12 yaşlı Nəzrin ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Lim10.az-a onun anası Şəfəq Mirzəliyeva məlumat verib.
O, övladının sağ bud çanaq sümüyündə törəmə olduğunu bildirib:
"Nəzrinə 2015-ci ildə Türkiyədə sol böyrək "Uilms (Wilms) şişi" (nefroblastoma - bədxassəli şiş) diaqnozu ilə əməliyyat olunub. Səkkiz il sonra, 2023-cü ildə həmin şişin onun ağ ciyərində çıxdığı deyildi və yenidən əməliyyat olundu. Bu ilin may ayının əvvəlində Nəzrinin ayağında ağrılar başladı. May ayında Travmatologiya İnstitutunda sağ bud çanaq nahiyəsindən rentgendən keçdi. Çəkilişə iki həkim baxdıqdan sonra uşağın budunda və ayağında heç bir problemin olmadığı bizə bildirildi. Yalnız vitamin D və kalsium qəbul etməyi bizə məsləhət gördülər.
İyunun 18-də Nəzrinin sağ ayağında yenə ağrı kəskinləşdi və qızdırması qalxdı. Başqa bir xəstəxanada kəskin kor bağırsaq sindromu diaqnozu qoyuldu və hətta oradakı USM doktoru kor bağırsağın artıq partladığını bizə bildirdi və tomoqrafiya etdirsək belə nəcis üzündən heç nə görsənməyəcəyini bizə bildirdi. Bir gün sonra həmin klinikada doktor tərəfindən kor bağırsaq əməliyyatı edildi. Ayın 20-də evə buraxıldı. Beşgünlük antibiotik müalicəsi təyin olundu. Təxminən 3-4 həftə sonra ağrılar yenə baş qaldırdı. İyulun 22-də klinikada MRT çəkilişi zamanı qızımın sağ bud çanaq sümüyündə törəmə aşkar olundu".
Şəfəq Mirzəliyeva övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Avqust ayında Nəzrinlə birgə İsrailə getməli olduq. Burada ilk gündən onun müalicələrini və müayinələrini etmişik. Əlimizdə olan bütün vəsait bitib. Hazırda onun biopsiyalarının cavabını gözləyirik. Artıq maddi olaraq tükəndiyimiz üçün məcbur xəstəxanadan çıxmışıq. Bu xəstəliyin müalicəsi hədsiz bahadır. Nəzrinin bir günü üçün 4 000 manata ehtiyacı var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 680-63-70.
Beynəlxalq Bank: 4127 2093 0309 8658.