Qarabağda tikinti zamanı sel və daşqınlar nəzərə alınmır!
İlqar İsmayılov: "Mən heç vaxt inana bilmərəm ki, 20 dərədən gələn seli, onlar normal şəkildə qobulara gətirib, ora ötürə biləcəklər və bizim doğma Horadiz kəndində həyət-bacanı, həyətyanı sahəni, evləri yenə də su basmayacaq..."
44 günlük döyüşlə 30 il işğalda olan Qarabağ torpağının azad olunması ilə, ermənilərin, erməni diasporalarının, lobbilərinin və onların havadarlarının ürəklərinə elə bir çalın-çarpaz dağ çəkildi ki, bunun göynərtisi heç vaxt yadlarından çıxmayacaq. Ermənilərin ürəyinə çəkilən ikinci bir dağ isə, azad olunan rayonlarda geniş vüsət götürən quruculuq- abadlıq işləridir. Erməni vandallarının 30 ildə dağıdıb, daşı-daş üstündə qoymadıqları rayonlarda, çox qısa müddətdə, həm qaçqınaların qayıdışı üçün tikilən müasir evlər, həm də yaşayış üçün bütün infrastrukturun yenidən qurulması ermənilərin yandırıb, cızdağını çıxarır. Bu gedişlə də tezliklə 30 il əvvəl erməni faşistlərinin cəlladlığı nəticəsində evindən didərgin düşən bütün soydaşlarımız öz doğma el-obasını, yurduna qayıdacaqlar... 30 il işğalda olan torpaqlarımız, nəhayət, öz əzəli və əbədi sahiblərinə qovuşurlar...
Amma bununla belə saytlarda, qəzetlərdə, internet televiziyalarında tikilən evlərin, obyektlərin keyfiyyətsiz olması barədə fikirlər səslənir. Bu barədə bəzən konkret faktlar da təqdim olunur. Əlbəttə, bizim üçün də maraqlıdır ki, doğrudanmı bu, belədir? Ümumiyyətlə, işğaldan azad olunmuş rayonlarda, kəndlərdə tikinti işləri hansı meyarla aparılır? Bu zaman o bölgənin bütün incəlikliklərini bilən yerli sakinlərin məsləhətlərindən istifadə olunurmu?
Bu və digər bu kimi suallara aydınlıq gətirmək üçün “Turana doğru” beynəlxalq vatsap qrupunda bir yerdə olduğumuz, uzun illərdir Moskvada yaşayan, əsələn Füzuli rayonunun Horadiz kəndindən olan, dəyərli ziyalı, vətənpərvər insan İlqar İsmayılovla əlaqı saxladım. Bilirdim ki, İ.İsmayılov yerinə-yurduna bağlı insandır, dəfələrlə öz kəndində olub, gedən tikinti işləri ilə maraqlanıb və bu barədə çox maraqlı təkliflərlə də çıxışlar edib. Ona görə də mövzu ilə bağlı, Moskvada olsa da, İ.İsmayılovu Vatsap zəngi ilə söhbətə çəkmək qərarına gəldim. İnanıram ki, İ.İsmayılovla olan söhbətimiz oxucularımızın və aidiyyəti qurumların da marağına səbəb olacaq.
- İlqar bəy, xoş gördük. Necəsiniz?
- Təşəkkür edirəm. Çox sağ olun, yaxşıyam.
- Rusiya-Ukrayna müharibəsi Rusiyada yaşayan azərbaycanlıların yaşayışına, biznesinə necə təsirt edir?
- Əlbəttə, müəyyən qədər təsir edir. Amma biz reallığa uyğun işlərimizi qura bilirik. Bu səbəbdən də demək olar işlərimiz qaydasında gedir.
- İlqar bəy, bilirik ki, vətəndən uzaqda olsanız da, doğma yurdun Füzuli ilə əlaqələrin çox sıxdır. Sənin doğma kəndində də geniş tikinti işləri gedir. Yəqin ki, bu barədə məlumatın var. Gedən tikinti işləri sizi qane edirmi?
