Elektromobil sahiblərinin yaşadıqları bina ərazisindəki park yerlərində avtomobillərini elektriklə təmin edə bilməməsi narazılıq yaradıb.
Lim10.az-a müraciət edən elektromobil sahibi qeyd edib ki, yaşadıqları binanın dayanacaq yerində onlara öz sayğaclarına qoşulmuş enerjidoldurucu qoşmağa icazə verilmir.
Vətəndaş qeyd edib ki, onlar əvvəllər əlavə mexaniki sayğaclar qoşmaqla avtomobillərini enerji ilə təmin ediblər və buna görə binanın komendantına əlavə pul ödəyiblər. Amma "Azərişıq" ASC-nin əməkdaşları vəziyyətdən xəbər tutandan sonra buna icazə verilməyib:
"Onlar bildirdilər ki, bu, doğru deyil. Bu şəkildə enerji yığmaq üçün sizin texniki şərtiniz olmalıdır. Bunun üçün isə "ASAN Kommunal"a müraciət etməlisiniz. Bu, 1 200-1 300 manata başa gələcək", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şikayətçi ilə əlaqə saxlanılıb.
"Şikayətçi etiraf edib ki, sözügedən yerin sənədi yoxdur və "ASAN Kommunal"a müraciət etməyib. Sadəcə kimlərdənsə eşitdiklərini mülahizə əsasında danışıb.
Elektrikli avtomobillərin yaşayış binası ərazisindəki park yerlərində enerji yığmasını təmin etməyin qaydası olduqca sadədir. Bunun üçün sayğac quraşdırılacaq yerin sənədi olmalıdır və həmin sənəd yük hesabatı haqqında arayışla (yəni sayğacın təyinatı ilə bağlı - red.) birlikdə "ASAN Kommunal"a təqdim olunmalıdır. Məhz bu iki sənəd əsasında həmin yer sayğacla təmin olunur. Yəni sənədi olmayan ərazi sayğacla təmin olunmur", - deyə V.Aydınoğlu vurğulayıb.
İstənilən yerdə sayğacın quraşdırılmasına niyə icazə verilməməsinə gəlincə isə, "Azərişıq" ASC-dən bildiriblər ki, hər bir bina tikiləndə müəyyən texniki şərtlər əsasında təhvil verilir və məhz həmin texniki şərtlərə əsasən də binalar elektrik enerjisi ilə təmin olunur.
Vətəndaşların icazəsiz müdaxiləsi isə binaya ümumi elektrik verilişində problemlər yarada bilir. Bu zaman binanın işıqları zəifləyə, xətlər yüklənə və transformatorlar sıradan çıxa bilər. Bu səbəbdən də yalnız texniki şərt əsasında uyğun yerlərdə elektromobillər üçün ayrıca sayğacların quraşdırılması təmin olunur.
Əzizə İsmayılova