MUSTFA KAMAL ATATÜRK TÜRK DÜNYASININ ƏBƏDİ LİDERİ

II HİSSƏ
Mustafa Kamal Atatürk Şəxsiyyət, Dövlət başçısı və Sərkərdə kimi
Tarixə nəzər saldıqda XX əsrin ilk yarısında böyük liderlərin səhnəyə çıxdığının şahidi oluruq. Bu önəmli simalarından biri də Mustafa Kamal Atatürkdür. Onun liderliyi təkcə hərbi qələbələrlə deyil, həm də dövlət idarəçiliyi, modernləşmə fəlsəfəsi və cəmiyyətin yenidən qurulması ilə özünü biruzə verir. Gerçəkdən Mustafa Kamal Atatürk XX əsr dünya tarixində həm hərbi dahilik, həm də siyasi modernizasiya qabiliyyətini özündə birləşdirən nadir liderlərdən biridir. Onun şəxsiyyətindəki intellektual dərinlik, emosional təmkin, humanist yanaşma və yüksək mənəvi bütövlük siyasi fəaliyyətinin və dövlət quruculuğu modelinin əsasını təşkil edir. İngilis əsilli Amerikalı tarixçi Bernard Levis yazırdı ki, Mustafa Kamal Atatürkün şəxsiyyətindəki cizgilər onun liderlik keyfiyyətləri ilə sıx bağlı olmuş, şəxsi intizamı, intellektual maraqları və strateji dünyagörüşü siyasi qərarvermə proseslərini birbaşa formalaşdırmışdır. Bernard Levisin bu fikirlərini bir çox dünya tarixçiləri də etiraf etmişdir. Dünya tarixçiləri və siyasətçiləri Mustafa Kamal Atatürkü yüksək intellektual çevikliyə malik lider kimi tanıyırdı. Digər bir İngilis tarixçisi - Lord Kinross “Atatürk-Bir millətin yenidən doğuşu” kitabında qeyd edir ki, onun həm hərbi strategiya, həm də siyasi nəzəriyyə sahələrində geniş bilgisi intellektual üstünlüyünə işarə edir. O, hadisələri təkcə mövcud vəziyyət çərçivəsində deyil, həm də struktur dəyişikliklərinin nəticələri kontekstində qiymətləndirirdi. Bu, onun qərarlarının uzunmüddətli sabitlik və dövlətçilik qurmağa yönəlməsini təmin edirdi.
Mustafa Kamal Atatürk kritik anlarda soyuqqanlılığı ilə tanınırdı. İngilis tarixçisi Endrü Manqo "Atatürk – Modern Türkiyənin Qurucusu" kitabında yazır: “ Çanaqqala və Sakarya döyüşləri zamanı Atatürkün psixoloji sabitliyi komandanlıq atmosferini qoruyur və kollektiv ruhu yüksəldirdi. İntizamı sayəsində o, çətin şəraitdə belə panikadan uzaq duraraq rasional mövqeyini qoruyurdu...”
Mustafa Kamal Atatürkün şəxsi həyatında sərvət toplamaqdan uzaq durması, bütün var-dövlətini Türk xalqına və dövlət qurumlarına hədiyyə etməsi etik dəyər sisteminin göstəricisi sayılmaqla yanaşı onun nə qədər mükəmməl bir şəxsiyyət olduğunu da sərgiləyir. Digər tərəfdən Atatürkün bu xüsusiyyəti lider və şəxsiyyət arasındakı uyumu gücləndirən ən mühüm element sayılır.
Dünya liderləri arasında yalnız Mustafa Kamal Atatürkə və daha bir neçə dövlət başşısına məxsus olan bu özəlliyi sözlə ifadə etmək gerçəkdən çox çətindir. Tarixdə başında dayandığı dövlətin büdcəsini dağıdan, şəxsən rüşvət alan, özünün sərvət toplamasına rəğmən xalqı məşəqqət içində yaşadan dövlət başçıları olub və bu gün də var. Şəxsi büdcələri dövlətin büdcəsindən iki-üç dəfə artıq olan dövlət başçıları da olub və bu gün də var. Öz dövlətindən oğurladıqlarına görə məhkəmə qarşısında dayanan liderlər də olub tarixdə. Mustafa Kamal Atatürk isə xalqının qarşısında alnıaçıq dayanan bir lider idi. O nəfsinə hakim olduğundan ömrünün sonuna qədər xalqının gözünün içinə dik baxdı. Hər dövlət başçısına xalqın gözünün içinə dik baxmaq nəsib olmur...
HAŞİYƏ- Məhkəmə qərarı ilə cinayəti sübuta yetirilmiş və ya cinayət işləri iddia səviyyəsində, amma güclü dəlillərlə təsdiqlənmiş dövlət başçılarının siyahısına diqqət edin:
1. Peru prezidenti (1990-2000) Alberto Fujimori birbaşa iş adamlarından və xüsusi xidmət rəhbərlərindən rüşvət alırdı. Məhkəmənin hökmü ilə 25 il həb cəzası aldı
2. Cənubi Koreya prezidenti Park Geun-Hye (2013-2017) “Samsung” başda olmaqla onlarla transmilli şirkətlərdən rüşvət aldığı məhkəmədə sübuta yetirildi və prezident 25 il həbsə məhkum edildi.
3. Cənubi AfrikaRespublikasının prezidenti (2009-2018) Jacob Zumanın digər bir zəngin ailə ilə işbirliyində olduğu, korrupsiyanın başında dayandığısübuta yütiriləndə istintaq mane olmaq istədi. Ancaq buna nail olmadı. Məhkəmə prezident Jacob Zumanı həbsxanaya göndərdi.
4. Filippin prezidenti (1998-2001) Joseph Estrada Qumar lisenziyaları satmaqda, yerli və xarici şirkətlərlə bağlanan müqavilələrdən rüşvət almaqda ittiham olunaraq ömürlük həbs edildi.
5. Pakistanın baş naziri (2008-2013) “10 faiz komissiya” ləqəbli Asif Ali Zardarinin dövlətin bağladığı hər bir müqavilədən 10 faiz rüşvət alması, İsveçrə və Britaniya banklarında onmilyonlarla dollarlıq hesabının olması sübut edilsə də, həbs olunmadı, vəzifəsindən uzaqlaşdırıdı.
6. Serbiya/Yuqoslaviya prezidenti (1989-2000) Slobadan Miloşeviç dövlət xəzinəsinin pullarını xaricdəki şəxsi bank hesablarına yönəldirdi. Məhkəmə onun cinayətini sübuta yetirən saysız-hesabsız fakt ortaya qoydu. S. Miloşeviç Haaqa hərbi tribunalında mühakimə olunarkən dünyasını dəyişdi...
Bu dövlət başçılarının öz dövlətini talan etməsi məhkəməklərdə sübuta yetirilib. Lakin barəsində iddialar olan çox sayda dövlət başçıları var ki, məhkəmələr belə onların cinayətini sübut etmək iqtidarında deyildir...
Mustafa Kamal Atatürk sahib olduğu özəlliklərə diqqət yetirdikdə ən başda gələnin vətənpərvərlik olduğu görünür. Atatürkün ən vacib xüsusiyyəti vətənini sevməkdir. O, vətəni müdafiə etmək üçün heç bir fədakarlığını əsirgəməyib. Vətənin müdafiəsini hər şeydən üstün tutan Atatürkün vətənpərvərliyi və Türk millətinə olan etibarı İstiqlal Müharibəsində qalib gəlməkdə mühüm rol oynadı. Atatürkün ağıla və elmə çox böyük dəyər verirdi. O hər zaman hadisələrə elmin gözü ilə baxaraq yol xəritəsini müəyyən edirdi. Mustafa Kamal deyirdi: "Ağılın və məntiqin həll edə bilməyəcəyi heç bir problem yoxdur".
Atatürkün uzaqgörənliyi xüsusilə diqqətçəkici idi. Tarix isbat etdi ki, Atatürkün Çanaqqala döyüşü zamanı düşmən donanmasının haradan hücuma keçəcəyini müəyyən edə bilməsi və lazımi tədbirləri görmək bacarığı müharibənin nəticəsini dəyişdirdi. Hər hansı problemlə qarşılaşdıqda Atatürk əvvəlcə düşünər, araşdırar və müzakirə edərdi. Sonra son qərarını verirdi. Atatürk açıq danışmağı sevir və heç vaxt həqiqəti deməkdən çəkinmirdi. O, deyirdi: "Mən həmişə fikirlərimi xalqın qarşısında ifadə etməliyəm. Əgər səhv etsəm, xalq məni təkzib edəcək". Atatürkün ən böyük idealı "Türk Millətinin ən mədəni və firavan millət kimi varlığını artırmaq" idi. O buna nail olmaq üçün ömrünün sonuna qədər çalışdı. Elə buradaca bir məqamı qeyd etməyin oxucunun diqqətini çəkəcəyini düşünürəm. Mustafa Kamal Atatürk xalqa müraciətini hər zaman “Əziz Türk Miləti” sözləri ilə başlayırdı. Dünyada heç bir dövlət başçısının xalqına müraciət edərkən bu sözləri dilə gətirməsinə rast gəlmək mümkün deyil.
