Türkiyənin Kayseri vilayətində fermer olan 36 yaşlı gənc 2 ay əvvəl tanış olduğu qızla evlənmək istəyib. "Mənə elə evlilik təklifi et ki, təəccüblənim", - deyə qız istəyini bildirib.
Bu barədə Lim10.az haberler.com-a istinadən xəbər verir.
Hava şarında və ya orkestrin müşayiəti ilə evlilik təklifi kimi bir çox variant üzərində düşünən gənc nəhayət qərara gəlib. O, 68 min lirəlik (təxminən 3400 manat) təkqaş üzük alıb və vəhşi atların, məşəllərin arasında qıza evlilik təklif edib.
Məlumata görə, qız təəccübləndiyini söyləyərək təklifi qəbul edib.
Lakin daha sonra gəlin namizədinin istəkləri gənci heyrətə gətirib. Belə ki, "hə" mərasiminə bir gün qalmış qız anasını və bacısını da özü ilə apararaq bəylə kafedə görüşüb və toyla bağlı istəklərini bir-bir sadalayıb.
"Qəhvə fincanının içində sıfır sürət təzə qadın avtomobilinin açarını istərdim", - deyə qız bildirib.
Gəlin həmçinin nişandan əvvəl 200 min lirəlik (təxminən 10 min manat) bir üzük də istəyib. O, eyni zamanda toydan əvvəl də bəzi tələblər irəli sürüb.
"Toydan əvvəl məndən ona "3+1" otaqlı ev almağımı istədilər. Həmçinin 30 ədəd Adana burması qolbaq şərtini də qoydular. Bu istəklər 15 milyon lirə (təxminən 750 min manat) edir. Evin içinin bəzədilməsinə qədər hər şeyi düşünüblər. Ən bahalı əşyalarla evi təchiz etməmi istədilər. Bir də gəlin namizəd üçün dünyaca məşhur telefon markasının son modelini almağımı istədilər", - deyə heyrətlənmiş bəy bildirib.
Gənc həmçinin gəlinin atasının da onun yaşadığı ərazidə haqqında araşdırma apardığını qeyd edib.
"Gəlinin atası Kayseridəki Hacılar Bələdiyyəsinə gəlib. Bələdiyyənin daşınmaz əmlak idarəsindən adıma qeydiyyatda olan evlərin, torpaq sahələrinin, əkin sahələrinin siyahısını çıxartdırıb. Eyni zamanda məhəlləmizə gələrək qapı-qapı gəzib və haqqımda məlumat toplayıb. Bunlar sanki qız evi deyil, kəşfiyyat bürosudur. Və bütün bu araşdırmalardan sonra qızın atası evlənməyimizə icazə verib. Onun özü və bu məlumatları ona verən bələdiyyə səlahiyyətliləri barədə prokurorluqda cinayət işi qaldırmışam. Gəlin namizədi məndən istədiyi evi və avtomobili toydan əvvəl onun adına keçirməyimi mənə şərt qoyur. O, özünü təəccübləndirməyimi istəmişdi, amma bu istəkləri ilə o məni təəccübləndirdi. Fırıldaqçılıqla aldadılmaqdan son anda xilas oldum. Mən də onlara "Bu sadaladıqlarınızı siz mənə alın, mən sizə gəlim" deyə tələblərini rədd etdim", - deyə bəy əlavə edib.