"Çox təəssüf ki, Ermənistan fürsəti əldən verdi" - Sergey Lavrov

 

“Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

"Sülh müqaviləsi ilə bağlı müzakirələr bu gün də davam etdiriləcək. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Mütəmadi olaraq görüşmək, danışıqlar aparmaq və bütün məsələləri həll etmək üçün zəmin yaratmaq lazımdır”.

Bu barədə Lavrov "Cənubi Qafqaz üzrə “3+3” formatında planlaşdırılan görüşdən də danışıb:

"Xarici işlər nazirlikləri xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır. Platforma çərçivəsində bir görüş artıq keçirilib, lakin Gürcüstan tərəfi bu görüşdə iştirak etməyib. Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq", - deyə S.Lavrov bildirib. Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.