Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb

Daxili İşlər Nazirliyi müəllimin zorakılığa məruz qalması iddiası ilə bağlı məlumat yayıb.

Lim10.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.

Qadının izahatı alınıb və polis əməkdaşları tərəfindən onun sığınacağa yerləşdirilməsi təmin edilib.

Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

"Ali təhsilli müəllim təəssüf ki, şiddətli zorakılığa məruz qalıb".

Lim10.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, hazırda sığınacaqda olan xanıma psixoloji yardım göstərilir:

"Vəkilimiz onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu vəziyyətdə olan xanımın ərinə qarşı tezliklə ciddi tədbirlərin görüləcəyinə inanırıq".