Husilər nəhəng neft tankerini yandırıblar: Mütəxəssislərdən təhlükə xəbərdarlığı

Qırmızı dənizdə Yəmənin husi üsyançılarının hücumuna məruz qalan tankerində yanğın davam edir. Təxminən bir milyon barel neftin ətrafa dağılmasının qarşısını almaq üçün əməliyyat aparılır.

Lim10.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Yunan bayrağı altında üzən "MV Sounion" tankeri avqustun 21-də hücuma məruz qaldıqdan sonra ekipajı tərəfindən Oman sahillərində tərk edilib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yanğın tez bir zamanda nəzarət altına alınmasa, tarixdə ən böyük neft sızıntısı təhlükəsi var.

ABŞ Dövlət Departamenti daha əvvəl xəbərdarlıq etmişdi ki, "MV Sounion"da neft sızması 1989-cu ildə Alyaska sahilləri yaxınlığında baş vermiş "Exxon Valdez" tankerinin qəzasından təxminən dörd dəfə böyük ola bilər. Həmin hadisə nəticəsində 2100 kilometr sahil xətti çirklənib.