Atatürkün Liderlik Xüsusiyyətləri daha rəngarəng idi. Dünya tarixçiləri onun Strateji uzaqgörənliyini xüsusilə qeyd etməkdədir. Ümumiyyətlə Atatürkün lider kimi əsas üstünlüyü strateji düşünmə qabiliyyəti idi deyənlər, əsla yanılmır. O, Milli Mübarizənin başlanğıcından Cumhuriyyətə keçidə qədər bütün prosesi mərhələli şəkildə planlamışdı. Məşhur Kanada alimi Henri Mintzberg 1978-ci ildə Atatürkə dair fikirlərini belə ifadə edib: “Strateji nəzəriyyəyə görə, effektiv liderlik gələcəkdəki potensial təhlükələri əvvəlcədən sezib onlara qarşı plan hazırlama bacarığı tələb edir Mustafa Kamal Atatürk bu modelin klassik nümunəsidir.”
Mustafa Klamal Atatürkün qərarvermə dəqiqliyi və qarşıya çıxan risqi nəzərə alması liderliyində mühüm rol oynayan elementlərdən biri sayılır. Atatürk yüksək risqli şəraitdə belə düzgün qərarlar verməyə nail olurdu.. "Xətt yox, səth müdafiəsi vardır" doktrinası onun operativ təfəkkürünün bariz nümunəsidir. İslahatçı liderlik və sistemli transformasiya keyfiyyətlərinə malik olan Atatürk yalnız müharibə lideri deyil, eyni zamanda sistemli modernləşmə lideri idi. Onun islahatları təhsil, hüquq, idarəetmə, dil, iqtisadiyyat və mədəni sferaları əhatə edərək Türkiyəni feodal-imperiya strukturundan sekulyar və modern dövlət modelinə keçirdi. Bu, transformativ liderlik nəzəriyyəsi baxımından ideal bir örnək kimi qəbul edilir. Atatürkün humanist və inklüziv dünyagörüşü dünya tarixçilərinin diqqətini xüsusilə çəkir. O, millət anlayışını etnik ayrımlar üzərində yox, vətəndaşlıq prinsipi üzərində qurdu. Məhz buna görə də onun "Türkiyə Cümhuriyətini quran Türkiyə xalqına Türk milləti deyilir" fikri modern və inklüziv millətçilik modelinin tam göstəricisi sayılmaqdadır.
Atatürkün şəxsiyyət və liderlik keyfiyyətlərinin analizi göstərir ki, o, həm hərbi, həm də siyasi müstəvidə unikal tarixi fiqurdur. Onun liderlik modeli rasionallıq, inklüzivlik, strateji praqmatizm və etik davranışın sintezi üzərində qurulmuşdur. Bu keyfiyyətlər onu yalnız Türkiyənin deyil, ümumilikdə XX əsr dünya siyasi tarixinin önəmli simalarından birinə çevirir. Atatürkün liderlik və şəxsiyyət üstünlükləri onun tarixdəki rolunu dərin şəkildə müəyyən etmişdir. Analitik düşüncə, strateji uzaqgörənlik, islahatçılıq iradəsi və yüksək etik dəyərlər onun dövlət quruculuğu fəlsəfəsinin əsas sütunlarını təşkil edirdi. Odur ki, Mustafa Kamal Atatürk təkcə bir dövrün lideri deyil, liderlik nəzəriyyəsinin universal simalarından biri sayılır.
