Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir - namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir.

Fransada keçirilən parlament seçkilərinin ilk turu, gözlənildiyi kimi, neofaşistlərin qələbəsi ilə başa çatdı. Seçkilərdə radikal sağçı Marin Le Penin Milli Birlik Partiyası 32 faiz səslə birinci, Jan Lük Melanşonun solçu Yeni Xalq Cəbhəsi 29 faiz səslə ikinci, prezident Emmanuel Makronun liderlik etdiyi koalisiya isə 21,5 faiz səslə üçüncü olub.

İkinci turdan sonra parlament seçkilərinin qalibi solçular koalisiyası Yeni Xalq Cəbhəsi partiyası oldu. Solçular koalisiyası Milli Assambleyada 172-192 arası yer əldə edərək birinci yerdə oldu.

İkinci yerdə makronçuların “Birlikdə” koalisiyası (150-170), 3-cü yerdə isə ifrat sağçılar (132-152) qərarlaşıb.

Sentyabrın 5-də, növbədənkənar parlament seçkilərinin başa çatmasından 60 gün sonra Fransa prezidenti Emmanuel Makron öz fraksiyasından olan 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib. O, bu vəzifədə ən yaşlı siyasətçi olacaq və Beşinci Respublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalı əvəzləyəcək.

Barnyen hökumətinin 30 iyun və 7 iyulda keçirilən seçkilərdən sonra heç bir partiyanın mütləq çoxluğa sahib olmadığı parlament üzvlərinin etimadını qazana biləcəyi hələ bəlli deyil.

73 yaşlı Barnier Fransanın mühafizəkar Respublikaçılar (LR) partiyasının veteranıdır. O, həmçinin, Avropa İttifaqının strukturlarında çalışıb və 2016-2019-cu illərdə Böyük Britaniyanın Aİ-dən çıxması şərtləri ilə bağlı danışıqlara rəhbərlik etməklə tanınır.

Prezidentin öz fraksiyasından olan Mişel Barnyeni baş nazir təyin etməsi, parlament seçkilərində hökumət yaratmağa yetərsay (289 mandat) əldə edə bilməsə də, səs çoxluğu qazanan Yeni Xalq Cəbhəsi koalisyasından olan deputatların haqlı narazılığına səbəb olub. Əslində prezident qalıb blokdan olan nümayəndələrdən birini razıliq əsasında baş nazir təyin etməli idi. Lakin Makron Fransa demokratiyasına tüpürərək, məğlub blokla separat razilaşma əsasında qalıb bloku hökumətdən kənarda saxlamaq istəyir. Görək, baş tutacaqmı.

Artıq Emmanuel Makronun Fransa prezidentliyindən uzaqlaşdırılmasını tələb edən qətnaməni Yeni Xalq Cəbhəsi blokundan 81 deputatın imzaladığı iddia edilir.

Qətnamənin imzalanmasına səbəb Makronun öz blokunun nümayəndəsini ölkənin baş naziri postuna təyin etməsindən görünməmiş şəkildə imtina etməsi olub.

Fransa mediası xəbər verir ki, parlament seçkilərində 32 manatla üçüncü yeri tutan Milli Birlik Partiysınin lideri Marin Le Pen ilə Yelisey sarayında görüşdən sonra Makron baş nazir postuna öz blokundan olan Mişel Barnyeni təyin etməyə cəsarətlənib. Yeni Xalq Cəbhəsi partiyasının deputatları və Fransa cəmiyyəti hesab edir ki, prezident parlament seçkilərində qalib gələn bloku kənardan qoymaq üçün seçkidə üçüncü olan ifrat sağçılarla separat razılaşmaya gedib. Əgər belə olmasaydı, Makron buna cəsarət etməzdı. Görünür, ifrat sağçılar son anda prezidentin qərarını dəstəkləyəcək. Lakin hələ ifrat sağçılar prezidentin təyin etdiyi baş nazirin qurduğu hökuməti dəstəkləyəcəklərini açıq ifadə etmirlər, vəziyyətdən asıli olaraq qərar qəbul edəcəklərini dilə gətirirlər. Yəqin ifrat sağçıların bu "loyal" movqeyi onunla əlaqədardır ki, ifrat solçularla prezident fraksiyası arasında heç bir rəsmi razılaşma yoxdur.

Lakin Fransa demokratiyasınin eybəcər iç üzü ondan ibarətdir ki, parlament seçkilərində xalqın əksəriyyətinin səsini qazanan Yeni Xalq Cəbhəsi blokunu iki azlıqda qalan blok hökumətdən kənarda saxlamaq istəyir. Əgər azlıqda qalan bloklar birləşdiyini rəsmən bəyan etsəydi, bu tam olaraq həm Fransa qanunlarına, həm də demokratik prinsiplərə uyğun proses olardı. Dünyanın demokratiya tarixinə Fransa axır ki, bu eybəcərliyi də gətirdi.

Amma hələ bilmək olmaz ki, Mişel Barnyen bu ilin 1 yanvarında baş nazir postuna əyləşə biləcək, ya yox. Çunki yuxarıda qeyd etdiyimiz kimi, artıq Emmanuel Makronun prezidentlikdən uzaqlaşdırılmasi prosesinə başlanılıb.

Akif NƏSİRLİ