M. Zaxarova Ermənistana köməyin sərhədlərini cızdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını şərh etməkdən imtina edib və Rusiya Federasiyasının İrəvan qarşısında müttəfiqlik öhdəlikləri ilə bağlı mövqeyini səsləndirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl demişdi ki, Ermənistan öz suverenliyini qorumaq üçün Rusiyadan kömək - müvafiq addımlar gözləyir. İrəvanda Ermənistan-Azərbaycan konfliktinin nizamlanmasında Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərini rəhbər tutması məsələsi qaldırılıb.
“Dediyiniz siyasətçinin dəqiq nəyi nəzərdə tutduğunu təhlil etmək istəmirəm. Əgər söhbət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına Rusiyanın yardımından gedirdisə, onda Rusiya burada ən yüksək səviyyədə olan bütün üçtərəfli sazişlər kompleksinə, o cümlədən 9 noyabr 2020-ci il, 11 noyabr və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanata arxalanır". - deyə Zaxarova vurgulayıb.
O, xatırladıb ki, məhz onlar Bakı ilə İrəvan arasında münasibətlərin həlli prosesinin irəliləməsi üçün etibarlı zəmin yaradırlar.
“Əlbəttə, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, buna görə də biz vasitəçi olaraq həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Həqiqətən ümid edirəm ki, Ermənistanda insanlar bundan xəbərdardır”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, əgər söhbət KTMT çərçivəsində öhdəliklərdən gedirsə, o zaman İrəvan maraqlı olarsa, təşkilata üzv olan bütün digər ölkələr Ermənistana monitorinq missiyası göndərməyə hazır olacaqlar.