Mustafa Kamal Atatürkü sərkərdə kimi
Mustafa Kamal Atatürk XX əsr hərb tarixində təkcə böyük komandan kimi deyil, həm də strateji düşüncə məktəbinin yaradıcısı kimi qəbul edilir. Onun sərkərdəlik dühası Osmanlı ordusunun zəiflədiyi, imperiyanın dağılma mərhələsinə qədəm qoyduğu dövrdə formalaşmış və çox yönlü mübarizə mühitində yetişmişdir. Atatürk ən çətin şəraitlərdə belə vəziyyəti operativ təhlil etmə qabiliyyəti, döyüşün istiqamətini müəyyənləşdirməsi, risk hesablaması və psixoloji liderlik bacarığı ilə seçilmişdir.
Atatürkün hərbi dühasının əsas komponentləri:
1. Strateji uzaqgörənlik – region və dünya güc balansını dəqiq analiz etmək.
2. Operativ çeviklik – sürətli qərar və manevr bacarığı.
3. Taktiki innovasiya – vəziyyətə uyğun yenilikçi üsullar.
4. Psixoloji liderlik – əsgərlərin motivasiyasını yüksəltmək.
5. Resursların optimal istifadəsi – məhdud imkanlarla həlledici üstünlük yaratmaq.
6. Diplomatik hərb – hərbi qələbəni siyasi qələbəyə çevirmək.
Bu çoxşaxəli düha sayəsində Mustafa Kamal Atatürk döyüş meydanlarında parlaq qələbələr qazanmış, ardınca modern dövlət və peşəkar ordu modeli qurmuşdur. Onun sərkərdəlik irsi bu gün də həm akademik hərb elminin, həm də liderlik nəzəriyyəsinin öyrənilən unikal nümunələrindən biridir. Göründüyü kimi Atatürk yalnız bir komandan deyildi; o, strateq, taktiki yenilikçi, psixoloji lider və dövlət qurucusu idi. Onun hərbi fəaliyyətində rasional düşüncə, milli resursların səmərəli istifadəsi, psixoloji motivasiya və geopolitik realizm vahid sistem olaraq işləyirdi. Məhz buna görə də Mustafa Kamal Atatürk XX əsrin ən nüfuzlu hərbi liderlərindən biri hesab olunur. Onun döyüş strategiyaları XX əsrin müharibələrində istifadə olunan bəzi əsas prinsiplərin – sürətli hücum, dərinlikdən müdafiə, çevik manevr, logistika– taktikasının erkən tətbiqlərindəndir. Atatürkün manevr müharibəsinə dair yanaşmaları sonradan Almaniya, keçmiş SSRİ və digər dövlətlərin hərbi doktrinalarında öz əksini tapmışdır. Mustafa Kamal Atatürk güclü, cəsur, təcrübəli bir hərbçi idi. Lakin, onu liderə çevirən əsas səbəb bu deyildi. Atatürk həm də siyasətçi idi. Qurtuluş Müharibəsində Atatürkün dərin analizi, təhlil qabiliyyəti Türk xalqını zəfərə aparan əsas amil oldu...
Mustafa Kamal Atatürk hərbi strategiyası və taktiki ustalığı onu yalnız milli səviyyədə deyil, dünya hərbi liderləri arasında da önəmli bir mövqeyə gətirmişdir. Atatürkün hərbi dühasını Napoleon Bonapart, Georgi Jukov, Duke of Vellinqton və Ulysses Grant kimi dünya sərkərdələri ilə müqayisə edildikdə onun zəkasının digərlərindən nə qədər yüksəkdə dayandığının şahidi oluruq. Napaleondan başlayaq. Hərb tarixi müxtəlif dövrlərdə fərqli strateji yanaşmaların və fərqli şəraitlərdə formalaşmış sərkərdəlik məktəblərinin müqayisəsinə imkan yaradır. Bu kontekstdə Mustafa Kamal Atatürk və Bonapart Napoleon dünya hərb tarixində ən çox öyrənilən iki sərkərdədir. Bu iki sərkərdəni müqayisə etdikdə nə ortaya çıxır? Bonapart Napoleonun hücumçu hərbi zəkası və imperiya quruculuğu, Atatürkün isə milli mübarizə, resurs məhdudluğu şəraitində əldə etdiyi qələbələr və modern dövlət quruculuğu ilə müşayiət olunan sərkərdəliyi