Lənkəran rayonunun Günəhir kənd tam orta məktəbində sinif otaqlarının yararsız vəziyyətə düşməsi müzakirə mövzusu olub.
Lim10.az xəbər verir ki, bununla bağlı foto sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, Fikrət Əliyev adına Günəhir kənd tam orta məktəbində vəziyyət acınacaqlıdır. Sinif otaqlarının divarları, döşəməsi dağılmış haldadır.
"Qış aylarında məktəbi isitmək mümkün deyil. Müəllimlər də, şagirdlər də əziyyət çəkirlər", - deyə qeyd olunur.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
İdarədən Lim10.az-ın sorğusuna cavab olaraq, məktəb binasının mövcud vəziyyətindən məlumatlı olduqlarını bildirdilər.
Qeyd olundu ki, ümumi təhsil müəssisəsinin binasına baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib.
"Bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlar məlumatlandırılıb. Qeyd edək ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır.
İdarənin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 6 müəssisədə əsaslı təmir aparılır, eləcə də 6 təhsil müəssisəsinin tikintisi icra edilir.
Yeni tədris ilinin başlanğıcında 2 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib istifadəyə verilib", - deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova