"Xarici İşlər Nazirliyi tərəfindən mənə və digər gənclərə qarşı olunan qanunsuz hesab etdiyim əməllər, eyni zamanda Xarici İşlər Nazirliyinə qarşı müvafiq məhkəmədə iddia qaldırdığım iddia üzrə məhkəmə proosesi başlayıb".
Bu barədə Mia.az-a Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 20/2a-da yaşayan, 2022-ci ilədə XİN-ə işə qəbulda yüksək nəticələrlə uğur qazansa da, işlə təminindən imtina olunan Qəzənfər Malik oğlu Paşayev məlumat verib.
Onun sözlərinə görə, 30 iyul 2024-cü il tarixində iş üzrə hazırlıq iclası keçirilib: "İclasda Nazirliyin nümayəndəsi ona verilən sualların heç birinə cavab verə bilmədi. Nazirlik tərəfindən məhkəməyə etiraz məktubu verildi. Həmin etiraz məktubunda isə ziddiyyətli ifadələr işlənib. Baxın, etiraz məktubunun bir hissəsində deyilir ki, Xarici İşlər Nazirliyinə dəvət olunaraq mənimlə guya söhbət aparılmış və aidiyyəti məlumatlar diqqətimə çatdırılmışdır. Etiraz məktubunun digər hissəsində isə bildirilir ki, həmin məlumatlar əldə olunması qanunla məhdudlaşdırılan məlumatlardır və Nazirlik əldə olunmuş məlumatı onu əldə etmək səlahiyyətinə malik olmayan şəxsə təqdim etməmək hüququna malikdir. Ziddiyyətli məqamdan əlavə, çox maraqlıdır ki, şəxs özü barəsində toplanmış fərdi məlumatları necə ola bilər ki, əldə etmək səlahiyyətinə malik olmaya bilər?!
Bir daha bildirim ki, Nazirlik və DİM tərəfindən diplomatik xidmət orqanlarına 2022-ci ildə keçirilən imtahanların bütün mərhələlərini uğurla keçsəm də, 1 il 6 ay ehtiyat kadrlar siyahısında saxlanıldıqdan sonra mənə bildirilib ki, guya barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlanıb və həmin halların nədə ehtiva olunması barədə isə məlumat verilə bilməz, çünki, qanunla əldə olunması məhdudlaşdırılan məlumatlardır".
Q.Paşayev Mia.az-a məktubunda məhkəməyə göndərdiyi Vəsatəti də təqdim edib: "Vəsatətdə Xarici İşlər Nazirliyinə 10 sual ünvanlamışam, eyni zamanda təhlükəsizlik sorğuları ilə bağlı barəmdə toplanılmış məlumatlar barədə Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərilməsini xahiş etmişəm. Belə ki, Dövlət Təhlükəsizlik Xidmətindən mənə şifahi formada bildirilib ki, barəmdə müsbət rəy verilmişdir, Nazirlik isə israrla bildirir ki, onlar həmin qurumun rəyinə əsasən məni diplomatik vəzifəyə təyin etməkdən imtina edirlər".
VƏSATƏTDƏ PAŞAYEV NƏLƏR TƏLƏB EDİB?
Q.Paşayev vəsatədə aşağıdakı halları tələb edib:
"Möhtərəm hakim!
Mən, iddiaçı Qəzənfər Malik oğlu Paşayev cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənim diplomatik vəzifəyə təyin olunmağım və 20 aylıq müddətdə cavabdehin qanunsuz hesab etdiyim aktı nəticəsində diplomatik
vəzifəyə təyin olunmamağımla bağlı mənə dəyən maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etmişəm.
30 iyul 2024-cü ildə işin hazırlıq icraatı üzrə məhkəmə iclası keçirilmiş və cavabdehin nümayəndəsi ona ünvanlanan sualların heç birinə cavab verə bilməmiş və həmin suallara cavabların yalnız Xarici işlər nazirliyinin kadrlar idarəsindən, təhlükəsizlik sorğuları ilə bağlı sualların isə müvafiq təhlükəsizlik sorğularını həyata keçirən qurumdan əldə ədilə biləcəyini qeyd etmişdir. İşin halların hərtərəfli, obyektiv, düzgün araşdırılması məqsədilə, Xarici İşlər Nazirliyinə müvafiq sualların təqdim olunması və AR Dövlət Təhlükəsizlik Xidmətinə müvafiq sorğuların göndərilməsi olduqca əhəmiyyətlidir.
Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinə ünvanlanan suallar aşağıdakılardır:
1) Təhlükəsizlik sorğuları ilə bağlı müvafiq qurumun əməkdaşı ilə 20 iyun 2022-ci ildə Nazirliyin inzibati binasında profilaktik söhbət aparılmış və söhbətin nəticəsində qurumun əməkdaşı mənim barəmdə müsbət fikirlər səsləndirmiş və yaxın zamanlarda diplomatik vəzifəyə təyin olunacağımı bildirmişdir. Daha sonra 25 iyul 2022-ci il tarixində Nazirlik özünün 345/22 saylı mətbuat buraxılışında rəsmi şəkildə bildirmişdir: “69 nəfər namizəd diplomatik xidmət orqanlarına qəbul üzrə imtahanları uğurla başa vurub və onların hər birinə ölkəmizin diplomatik fəaliyyəti sahəsində uğurlar arzulayırıq”. Həmin 69 namizədin arasında mən də olmuşam. Təhlükəsizlik sorğuları həyata keçirildikdən, rəsmi məlumat KİV-də yayımlandıqdan sonra necə ola bilər ki, mənimlə bağlı təhlükəsizlik sorğularında 1 il 6 ay sonra problem yaranır?!
2) 2022-ci il 23 yanvar-02 iyun tarixlərində keçirilmiş imtahanların müsahibə mərhələsindən öncə 2022 mart-may aylarında müsahibəyə daxil olacaq bütün namizədlərin şəxsi işləri yoxlanılmış və 113 namizəddən yalnız 106-sı müsahibə mərhələsinə buraxılmışdır. Sual olunur, necə olur ki, həmin vaxt mənimlə bağlı təhlükəsizlik sorğularında problem yaranmasa da, 1 il 6 ay sonra “möcüzəvi şəkildə” müxtəlif hallar aşkarlanır?!
3) 2022-ci il sentyabr ayında mənimlə bərabər ehtiyat kadrlar siyahısında olan 38 nəfər ehtiyat kadrlar siyahısından çıxarılaraq diplomatik vəzifəyə təyin olunmuşdur. Bu, onu göstərir ki, bütün namizədlər barədə təhlükəsizlik sorğuları artıq yekunlaşmışdı, yoxsa həmin namizədlər üçün təhükəsizlik sorğuları 1 dəfə həyata keçirilib, mən və digər barəmdə guya diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarladığınız
namizədlərlə bağlı bir neçə dəfə təhlükəsizlik sorğuları həyata keçirilib?
4) Müsahibədən öncə bütün namizədlərə təqdim etdiyiniz Müsahibə qaydaları barədə reqlamentdə qeyd olunur ki, nadir dil biliklərinə malik, yüksək nəticə toplayan, yüksək ixtisas göstəricilərinə malik namizədlər ehtiyat kadrlar siyahısından daha öncə çıxarılaraq diplomatik vəzifəyə təyin olunur. Necə ola bilər ki, 2022-ci il sentyabr ayında diplomatik vəzifəyə təyin etdiyiniz 38 nəfərin bir çoxu qeyd olunan kriteriyalarda məndən və
barəsində diplomatik vəzifəyə mane olan hallar aşkarladığınız digər namizədlərdən aşağı göstəricilərə malikdirlər.
5) Necə ola bilər ki, hətta 2023-cü il mart-avqust aylarında bir daha göstəriciləri məndən və digər bəzi namizədlərdən xeyli aşağı olan namizədlər diplomatik vəzifəyə təyin olunur, ancaq mən və digər yüksək nəticə əldə edən namizədlərə yenə təyinat verilmir?!
6) Əgər göstərilən zaman zərfində mənim diplomatik vəzifəyə təyin olunmamağım barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan halların yaranması ilə bağlı idisə nəyə görə 1 il 6 ay ərzində mənə bu barədə məlumat verilmirdi?! Yox, əgər deyildisə nəyə görə mən ehtiyat kadrlar siyahısında bu qədər uzun müddət saxlanılmışam?!
7) Müsahibədə öncə namizədlərə təqdim olunan musahibə qaydalarına əsasən, ehtiyat kadrlar siyahısından çıxarılan namizədlərə bu barədə yazılı məlumat təqdim edilir. 11 oktyabr 2023-cü ildə, yəni, müsabiqənin nəticələri elan olunan tarixdən 1 il 6 ay keçdikdən sonra Nazirliyin əməkdaşı yalnız şifahi şəkildə mənim diplomatik vəzifəyə təyin olunmağımın mümkünsüz olduğu barədə mənə bildirmiş, yazılı inzibati aktın təqdim
olunmasının mümkün olmadığını qeyd etmişdir. Yalnız müxtəlif qurumlara müraciət etdikdən sonra yazılı cavab ala bilmişəm. Sual olunur niyə?!
8) Nazirliyin 345/22 saylı mətbuat buraxılışında 69 nəfərin diplomatik xidmət orqanlarına qəbul imtahanlarını uğurla başa vurduğu(https://www.mfa.gov.az/az/news/no34522) barədə məlumat dərc olunmuşdur. Lakin məhkəməyə və Ombudsmana təqdim olunan
məktubda, 67 nəfərin imtahanları müvəffəqiyyətlə keçdiyi, 4 nəfər barəsində diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlandığı, 5 nəfərin isə imtina ərizələri təqdim etdikləri qeyd olunmuşdur. Yəni, 58 nəfər diplomatik vəzifəyə təyin olunub. Göründüyü kimi, rəqəmlər arasında ziddiyyətlər mövcuddur. Ziddiyyətlərin olması, həqiqətən də prosesin qeyri-şəffaf keçirilməsini deməyə əsas vermirmi?