onları müqayisə üçün əlverişli fiqurlara çevirir. Napoleon öz dövründə Avropanın ən güclü, nizamlı və genişmiqyaslı ordularından birinə rəhbərlik edirdi. Onun hərbi gücü dövlətin iqtisadi və siyasi imkanları ilə dəstəklənirdi. Mustafa Kamal Atatürk isə Birinci Dünya Müharibəsindən dağılmış vəziyyətdə çıxmış, silahsız, təchizatsız və siyasi suverenliyini itirmiş bir xalqın ordusunu yenidən formalaşdırdı. Bu şəraitdə qələbə qazanmaq Atatürk sərkərdəliyinin əsas üstünlüklərindən biridir. O, məhdud resursları maksimal şəkildə optimallaşdıraraq strateji çeviklik nümayiş etdirdi ki, bu da müasir hərb elminin ən yüksək göstəricilərindəndir. Napoleon döyüş sənətində müstəsna hücumçu strategiyaları ilə yadda qalmışdır. O, sürətli və kütləvi hücumlarla rəqibin ordusunu parçalamaq taktikasını mükəmməl bilirdi. Lakin Atatürk xüsusilə Çanaqqala döyüşündə müdafiə strategiyasına yenilikçi yanaşma ilə seçildi. O, topoqrafiyanın üstünlüklərindən istifadə, lokal ehtiyatların optimal yerləşdirilməsi, psixoloji amillərin ustalıqla idarə olunması və sürətli operativ qərarvermə ilə müdafiə meydanını yaradıcılığın zirvəsinə çevirdi. Bu baxımdan Çanaqqala müdafiəsi dünyanın ən uğurlu müdafiə əməliyyatlarından biri sayılır. Napoleon hərbi zəfərləri ilə böyük bir imperiya qurmuş olsa da, onun yaratdığı siyasi sistem uzunömürlü olmadı və sərkərdənin məğlubiyyəti ilə imperiya da çökməyə başladı. Atatürk isə hərbi qələbəni yalnız cəbhədə deyil, siyasi sistemin qurulmasında da davam etdirdi. O, milli dövlətin əsaslarını qoydu, siyasi, hüquqi və mədəni islahatlarla qələbəni institusional formaya saldı. Bu baxımdan Atatürkün qələbəsi yalnız müvəqqəti hərbi uğur deyil, davamlı dövlətçilik modeli yaratmış tarixi hadisədir.
Bonapart Napoleonun əsas zəif cəhətlərindən biri məğlubiyyətlər qarşısında strateji inadkarlıq və riskə həddindən artıq meyillilik idi. Rusiya yürüşü bunun klassik örnəyidir. Atatürk isə hərbi qərarlarında soyuqqanlılıq, analitik təhlil və praqmatizmlə seçilirdi. O, zəruri hallarda geri çəkilməni, qüvvələrin yenidən təşkilini və daha əlverişli meydanda üstünlük qazanmağı strateji üstünlük hesab edirdi. Bu elastiklik onun müharibənin kritik dönəmlərində itkiləri minimuma endirməsinə şərait yaratdı. Napoleonun döyüşdüyü dövlətlər arasında güclü ittifaqlar olsa da, bu koalisiyalar çox hallarda davamlı deyildi. Atatürk isə dünyanın ən böyük hərbi-siyasi güclərindən ibarət real və genişmiqyaslı koalisiyaya qarşı mübarizə apardı. İngiltərə, Fransa, İtaliya, Yunanıstan və digər qüvvələrin müxtəlif regionlarda apardıqları işğal əməliyyatlarına qarşı qazanılan qələbə Atatürkün çoxcəhətli strateji düşüncəsinin təzahürüdür. Bu cür koalisiyaya qarşı qalib gəlmək müasir hərb tarixi baxımından nadir haldır. Atatürk öz döyüşçüləri ilə psixoloji bağ qura bilən nadir sərkərdələrdən idi. O, əsgərlərlə səngərdə olmaqla, onlara öz nümunəsi ilə ruh verərək ordunun döyüş qabiliyyətini yüksəldirdi. “Taarruzu deyil, ölməyi əmr etmək” kimi ifadələr təkcə əmri deyil, psixoloji mobilizasiya mexanizmini əks etdirirdi. Napoleonun ordusu isə əsasən dövlət gücünə və imperiya ideologiyasına bağlı motivasiya ilə döyüşürdü.
