Yunisin anası yardım DİLƏYİR: "Ağrılarına görə yemək belə yeyə bilmir"

Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Aytən Süleymanlı məlumat verib.

O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:

"Yunisin yeddi yaşı var. O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər".

Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:

"Əməliyyatdan sonrakı müalicələri sizin saytın izləyicilərinin dəstəyi sayəsində davam etdirə bilmişik. Hazırda həkim övladımın yenidən əməliyyata ehtiyacı olduğunu deyir. Yunis təcili əməliyyata alınsa da, məbləği toplaya bilmədiyimiz üçün əməliyyata girə bilmir. Həkim əməliyyat üçün əvvəl 3 000 manat tələb etsə də, vəziyyətimizin necə ağır olduğunu görüb 2 500 manata əməliyyatı edə biləcəyini dedi. Hazırda sizin saytın izləyiciləri və dost-tanışın dəstəyi ilə 2 000 manat toplaya bilmişik. Yəni əməliyyat üçün 500 manatımız çatmır. Yoldaşımın qıcolma problemi olduğu üçün ağır işlərdə işləyə bilmir, mən isə əvvəllər evlərə təmizlik işləri görməyə, xalça yumağa gedirdim. İnanın ki, uşağın vəziyyəti son dövrlərdə ağırlaşıb, buna görə də artıq bu işləri də görə bilmirəm. Yunis ağrılardan dolayı nə yemək yeyir, nə də su içə bilir. Bir ana üçün bunun nə qədər ağır olduğunu anlayarsınız. Həkimlər əgər əməliyyat geciksə, bunun ciddi bir xəstəliyə çevrilə biləcəyini deyirlər. Yardımsevər insanlardan övladımın müalicəsi üçün bizə dəstək olmalarını, yardımlarını əsirgəməmələrini xahiş edirəm".

Ailə ilə əlaqə: (099) 328-13-23.

Kapital Bank: 5239 1517 7139 1243.