- Sizin bu qaldırdığınız problemmi deyim, ya məsələmi deyim, həqiqətən çox dərindir və hamını da narahat edir. Hamını deyəndə, əsas öz qayıdışını gözləyən o insanları narahat eləyir və onlar arasında da müzakirə mövzusudur. Təəssüflər olsun ki, bu tikinti işi ilə məşğul olanlar, bu tikintini layihələşdirənlər, ümumiyyətlə, o proyektlərə cavabdeh strukturlar bu gün camaatın nöqteyi-nəzərini, fikirlərini nəzərə almır və öz bildikləri şəkildə bu işi həyata keçirirlər. Əslində bu tikinti məsələsində mən dövlətin tərəfindəyəm. Ona görə ki, ümumi işləri görməkdə əgər pərakənddə şəkildə yerli sakinlərə, camaata izin verilsə ki, yerini-yurdunu öz bildiyi şəkildə tiksin. Onda narazılıqlar yaranacaqdı ki, insanlar dövlətin onlara verilən pulları başqa işlərə, məsələn banklara olan borcunu ödəyəcək, maşın, telefon alacaq və s. işlərə sərf eləyə bilərlər. Amma axı bu qaçqının ailəsi, ailə üzvləri var ki, onlar üçün qurub-yaratmalıdır, evi olmalıdır ki, ondan sonrakı nəsil orada yaşaya bilsin. Tək söhbət ondan getmir ki, o pulu harasa dağıdasan və ailən evsiz-eşiksiz qalsın. Buna görə də bir mərkəzdən idarə olunması və nəzarət altında saxlanılması çox yaxşıdır. Amma hökumət üçün daha yaxşısı o olardı ki, yerli camaatı da bi tikinti işlərinə cəlb eləməklə, onların da o səriştəsindən istifadə etsin, əmək qabiliyyətli insanların işləməsinə orada şərait yaratsın. Necə ki, Xocalıda olan kimi, yerli sakinlər öz evlərini özləri tiksin, bərpa eləsinlər. Necə məsləhətdirsə, necə istəyirlərsə, bu şəkildə də bərpa eləyə bilərlər. Amma bütün bunlar hökümətin nəzarəti altında olmalıdır. Pərakəndə olsa, düz gəlməyəcək.
- İlqar bəy, dyirlər ki, işğaldan azad olunan bölgələrdə tikilən evlər maya dəyərindən çox aşağı qiymətə başa gəlir. Nəticədə də keyfiyyətsiz evlər tikilir. Sizin bu barədə fikrinizi bilmək istəyirəm.
- İndi biz burada müxtəlif məbləğ açıqlaya bilərik. İnsanlar bəzən çox şeydən məlumatsız olur. Mənə bir şey aydın olmur kr, ayrılan vəsait layihədə nəzərdə tutulan tək evin tikilməsi üçündür, yoxsa onun ətraf yaşayış sahəsinin abadlaşdırılması, yollarının çəkilməsi, suyun, qazın, işığın hamısı o məbləğə daxildimi, yoxsa elə ancaq evin tikilməsidir? Hələ evin içinin də şəraiti var, bunun indi tutaq ki, kənd yerində təndiri var, hovuzu var, ondan sonra başqa-başqa şeyləri var ki, bunu da yaratmaq lazımdır. Ən əsası da bax mən öz yaşadığım yerdən deyim. Mən də 1993-cü ildən həmin o köçən camaatdan biriyəm, hələ də doğma yurduma, yuvama qayıda bilməmişəm.
- Görürəm doğma yurda çox bağlısınız. Deyirəm bəlkə bir az da kəndinizin bu gün üçün mövcud olan problemlərindən danışasınız..
- Böyük məmnuniyyətlə. Deməli, mənim döğma kəndim Füzulinin Horadiz kəndi 1994 cü ildə Heydər Əliyevin rəhbərliyi ilə işğaldan azad edilib. Amma bu günə kimi də bizə izin verilmir ki, doğma yurdumuza qayıdaq. Birinci Qarabağ müharibəsində dəfn olunmuş şəhidlərimizin məzarına, ailələrimiz güc bəlayla icazə aldı ki, kənd camaatımız gedib şəhidlərimizin qəbrini ziyarət eləyək. Amma izin vermirlər bizə ora getməyə. Gizli yollarla təbii ki, Hadrutdan, Füzulidən keçib gəlirik. O biri tərəfdən fırlanıb gələndə isə,sanki Horadiz qəsəbəsinə, Horadiz kəndinə Şuşadan gedib gəlirik elə bil. Bax, belə bir şəraitdə camaat da öz elini, obasını ziyarət edir. İzin vermirlər bizə, ki, öz evimizə qayıadaq. Amma qanuni şəkildə portaldan-filandan da keçsən də, yenə ora bağlı zonadır deyə buraxmırlar. Çünki Ohanyan xətti deyilən mina basdırılan yer həmin bizim kəndin ərazisindən keçir. Minalar həddindən artıq çoxdur. Bir tərəfdən də izin verməmələri də yaxşıdır ki, Laçını da, Ağdamı da və başqa yerləri də gürürük.bununla belə, Füzulinin özün də də minaya düşənlərimiz olur. Ona görə də hələ ki, minaları təmizləsinlər. Baxmayaraq ki, bu saat hamı burada fəal iştirak eləyir. Amma ümumi proses, belə götürəndə. ləng gedir.