9) Məhkəməyə təqdim olunan etiraz məktubunda ziddiyyətli ifadələr işlənmişdir. Belə ki,etiraz məktubunun 1 hissəsində deyilir ki,Xarici İşlər Nazirliyinə dəvət olunaraq mənimlə guya söhbət aparılmış və aidiyyəti məlumatlar diqqətimə çatdırılmışdır. Etiraz məktubunun digər hissəsində isə bildirilir ki,həmin məlumatlar əldə olunması qanunla məhdudlaşdırılan məlumatlardır və Nazirlik əldə olunmuş məlumatı onu əldə etmək səlahiyyətinə malik olmayan şəxsə təqdim etməmək hüququna malikdir. Ziddiyyətli məqamdan əlavə, çox maraqlıdır ki, şəxs özü barəsində toplanmış fərdi məlumatları necə ola bilər ki, əldə etmək səlahiyyətinə malik olmaya bilər?!
10) Diplomatik xidmət haqqında Qanunun 7ci maddəsində diplomatik vəzifəyə təyin edilmə halları öz əksini tapmışdır. Qanunda qeyd olunur ki, “Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə, sağlamlıq vəziyyətinə malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər”.
Keçirilmiş imtahanların nəticəsində müsabiqə komissiyası, diplomatik xidmətə qəbul üçün bütün zəruri keyfiyyətlərə malik olduğum qənaətinə gəlmiş və 5 üzərindən 3.9 balla qiymətləndirmişdir. Sual olunur, bu Qanunda göstərilən bütün keyfiyyətlər müvafiq müsabiqə komissiyası tərəfindən yoxlanıldıqdan sonra necə ola bilər ki, barəmdə diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlanır?!
Təhlükəsizlik sorğuları ilə bağlı:
Təhlükəsizlik sorğuları ilə bağlı Nazirliyin əməkdaşı bildirmişdir ki, barəmdə olan məlumatlar qanunla əldə olunması məhdudlaşdırılan məlumatlardır və informasiya sahibi AR Dövlət Təhlükəsizlik Xidmətidir. İnformasiya əldə etmək haqqında AR Qanunun 38-ci maddəsinə
əsasən, Əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Həmin Qanunun 38.6.6-cı maddəsinə əsasən məlumatların qanunla əldə olunması
məhdudlaşdırılmış və xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatlar kateqoriyasına aid olmalarına baxmayaraq, əgər məlumatlar fiziki şəxslərin özləri barəsindədirsə, fiziki şəxslər həmin məlumatları əldə edə bilər. Bu baxımdan, barəmdə toplanılmış məlumatlarla bağlı AR
Dövlət Təhlükəsizlik Xidmətinə müvafiq sorğu göndərilməsi iş üzrə qərarın qəbul olunması üçün yekun nəticəyə gəlməkdə olduqca önəmlidir. Belə ki, mənim diplomatik vəzifəyə təyin olunmağımın mümkünsüz hesab edilməsi barəmdə məhz diplomatik vəzifəyə təyin olunmağa
mane olan halların aşkarlanması və həmin halların barəmdəki mənə naməlum, lakin Nazirlik və müvafiq təhlükəsizlik orqanına məlum olan məlumatlarla bağlı olduğu Nazirlik tərəfindən bildirilir.
AR Konstitusiyasının 32-ci maddəsinə əsasən, Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə
edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. AR İnzibati Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri
sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində
işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, xaiş edrəm 9026/2024 saylı işin hallarının obyektiv, hərtərəfli, düzgün araşdırılması üçün lazımi sübutların əldə edilməsi, eyni zamanda informasiya əldə etmək hüququnun təmin olunması üçün:
1) Yuxarıda qeyd olunan 10 sual Xarici işlər Nazirliyi tərəfindən tam, hərtərəfli şəkildə cavablandırılaraq məhkəməyə təqdim olunması ilə bağlı məhkəmə tərəfindən sorğu göndərilsin.
2) Suallara tam, hərtərəfli cavab verə biləcək Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin əməkdaşının 25 sentyabr 2024-cü ildə keçiriləcək məhkəmə iclasında iştirakı təmin olunsun.
3) Diplomatik xidmətə qəbul imtahanlarında iştirakım,diplomatik vəzifəyə təyin olunmağımla əlaqədar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən barəmdə toplanılmış məlumatlar, məlumatlarda diplomatik vəzifəyə təyin olunmağa mane olan hallar aşkarlanıbsa həmin hallar barədə məlumat verilməsi üçün məhkəmə tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə müvafiq sorğu göndərilsin".
Qeyd edək ki, növbəti məhkəmə prosesi 25 sentyabr saat 16:35-də Bakı İnzibati Məhkəməsində keçiriləcək.
Şikayətlə bağlı XİN-in də mövqeyini yaymağa hazırıq.
Samir MUSAYEV