Ermənistan Atom Elektrik Stansiyasında baş verən qəzanın səbəbi MƏLUM OLDU

Ermənistan Atom Elektrik Stansiyasında qəzanın səbəbi məlum olub.

Lim10.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan AES-i ildırım vurub. Qəza cümə günü yerli vaxtla təxminən 21:55-də baş verib. İldırım vurması nəticəsində stansiyanın təhlükəsizlik sistemləri onu təhlükəsiz söndürmə rejiminə keçirib.

Qeyd edək ki, hazırda elektrik enerjisinin verilişi bərpa olunub və stansiyanın əməkdaşları onu yenidən işə salmaq üzərində işləyirlər.

Ermənistanın Atom Elektrik Stansiyasında (AES) qəza baş verib və bu səbəbdən AES ölkənin enerji sistemindən ayrılıb.

Lim10.az-ın xəbərinə görə, bu barədə Ermənistan KİV məlumat verib.

Daha əvvəl "Ermənistanın Elektrik Şəbəkələri" şirkətindən verilən məlumata görə, AES-in elektrik enerjisi sistemindən ayrılması ilə əlaqədar "Yüksəkgərginlikli Elektrik Şəbəkələri" şirkətinə məxsus yarımstansiyanın avtomat rejimi dayandırılıb.

Qəza nəticəsində İrəvanın bir sıra inzibati rayonları, eləcə də Eçmiədzin və Armavir vilayətlərinin enerjisi kəsilib. Daha sonra elektrik enerjisinin verilməsi bərpa edilib.

"Baş verənlərin səbəbləri araşdırılır", - deyə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan "Facebook" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Ermənistanda 1976 və 1980-ci illərdə istismara verilmiş VVER-440 reaktorları əsasında fəaliyyət göstərən iki enerji blokuna malik bir AES var. AES-in işi 1989-cu ilin martında Spitak zəlzələsindən sonra dayandırılıb, lakin ikinci enerji bloku 1995-ci ilin noyabrında yenidən işə salınıb. Mövcud AES blokunun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

Ermənistan hökuməti AES-in istismarının 2036-cı ilə qədər uzadılması prosesinə başlanması ilə bağlı qərar qəbul edib.