- İlqar bəy, artıq böyük qayıdış başlayıb və keçmiş sakinlər öz dədə-baba yurdlarına qayıdırlar. Burada da hər hansı problem varmı?
- Hə, indi sizə köç problemindən danışım, görün nələrlə üzləşirik. Köçdə, yəni bu məskunlaşmada, yeni məntəqələrin yaranmasında öz yaşadığım kəndin əsas problemi nədir? Bizim kəndimiz Araz çayından, hardasa, düzünə getsən 8-10 km. məsafədə yerləşir. Deməli, bu, Kiçik Qafqaz dağlarından axıb gələn sellər, həmçinin Hadrutdan gələn çay, Quruzlu dərəsi deyilən yerdən keçərək gəlib bizim kənddəki Dəli çayla birləşir. Kəndimiz də məhz o iki çayın birləşən yerində yerləşir və həmin çaylar bizdən keçib Araza tökülür. Bu səbəbdən biz çox sel basan yerdə yaşayırıq. Bizim horadiz kəndimiz çox qədim tarixə malikdir. Tarixçilərin dediyinə görə, hardasa kəndimizin 500-600 il yaşı var. Hətta deyirlər kəndin tarixi bundan da qədimdir. Çünki sulu, münbit torpaq olan bir ərazidi, ona görə insanlar orada çox qədimdən məskunlaşıblar. Araşdırmalar zamanı ərazidən qədim zamanlara aid əşyalar da tapılırdı. Qazıntılar nəticəsində yerin altında yaşayış məskənlərinin də olduğu müəyyən edilmişdi. Müharibədən əvvəl aparıan qazıntılar vaxtı qədim məişət əşyalarının, qəbirlərin tapıldığının şahidi də olmuşam. Amma sovet hökuməti onları başlı-başına buraxıb, orada su anbarı tikirdi.
Deməli, su basan yerləri formalaşdıran düzgün şəkildə layihələşdirmələr olmasa, həmin yerlər yenə də subasmaya məruz qalacaq. Böyüklərimizin söylədiyinə görə 1957-ci ildə, bizim kənddə həmin o sel gələn vaxtı 11 nəfər bu sellərin qurbanı olub.
- İlqar bəy, çox ciddi və maraqlı məqamları qeyd edirsiniz. Yəni doğrudanmı işğaldan azad olunandan sora aparılan tikinti işləri zamanı bu və buna bənzər nüanslar nəzərə alınmır? Bəs Füzuli rayonu işğal olunmazdan öncə, yəni müstəqillik dövründə bu sahədə vəziyyət necə idi?