Nəticə olaraq onu demək mümkündür ki, həm Atatürk və həm də Napoleon hərb tarixinə iz qoymuş iki dahi sərkərdədir. Lakin Atatürkün Napoleondan üstünlüyü bir neçə strateji müstəvidə özünü göstərir: resursların məhdud olduğu şəraitdə qələbə qazanması, müdafiə strategiyasındakı yaradıcılığı, hərbi zəfərləri siyasi sistemlə davamlı şəkildə inteqrasiya etməsi, strateji elastikliyi və beynəlxalq koalisiyalara qarşı uğuru. Bunlardan əlavə Napoleon Bonapartla müqayisədə Atatürk ordunun maneələr və məhdud resurslar qarşısında çevik hərəkət etməsini təmin etmişdir. Britaniya tarixçisi Andrew Roberts yazırdı ki, Napoleon kimi, Atatürk də sürətli qərarlar qəbul etmə və düşməni gözlənilməz taktikalarla məğlub etmə bacarığına malik idi Lakin Atatürk hücum və müdafiəni tarazlayaraq, müdafiədə uğurlar qazanmaqda da əvəzolunmaz idi. Məsələn, Çanaqqala döyüşündə onun müdafiə strategiyası dünya hərbi tarixinə nümunə olmuşdur.
HAŞİYƏ- Bu iki böyük sərkərdənin müqayisəsində ən ilginc bir məqamdan da yazmaq lazımdır. 18 iyun 1815-ci ildə Vaterloo döyüşündə Napoleon 75 minlik ordusu ilə Britaniya və Niderland qoşunları komandanı Duke of Wellington (Arthur Wellesley) və Prussiya ordusu komandanı Prussiya feldmarşalı Gebhard Leberecht von Blücherin 118 minlik ordusuna məğlub oldu. Tarixçilər bu məğlubiyyətin əsas səblərindən biri olaraq Bonapart Napaleonun strateji səhvələrini göstərir. Bu məğlubiyyət Fransada Napoleona qarşı ciddi siyasi təzyiq yaratdı. Parisə qayıtdıqdan sonra Deputatlar Palatası və aristokratiya, ölkəni yeni müharibədən qorumaq üçün, ondan taxtdan imtina etməyi tələb etdilər. 22 iyun 1815-ci ildə Napoleon ikinci dəfə taxtdan imtina etməyə məcbur oldu və oğlu II Napoleonu “imperator” kimi elan etdi. Lakin Avropa dövlətləri onun qərarını tanımadı.
Taxtdan imtina etdikdən sonra Napoleon əvvəlcə Amerikaya qaçmaq istədi. Bu məqsədlə Rochefort limanında gəmilər hazırlandı, lakin Britaniya donanması Atlantik okeanı istiqamətini blokadaya aldığından bu istək baş tutmadı. Sonra Napaleon Fransada müqavimət hərəkatı yaratmaq fikrinə düşdü. Senat bu istəyin əleyhinə çıxdıqdan sonra Napaleon Böyük Britaniyaya sığınmaq qərarına gəldi. Napoleon Britaniyanı “siyasi rəqib, lakin şərəfli düşmən” hesab edirdi və özünə qarşı ədalətli davranılacağına inanırdı. 15 iyul 1815-ci il səhəri Napoleon ailə üzvləri və sadiq zabitləri ilə birlikdə Rochefort yaxınlığında lövbər salmış HMS Bellerophon gəmisinə minərək özünü Britaniya hökumətinə təslim etdi. Və təslim anında sonradan məşhur olacaq bu sözlər dedi: “İngiltərə ən qədim və ən ədalətli düşmənimdir. Özümü onun qanunlarına təslim edirəm.”
Napoleon İngiltərəyə aparılarkən bir neçə gün Bellerophon gəmisində saxlanıldı. İngiltərə parlamentində və kabinetdə uzun müzakirələr aparıldı. Nəhayət, 2 avqust 1815-ci ildə Britaniya hökuməti rəsmi qərar verdi: Napoleon İmperator kimi yox, hərbi əsir kimi qəbul edilir və Atlantik okeanın cənubunda, Müqəddəs Yelena adasında ömürlük nəzarətdə saxlanılacaq. Napoleon 7 avqust 1815-ci ildə Northumberland adlı hərbi gəmiyə köçürüldü. Səyahət təqribən 2 ay çəkdi. O, “Longwood House” adlı rütubətli, sağlıqlı olmayan bir ərazidə yerləşdirildi. Napoleon Müqəddəs Yelenada 6 il yaşadı. Və 1821-ci il may ayının 5-də “Longwood House”də vəfat etdi...
