Avqustun 10-da gecə saatlarında Kürdəmir-Zərdab yolunda 3 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"Qafqazinfo"nun məlumatına görə, son 2-3 ildə bu yolda 10-dan artıq ölümlə nəticələnən qəza baş verib ki, həmin hadisələrin də, demək olar ki, hamısında avtomobillər aşıb.
Belə ki, təmir edildikdən sonra heç bir radarın quraşdırılmadığı və xəbərdarlıqedici işarələrin çox az olduğu bu yolda bir neçə təhlükəli sərt döngə mövcuddur. Nəzarətin zəifliyi isə sürücülərin burada nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsinə və tez-tez ağır qəzaların baş verməsinə səbəb olur.
Təxminən 10 kilometr uzunluğu olan hissədə indiyədək çoxsaylı faciə yaşanıb ki, onların bəzilərinin qurbanı tanınmış şəxslər və ya onların yaxın adamları olublar. Belə ki, Vətən müharibəsi şəhidi, Zərdab rayon, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Günel Ələsgərovanın olduğu "Ford" markalı avtomobil burada aşıb. Həmin vaxt şəhidin xanımı ilə yanaşı sürücü də hadisə yerində vəfat edib.
Ötən ilin oktyabrında isə Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun idarə etdiyi "Toyota Prado" avtomobili bu ərazidə aşıb. Hadisə vaxtı Vətən müharibəsi şəhidi olan oğlu İsrafil İbrahimovun anım tədbirinə gedən ailə üzvlərindən şəhidin nənəsi vəfat edib. Avtomobildə olan digər şəxslər isə xəsarət alıblar.
Ötən ilin avqustunda "Mitsubishi L200" avtomobili yoldan çıxaraq kanala aşıb və iki nəfər hadisə yerində boğularaq ölüb.
Bu ilin 8 aprel tarixində də qeyd edilən yolda ölümlə nəticələnən qəza baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri vəfat edib.
Son olaraq iki gün əvvəl baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən hadisə aidiyyəti qurumların bu yolla bağlı nəzarəti artırmalı və digər tədbirlər görməli olduğunu sübut edir.