Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.
Lim10.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1 434 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1 394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 26 - 27 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108.
Avqustun 25-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirir.
Lim10.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
İmtahan vermək üçün 1 415 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda 10:00-da və 13:00-da olmaqla iki növbədə keçiriləcək və 1 saat davam edəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirmək lazımdır. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Test imtahanında sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramını əhatə edən 20 tapşırıq təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.