Mustafa Kamal Atatürkün də komandanlarından biri olduğu Çanaqqala Savaşında 250 minlik Türk ordusu müttəfiqlərin 500 minlik ordusunu məğlub etməyi bacardı. İstiqlal savaşına 7 minlik əsgərlə başlayan Mustafa Kamal Atatürk elə bir ordu yaratmağa nail oldu ki, Türkiyə istiqlaliyyətinə qovuşdu. Mustafa Kamal Atatürk nəinki əsir düşdü, o, heç bir savaşda məğlub olmadı. Atatürk yoxdan bir dövlət yaratdı. Əbədiyyətə qovuşduqdan bu günə qədər, daha doğrusu, sonsuzadək Mustafa Kamal Atatürk müzəffər komandan və türk dünyasının ATATÜRKÜ kimi xatırlanacaq. 87 ildir bütün dünya cümlə türklərin hər ilin 10 noyabrını- Mustafa Kamal Atatürkün dünyasını dəyişdiyi günü necə xatırladığını heyrətlə izləməkdədir. Fransızların “ən böyük sərkərdə” adını verdiyi Bonapart Napaleon isə uzaq bir adada dünyasını dəyişdi...
Mustafa Kamal Atatürkün hərbi liderliyini dünya sərkərdələri kontekstində müqayisəli şəkildə təhlil etdikdə onun təkcə Bonapart Napaleondan deyil, digərlərindən də yuxarıda dayandığı məlum olur. Tarixi mənbələr- Lord Kinross, Andrew Mango, Edward Erickson, John Keegan, Arnold Toynbee, Ian Hamilton kimi müəlliflərin kitablarındakı sitatlar Mustafa Kamal Atatürkün XIX–XX əsrlərin məşhur sərkərdələri olan Napoleon Bonapart, Helmuth fon Moltke, Georgi Jukov, Erwin Rommel, Aleksandr Suvorov, Vo Nguyen Giap və digərləri ilə müqayisədə hansı sahələrdə üstün olduğunu təsdiq edir. Mustafa Kamal Atatürk dünya hərb tarixində klassik komandanlıq ənənələrinə bağlı, eyni zamanda modern müharibə strategiyasına uyğun fəaliyyət göstərən nadir sərkərdələrdən biridir. O, sıfıra yaxın resurs, dağılmış imperiya, zəif silahlanma, düşmən qüvvələrin hərbi üstünlüyü şəraitində həm Çanaqqala döyüşünü, həm də İstiqlal Müharibəsini qazanmışdır.
Tarixçi Lord Kinross “ Atatürk: The Rebirth of a Nation” kitabında yazır ki: “Atatürk XX əsrin ən böyük hərbi liderlərindən biridir.”
Məşhur hərb tarixçisi John Keegan isə “A History of Warfare” kitabında böyük Türk sərkərdəsini belə dəyərləndirib: “Sakarya döyüşündə Atatürk müasir müdafiə strategiyasını ən mükəmməl formada tətbiq etmişdir.”
“Atatürkün strategiyası nə Napoleonun ekspansionizminə, nə Rommelin riskli manevrlərinə, nə də Jukovun kütləvi hücum tezisinə uyğun gəlirdi. O, resurs çatışmazlığına görə intellektual üstünlüyü maksimal dərəcədə işə salırdı. Atatürk hərbi düşüncə tərzində rasionalizmi ən yüksək səviyyədə tətbiq edirdi. O, emosional qərarlar qəbul etmirdi. Atatürk XIX əsrin ən güclü hərbi strateqlərindən biri sayılan Helmuth Karl Bernhard von Moltkenin sistemliliyini, Rusiya sərkərdəsi Aleksandr Suvorovun cəsarətini və Karl fon Klauzevitsin (Prussiyalı hərb nəzəriyyəçisi, general və klassik hərbi strateqdir. O, dünya hərb elminin ən məşhur fiqurlarından biridir və ən çox “Vom Kriege” (“Müharibə haqqında”) adlı monumental əsəri ilə tanınır) analitikliyini özündə birləşdirən nadir komandan idi.” Bu sözlər Andrew Mangonun “Atatürk” kitabındadır. Daha bir Amerikalı hərbi tarixçi Edward Erickson “Gallipoli: The Ottoman Army in the First World War” kitabında bunu yazır: “Atatürk 25 aprel 1915-ci ildə döyüşün taleyini bir neçə dəqiqədə dəyişdirdi.”
