Gizlədilən POS-terminallar, kartdan karta ödəmə və vergidən kütləvi yayınma: Qurumlar niyə susur?

Bölgələrimizin əksəriyyətində və paytaxt ərazisindəki bir çox iaşə müəssisələrində hələ də POS-terminalla ödəniş etmək mümkün deyil.

Lim10.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

Vətəndaş yazıb ki, Zaqatalada, Balakəndə və Şəkidə restoranların əksəriyyətində müştərilərə deyiblər ki, bizdə POS-terminal yoxdur. Ya nağd ödəniş, ya da kartdan karta köçürmə edin. Səbəbini soruşanda isə bildiriblər ki, "bizə POS-terminal verilməyib".

Digər vətəndaş isə yazıb ki, paytaxtın bir çox iaşə müəssisə və mağazasında, az qala hər gün adam POS-terminal mübahisəsi etməli olur:

"Bəzi restoran və kafelərdə, mağazalarda POS-terminalı qəsdən şəbəkədən ayırırlar və kartı yaxınlaşdıranda ödəmə etmək mümkün olmur. Belə olan halda bildirirlər ki, bankın sistemində problem var, ödənişi ya nağd, ya da kartdan karta köçürməklə etməlisiniz. Mübahisə edəndə isə necə olursa, POS-terminal işə düşür. Sübut edəndə ki, problem heç bir bankın sistemində deyil, şəbəkəni aktivləşdirmək məcburiyyətində qalırlar.

Məsələdən xəbərsiz müştərilər isə digər tələb olunan ödəniş vasitələrindən birini seçmək məcburiyyətində qalırlar. Bu cür qanun pozuntusu etmələrinə baxmayaraq, o qədər rahatdırlar ki, heç kimdən qorxub-çəkinmələri yoxdur. Bəzi mağazalar, hətta kassa aparatının qarşısına böyük ölçüdə yazılan kart nömrəsi qoyurlar. POS-terminal tələb etməsən, onu piştaxtanın alt gözündən üstə çıxarmırlar. Tələb edəndə isə alıcını borclu çıxarırlar. Bu qədər sahibkar, şəhərin tam mərkəzində, vergidən yayınır, amma aidiyyəti qurumlar heç bir addım atmırlar".

Şikayətləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yönləndirdik.

Xidmətdən Lim10.az-ın sorğusuna cavab olaraq, bu cür faktların olduğunu təsdiqləyiblər.

"Paytaxt və regionlarda fəaliyyət göstərən bəzi pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminalla deyil, plastik kartlar vasitəsilə kartdan karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirildiyi müşahidə edilməkdədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır.

Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır.

Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların "ƏDV geri al" hüququndan məhrum olması ilə nəticələnir.

Bununla yanaşı bildiririk ki, bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.

Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur", - deyə açıqlamada bildirilib.

Əzizə İsmayılova