- Elçin bəy, bu hələ harasıdır? Mən indi sizə bundan da təhlükəli məqamları söyləmək istəyirəm. Müharibə başlayan vaxtı, yəni 1988-ci ilə qədər kəndimizdə 1000 ev və 5 min əhali, var idi. Indi yenidən dediyim dərələrdəki o iki çaydan əlavə, kəndimizə təpələrdən gələn və sellər basan 20-ə yaxın dərələr var ki, məhz bu dərələrdən gələn sellər kəndi yuyub aparırdı. Yol çəkirdik yuyub dağıdırdı. Çünki sovetlər vaxtında bu işə sistemli yanaşma yox idi. İndi tikilən evlər də mütləq bu təhlükəyə məruz qalacaq. Əgər bu tikintilər zamanı o yerli camaatla, bu problemləri müzakirə eləməsələr, bu, yaşayış məntəqəqələri də bərbad günə qalacaq. Elçin bəy, sel sularından başqa daha bir və özü də böyük problem, kəndimizdə mövcud olmuş kəhrizlər və su quyularıdır. Bizim kənddə hardasa, 20-ə yaxın kəhriz və bulaq var idi. 5-6 kəhrizin suyunu, quyuları, kan-kanlar (Quyu qazanlar) lağımlar atıb, o suları, evlərdən xeyli aralı olmaqla, düz kəndin ortasına gətirib su çıxartmışdılar. olduqca içməli və çox dadlı sularımız var idi. O kəhrizlər vasitəsilə, yerin altında quyular qazılırdı və həmin quyular lağımlarla birləşdirilərək gətirib kəndin ortasında çıxarılırdı. İndi sakinlərimizin məskunlaşmasını yerinə yetirənlər neyləyiblər? Deməli, bu proqramı yerinə yetirənlər minalardan kəndi təmizləyiblər. Kəndin iki məscidimiz var idi. Biri Güney məscidi, biri də Quzey məscidi adlanırdı. Hə iki məscidimiz yerindədir, tam dağıdılmayıb və ümumi konturları var. Baxmayaraq ki, orada, Qarabağın digər məscidlərində olduğu kimi, ermənilər donuz saxlayırdılar. Bunu sübut edən videolarımız da var. Donuzların orada olduğu vaxtlarını da bizim uşaqlar videoya çəkiblər. Kəndimiz işğaldan azda edilən günlərdə hələ məsciddə donuzlar var idi.
Hə indi həmin o məscidləri bərpa edəcəklər, kəndin ümumi konturu var, evlərimiz, bünövrələrimiz yerindədir. Məsələn, mənim yaşadığım evin videosu var, sizə göstərmişəm. Biz o evi bərpa edib, yaşaya bilərdik. Bu şəhər salmada, məntəqə salmada hamısını buldozerlərin qabağına verərək, hamarlayıb bir tikinti meydançasına çeviriblər. Heç kim bilmir ki, həmin o kəhrizlərin quyusu haradaydı? O lağımların da, altından tunellər gedirdi. Yerin 10 metr dərinliyindən suyu çıxartmaq üçün 3-5 metr quyular qazılmışdı.
- İlqar bəy, adətən kənd yerlərində yaşayan insanlar öz həyətlərində qazıb yerdən su çıxardırlar. Az qala hər evin həyətində su quyusu olurdu. Indi siz də bu su quyularından danışırsınız. Maraqlıdır, sizin Horadiz kəndində bu sahdə vəziyyət necə idi? İndi aparılan tikinti işlərində bunlar nəzərə alınırmı?
- Bu suala görə təşəkkür edirəm. Elçin bəy, bizdə də vəziyyət elə idi. Kəndimizdə olan 1000 evdən təxminən 700 evin həyətində su quyusu var idi. Onların hamısının üstünə illərdir nəsə zir-zibil, ağac, kol-kos tökülüblər deyə yeri itib. Bax, sabah onun üstündə götürüb ev tikəcəklər, onda o evlərin aqibətini özünüz fikirləşin, təbii ki hamısı çökəcək ki, bu da ağır faciələrə səbəb ola bilər. Bu obyektiv reallıqdır. Mən nağıl danışmıram, həqiqəti bilərək deyirəm. Su quyusunun, lağımların, tunellərin üstündə tikilən evlər bir müddətdən sonra ağırlığa dözməyəcək. Nəticədə o evlər çökəcək, sınacaq, dağılacaq, sel basacaq və s. Tikinti şirkətlərinin yaratdığı bu gözəllik, sonda məhv olacaq. Çünki o çaylarımızı, çay gələn vadiyə biz kənddə qobu deyirik də, həmin o qobuları normal formaya salmasalar çəkilən böyük miqdarda