ABŞ-nin Viskonsin ştatında vitse-prezidentliyə namizəd Tim Uolzun kortejindən bir neçə avtomobilin iştirak etdiyi qəza baş verib, xəsarət alanlar var.
Lim10.az "WISN12" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Uolzun kortejindən bir neçə avtomobil təxminən saat 12:57-də toqquşub (Bakı vaxtı ilə 22:57). Maşında olan əməkdaşlardan birinin qolu sınıb və həkimlər ona tibbi yardım göstərirlər" , - məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, avtomobillərdən biri qabaqdakı avtomobilə çırpılıb, sonra isə arxadan vurulub. Kortej Uolzun çıxış edəcəyi Miluokiyə gedirdi.
"Bir neçə jurnalistdə cızıqlar və qançırlar var. Bir kişinin burnundan qan axır, bir qadının beyin silkələnməsi şübhəsi var və təcili tibbi yardım almaq niyyətindədir" , - mətbuat xidməti əlavə edib.
Yerli "WISN12" telekanalının jurnalisti Mett Smitin "X"də verdiyi məlumata görə, qəzada yalnız media nümayəndələri və əməkdaşların olduğu avtomobillərə ziyan dəyib. Uolzun avtomobili də daxil olmaqla, kortejin qalan hissəsi vitse-prezidentliyə namizədin çıxışının baş tutacağı yerə yolunu davam edir.