Paul Kennedy- dünyaca məşhur Böyük Britaniya tarixçisi, beynəlxalq münasibətlər üzrə nəzəriyyəçi və geostrateqdir. O, xüsusilə imperiyaların yüksəlişi və çöküşü, böyük güc siyasəti, qlobal güc balansı, stratejik tədqiqatlar sahəsində ən nüfuzlu alimlərdən biridir. Paul Kennedy “The Rise and Fall of the Great Powers” kitabında bunları yazır: “Mustafa Kamal Atatürk realist strategi düşüncə tərzi ilə Napoleonun romantik imperiya quruculuğundan tamamilə fərqlənirdi.” Dəyərli oixucu, Mustafa Kamal Atatürk haqqında deyilənlərə diqqət edin:
1. Lord Kinross: “Atatürk Çanaqqalanın taleyini dəyişdirən adam idi.”
2. Ian Hamilton “Mustafa Kamal döyüşün dönüş nöqtəsidir.”
3. 3. Andrew Mango: “Atatürk hərbi zəkası ilə dövrünün bütün generallarından seçilirdi.”
4. Erickson: “1915 və 1921-ci ildə göstərdiyi komandanlıq Avropa generallarının əksəriyyətini geridə qoyurdu.”
5. Keegan: “Atatürk müdafiənin müasir modelini yaratdı.”
6. 6. Toynbee: “Türklərin göstərdiyi müqavimət dünya miqyasında möcüzə idi və bu möcüzənin adı Mustafa Kamal idi.”
Unutmayın ki, son üç əsrdə nəinki Türk coğrafiyasında, ümumilikdə İslam dünyasında heç bir sərkərdəyə bu tərzdə dəyər verilməyib. Ən ilginci isə odur ki, Mustafa Kamal Atatürkün şəxsiyyət, dövlət başçısı və sərkərdə kimi lideliyini qəbul edənlərdünyanı idarə edən imperialist güclərin-ABŞ-nin, Fransanın, Böyük Britaniyanın... tarixçiləri və yazarlarıdır.
Tarixi mənbələrə, dövrün şahidlərinə, müasir tarixçilərin elmi araşdırmalarına istinadən demək olar ki: Atatürk dünya tarixinin ən yüksək strategiya səviyyələrindən birinə malik olmuş sərkərdələr siyahısının ön cərgəsində durur. Onun digər dünya sərkərdələrdən üstün olan özəlliklərini belə sıralamaq mümkündür: 1. Az resursa rəğmən böyük nəticələr əldə etdi; 2. Strateji realizmə və taktiki çevikliyə malik idi; 3. Dövlət quruculuğu üstəgəl hərbi komandanlığın sintezini ortaya qoymağa nail oldu; 4. Döyüşün psixoloji aspektlərinə hakimiyyətini əsla itirmədi; 5. Müdafiə və hücumu sintez edən operativ dahilik sərgiləyirdi. Digər tərfədən Mustafa Kamal Atatürkü üstün edən ən böyük faktor onun intellektual liderlik gücü və hərbi zəkasının nadirliyi idi. Obrazlı ifadə etsək, Mustafa Kamal Atatürkdə Napoleonun taktika çevikliyi, üstəgəl G.Jukovun strateji qətiyyəti, üstəgəl Vellinqtonun müdafiə dahiliyi, üstəgəl Grantın dövlətqurucu liderliyi cəm olmuşdu...
Dəyərli oxucu, yalnız Mustafa Kamal Atatürk haqqında dünyanın ən məşhur insanlarının-tarixçilərin, sərkərdələrin, səlnaməçilərin, dövlət başçılarının... dediklərindən ibarət bir kitab yazmaq olar. Adını düşmənlərin belə sayğı ilə andığı, 300 milyonluq türk dünyasının qürur duyduğu böyük İnsan həm Şəxsiyyət, həm Dövlət başçısı, həm də Sərkərdə kimi liderlik zirvəsinə necə çatdı? O, bu zirvəyə çatmaq üçün hansı aşırımları keçdi, hansı məşəqqətlər yaşadı? Dünyanın bu qədər önəm verdiyi Mustafa Kamal Atatürk kim idi? O BÖYÜK ŞƏXSİYYƏTİN bioqrafiyasına nəzər yetirməyin vaxtıdır.


















