Siqaretlər niyə dəyərindən üç dəfə BAHA SATILIR?

Ölkəmizə ən çox idxal edilən məhsullardan biri də siqaretdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 33 milyon ədəd siqaret gətirilib. Buna xərclənən vəsait 943.2 min ABŞ dolları (1 603 440 manat) olub. Beləcə, bir qutu siqaretin (20 ədəd) orta qiyməti 0.57 ABŞ dolları (0.97 qəpik) olub.

İdxal olunan bir qutu filtrli siqaretin orta qiyməti iyun ayında 3.56 manat olub. Hesablamalardan göründüyü kimi xaricdən alınan siqaret ilə pərakəndə satış mərkəzlərində satılan siqaretlərin qiyməti arasında 2.59 manat fərq var. Bu o deməkdir ki, idxal olunan siqaret marketlərdə orta hesabla 3.7 dəfə baha satılır.

Qiymətlərdəki bu qədər böyük fərqin yaranmasının səbəbi nədir?

Məsələ ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, təkcə siqaret yox, bir çox məhsullar bazarda gömrükdə bəyan edilən qiymətlərdən dəfələrlə baha satılır:

"Onun da əsas səbəbi odur ki, ölkəyə gətirilən məhsulun daxili bazarda satış qiymətinə nəzarət mexanizmi yoxdur. Hərə öz istədiyi qiyməti təyin edir. Məsələn, bu gün hansısa qurum topdansatış məntəqəsinə deyə bilməz ki, "niyə siqareti bəyan etdiyiniz qiymətdən 3 dəfə baha satırsınız?"

Ölkəmizdə bəzi məhsulların qiymətləri dövlət tərəfindən tənzimlənir. Bəzi məhsulların minimum və yaxud maksimum satış qiyməti də Tarif Şurası tərəfindən müəyyən edilir. Amma siqaret üçün bu qaydalar yoxdur.

Nəzərə alaq ki, bəzi məhsullar kimi siqaret də inhisar altındadır. Bu inhisarçılar, hətta idxal prosesində gömrük vergi və rüsumundan daha çox yayınmaq üçün bəyannamədə qiymətləri daha aşağı göstərirlər".