüsusi prioritet vakansiya sistemi yaratmasına dair yekdil razılıq əldə olunub: hər hansı uyğun vakansiya yaranarsa, veteran ailələrinə rəsmi dəvət məktubu göndərilsin və işə qəbul prosesində qeyri-formal maneələrin aradan qaldırılması üçün yeni mexanizmlər işə salınsın.
Adəm İsmayıl Bakuvi: “Bu mübarizəni gələcək nəsillərə bir şüar kimi çatdırmalıyıq”
Adəm İsmayıl Bakuvi bildirib ki, biznes yalnız pul qazanmaq mexanizmi deyil, eyni zamanda bu Vətən üçün savaşmış insanlara qapı açan bir vicdan institutudur: “Bizim məqsədimiz, qazilər və şəhid ailələri deyil, həm də bu mübarizənin gerçəkləşdiyi cəmiyyətin bir bütün olaraq güclənməsini təmin etməkdir. Bunu hər birimiz öz vicdanımızın səsi olaraq qəbul etməli və bu mübarizəni gələcək nəsillərə bir şüar kimi çatdırmalıyıq”. Partiyanın lideri, həmçinin bu təbliğatın yalnız formal bir məsələ olmadığını, bu işlərin davamlı və sistematik şəkildə həyata keçirilməli olduğunu vurğulayıb.
Təhsil və yeni peşələr – qazilər üçün real perspektiv
Vəhdət Partiyasının Sosial və Humanitar Proqramlar üzrə katibi Taleh Mikayılov görüşdə partiyanın yeni təşəbbüslərini təqdim edib. Təşəbbüslər arasında təhsil və dil kurslarında şəhid və qazi ailələri üçün 10–15% kvota ayrılması, rəqəmsal sahələr üzrə IT təlimləri, kibertəhlükəsizlik və proqramlaşdırma üzrə yeni paketlər, peşə yönümlü sertifikat proqramları və əmək bazarı ilə uyğunlaşdırılmış praktiki təlimlər yer alır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təmsilçisi Əhli Həbiyev qazi və veteranlar üçün təhsilin əhəmiyyətindən danışıb:
“Təhsil alan hər bir qazi özünə yeni həyat qurur. Biz onları cəmiyyətin kənarında deyil, mərkəzində görmək istəyirik. Onların təhsil alması, həm də cəmiyyətə inteqrasiyasını sürətləndirir və özünə inamlarını artırır.”
Görüş iştirakçıları fikir mübadiləsi ilə davam edib və müzakirə olunan məsələlər üzrə gələcək əməkdaşlığın daha sistemli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, cəmiyyətin hər bir üzvünün bu məsuliyyəti paylaşması, sosial məsələlərə daha həssas yanaşması və qazilər ilə şəhid ailələrinə olan dəstəyin artırılması mövzusunda razılığa gəliblər. Bu, həmçinin Azərbaycanın cəmiyyətində birgə həmrəylik və sosial məsuliyyət ruhunun gücləndirilməsinə də töhfə vermiş olacaq.


















