Qəbul imtahanları ləğv edilməlidir...

 

Azərbaycan təhsil sisteminin inkişafının və düzgün kadrların yetişməsinin qarşısını alan, qəbul imtahanlarıdır. Qəbul imtahanlarından psixoloji duruma, stresə görə əksər məzunlar qəbul oluna bilmir. Bu da bir çox ailələrdə stres, sonu faciə ilə bitən hadisələrə gətirib çıxarır.

Və yaxud da 17-18 yaşında uşaq universitetə qəbul olunmaq istəyəndə, əksəriyyət hələ nə üçün təhsilə baş vurduğunu fərqində deyil. Bəziləri kimlərinsə xətrinə, bəshəbəs, bəziləri əsgərlik xidmətinə fasilə vermək üçün təhsil dalınca gedirlər. Yalnız 5-10% gələcək karyeranı və təhsili düşünüb bu yolu qəbul edirlər.

Azərbaycanda əksəriyyət 25 yaşından sonra həqiqətən təhsil almağın fərqində olur və oxumadığı üçün təəssüf edirlər. Və geriyə qayıtmağı vaxt itkisi hesab edir və Azərbaycan üçün lazım olacaq kadrlar həyatlarını boş və arzularına uyğun olmayan formada başa vururlar.

Əgər qəbul imtahanları ləğv edilsə o zaman psixoloji olaraq insanlar arasında "təhsilin yaşı var" fikri də aradan qalxar və hər kəs süurlu şəkildə, özündə ehtiyac duyduğu və təhsil almağa hazır olduğu halda universitetə baş vurub təhsil alıb, arzusuna uyğun işlərdə çalışa bilər. Burda da udan, özü ilə bərabər həm dövlət, həm də xalq olar.

Dövlət İmtahan Komissiyası isə işini yalnız semestr imtahanlarında davam etdirməlidir. Çünki dövlətə, xalqa məzunun neçə bal toplayıb Universitetə qəbul olunması maraqlı deyil və olmamalıdır. Dövlətə tələbələrin hansı nəticə ilə Universiteti başa vurması maraqlı olmalıdır. Dövlət bu nəticələrə uyğun kadr siyasətini qurmalıdır və dövlətin özü nəticələri yüksək olan tələbələri yüksək postlarda yerləşdirməlidir. Bir növ Universitet məzunlarına kadr-müştəri kimi baxılmalıdır. Çunki adı üstündə, ixtisasların qarşısında "Dövlət Sifarişli" yazılır. Bu da o biri tələbələrə stimul verəcək ki, yaxşı nəticələri olan tələbələrin işləri hazırdır. Nəticədə təhsilə baş vurmaq istəyənlər, düşündürücü vəziyyətdə, gələcəkdə dəqiq məqsədlərinə çatmaq istəyənlər baş vurmuş olacaqlar. Bu da həmçinin təhsilin nəticəsinin yüksək olmasına və dövlətin ona münasibətinin dəyişməsinə gətirəcək.

Bu minvalla ölkədə özəl universitetlər bağlanacaq və real universitetlər fəaliyyət göstərəcəklər. Dövlət universitetləriində oxuyan tələbələrə təhsil Azərbaycan vətəndaşları üçün pulsuz olmalıdır. Yalnız əcnəbi tələbələr ödəniş əsasında təhsil almalıdır. Biz unutmamalıyıq ki, ölkəyə kadrdan öncə şəxsiyyət lazımdır. Şəxsiyyəti isə aşağı salan maddi imkanın az olması və maddiyyatdan asılılıqdır. Bu imkansızlıq təhsilə sirayət etməməlidir. Hər bir məzun və yaxud vətəndaş fikirləşməlidir ki, dövlət onun təhsili və işləməsi üçün maksimum şərait yaradib. O zaman auditoriyada 40-50 yaşlı tələbələrimiz də olacaq. Bunlardan isə dövlət və xalq mənfəət götürəcək, təbii ki, tələbələrin özləri ilə birgə.

Təbii ki, yazdıqlarım demokratik dövlətə aiddir, həmən bu hakimiyyətin qəbul edəcəyini düşünməyin. Necə ki, xalqı düşünmürlər.

Rəvan BAĞIRLI