Azərbaycanda yeni tədris ilinin başlanmasına qısa müddət qalıb. Tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Yeni tədris ilinə görə kirayə mənzillərin qiymətində də artım müşahidə edilir. Ona görə də kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Təəssüf ki, ölkədəki universitetlərin də hamısının yataqxanası yoxdur.
"Report" mövzunun aktuallığını nəzərə alaraq bəzi universitetlərin yataqxanaları, oradakı mövcud şəraiti və qiymətlərini araşdırıb.
Bakı Dövlət Universitetindən (BDU) sorğuya cavab olaraq bildirilib ki, BDU-nun "Tələbə evi" 220 nəfərlikdir:
"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən, şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və digərləri qəbul edilirlər. Aylıq ödəniş bir nəfər üçün 75 manatdır".
Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib ki, təhsil müəssisəsinin yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıblar. Qeyd edilib ki, son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır:
"Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin yataqxanası 320 nəfərlikdir, bir otaq 100 manatdır, hər otaqda iki-üç tələbə qala bilir:
"Əsasən, xarici tələbələr üçün nəzərdə tutulub, yerli tələbələr də qala bilirlər. Bundan əlavə, sosial həssas qrupdan olan tələbələr müraciət etdikdə universitet onların xərclərini qarşılayır və həmin tələbələr yataqxanadan pulsuz istifadə edə bilirlər".
Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin beş yataqxanası var:
"Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək".
Xəzər Universitetindən isə məlumat verilib ki, ali təhsil müəssisəsinin yataqxanası 98 nəfərlikdir. Bir mərtəbə tamamilə qızlara, digər mərtəbələr oğlanlara aiddir. Aylığı 120-150 manat arasında dəyişir.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, universitetin Bakıda beş yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb:
"ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunurlar. Bütün otaqlar tam təmirlidir".
Hazırda Azərbaycan Tibb Universitetində isə dörd yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb. Yataqxanaların ümumi tutumu 1 000 nəfərə yaxındır:
"1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz, 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünümaliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş birnəfərlik otaqlar üçün ayda 110 AZN, 2 nəfərlik otaqlar üçün ayda 80 AZN, 3-4 nəfərlik otaqlar üçün isə 60 AZN təşkil edir".
Məlumatda, həmçinin, bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilirlər:
"Qazi uşaqlarına və I qrup əlil valideyni olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları həmişə rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur".
Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, 2024/25-ci tədris ilində 500 və ondan daha çox balla nəticə göstərmiş hər bir tələbə yataqxanada pulsuz qala biləcək:
"Yataqxanada ödəniş 1 tələbə üçün 50 AZN təşkil edir. Yataqxananın tutumu ümumi 256 yerlikdir. 2019-cu ildə yenidən əsaslı təmir olunduğu üçün binanın yenilənməsi nəzərdə tutulmur. Yeni yataqxananın tikilməsi gələcəkdə nəzərdə tutula bilər".
Bu il Xankəndidə tədrisə başlayaq Qarabağ Universitetində nəzərdə tutulan yataqxana həm müəllimlər, həm də tələbələr üçün ödənişsiz olacaq.
Azərbaycan Dillər Universitetindən sorğuya cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:
"Oğlanlar üçün isə 1 saylı yataqxanada məcburi köçkünlər yerləşdirildiyindən hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək".
Lənkəran Dövlət Universitetindən (LDU) sorğuya cavab olaraq məlumat verilib ki, 2019-cu ildə universitetin 1 saylı tədris binasına bitişik dördmərtəbəli yeni tədris binası tikilib, eyni zamanda, yeni 3 saylı tədris binası və müasir tipli 160 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib. Xidmət haqqı 60 manatdır. Bütün kommunal xərclər daxildir.
Bakı Mühəndislik Universiteti (BMU) ilə də maraqlandıq. Universitetdən sorğuya cavab olaraq bildirilib ki, oğlan və qızlar üçün 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir, xidmət haqqı 50 manatdır:
"Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq, hər iki yataqxanada yaxınlarını görməyə gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə üç dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur. Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir".
Məlumatda, həmçinin, qeyd edilib ki, otaqlarda və dəhlizlərdə yanğından müdafiə qurğuları, yanğın xəbərdarlığı sistemləri yerləşdirilib:
"Yataqxanalarda bir kitabxana və dörd dərs çalışma otağı tələbələrin istifadəsinə verilib. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb".
Mingəçevir Dövlət Universitetindən (MDU) məlumat verilib ki, hazırda universitetin yataqxanası mövcud deyil:
"Hazırda MDU-nun 7 hektarlıq ərazidə kampusu tikilməkdədir. 10 000 nəfərlik tələbə kontingentinin yerləşə biləcəyi kampusda yataqxana, hotel binası, qonaq alimlərin qala bilməsi üçün studiya tipli mənzillər yer alacaq".