xərclər hədər gedəcək. İşğaldan əvvəl Hadrutun dağlarından, kiçik Qafqazın böyük dağlarından, hardasa, iki metr hündürlüyündə yuvarlaq daşları selin kəndə gətirib çıxardığını görmüşük. O sellərin yenə də təkrar olunmayacağına kim zəmanət verə bilər? Təsəvvür edin, onda biz nə günə düşəcəyik? Bunlar nə tikəcəklər, nə sökəcəklər, hələ bu günə kimi də məlum deyil. Düzdür, bu layihələşdirmədə həmin o qurumda bizim kənd camaatından bir nəfər var iştirak edir. Amma həmin şəxs həm cavan olduğu, həm də böyüklərdən heç kimlə məsləhətləşmədiyi üçün, onu düzgün olaraq formalaşdıra bilmirlər. Mən heç vaxt inana bilmərəm ki, 20 dərədən gələn seli, onlar normal şəkildə qobulara gətirib, ora ötürə biləcəklər və Horadiz kəndində həyət-bacanı, həyətyanı sahəni, evləri yenə də su basmayacaq. Mən güclü sellərdən, hansı ki, böyük, lay divarları vurub aşıran sellərdən, danışıram. O sellər mütləq olacaq və camaatın təzə evlərini yenə bərbad günə salacaq. Ona görə də dövlət strukturları bu işlə ciddi şəkildə məşğul olmalıdırlar. Zəngilanın Ağalı kəndi düzəngahda yerləşir və səbəbdən orada heç bir problem ola bilməz. Amma Azərbaycanın başqa, xüsusilə də dağlıq yerlərdə olan torpaqlarda, Qarabağımızın digər bölğələrində belə sel basan yerlər çoxdur. Mən özümün yaşadığım o məntəqənin harada yerləşməsi haqqında sizə geniş və ətraflı məlumat verdim. Mən hələ mövcud problemlərdən yalnız ikisinə toxundum – sel daşqınlarına və bir də ki, evlərin su quyularının, kəhrizlərin üstündə tikilməsinə. Çünki kəhrizlər batıblar. Bizdə suyu gəlməyən kəhrizə batmaq deyirdilər. Bunların üstündə tikilən evlərin hamısı bir müddətdən sonra uçacaq. İndi görün nə qədər belə başqa problemlər var?
Biz sakinlər olaraq bu problemlərlə bağlı narahatçılığımızı rəsmi qaydada Prezident Aparatına, birinci xanıma, Prezidentin özünə, Milli Məclisə yazıb yollayırıq, amma hələ ki, bir səs-soraq yoxdur. Tikinti üçün o pulu bölənlər, yeyənlər bu haqda maraqsızdırlar. Çünkü pul qazanmaq üçün əllərinə yaxşı fürsət düşüb. Özləri də bilirlər ki, qaliblərə hər şey olar və işlərində də məhz bu baxışdan çıxış edirlər. Onu da yxşı bilirlər ki, onları heç kəs mühakimə etməyəcək. Çünki birincimiz qalib Prezidentdi, Sərkərdə kimi daxildə və xaricdə öndədir. Prezident İlham Əliyev qalib prezident kimi hazırda beynəlxalq aləmdə söz və nüfuz sahibidir. Bu səbəbdən onun kölgəsində bəzi şərəfsizlər, vicdansızlar, alçaqlar pul qazanırlar, qaz vururlar, qazan doldururlar. Amma gərək özümüz səs-süy salaq, bu problemləri vaxtında həll edək. Sizə də təşəkkür edirəm ki, belə vacib bir məsələyə diqqət və vaxt ayırırsınız.
- İlqar bəy, çox sağ olun ki, xalqımız üçün lazım olan bir məsələ barədə, bir vətənpərvər azərbaycanlı kimi həyəcann siqnalı çalırsınız. İnanırıq ki, belə vacib məsələ həm Prezident aparatınada, həm "Qaçqınkom"da, həm də bu sahələrə böyük vəsaitlər ayıran Maliyyə Nazirliyində səlahiyyətli şəxsləri maraqlandıracaq və vaxtında ciddi tədbirlər görəcəklər.
- Mən də inanmaq istəyirəm. Problemə belə həssaslıqla yanaşdığınız üçün, qəzetinizin baş redaktoru Asif Mərziliyə və bütün kolletivə təşəkkür edirəm. Yeri gəlmişkən, məlumatım var ki, baş redaktorunuz Asif Mərzili Ağdamdan deputatlığa namizəddir. Mən də bütün ağdamlıları dəyərli qələm sahibi olan Asif Mərziliyə səs verməyə çağırıram...
- Təşəkkür edirəm. Geniş müsahibəyə görə çox sağ olun!
Həmsöhbət oldu:
Elçin MƏMMƏDLİ