Qaradağda ağır qəza: İki yük avtomobili TOQQUŞDU

Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lim10.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev Lim10.az-a açıqlamasında bildirib ki, hadisə Hacı Zeynalabdin qəsəbəsini Sahil qəsəbəsi ilə birləşdirən yolun 40-cı kilometrliyində qeydə alınıb.

"Bu gecə saat 01:25-də 90-MG-522 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili qarşıda gedən "Mercedes-Benz Axor" markalı 77-JA-406 dövlət nömrə nişanlı digər yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəzaya səbəb "KamAZ"ın sürücüsünün yuxulu olması olub. Hadisə nəticəsində xəsarət olmayıb.

Qeyd etmək istərdik ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilməsinə, olunan xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, təəssüflə qeyd edirik ki, hələ də nəqliyyat vasitəsini yuxulu vəziyyətdə və yorğun halda idarə edən sürücülərimizə rast gəlinir ki, bu da sonda ağır hadisələrin yaşanmasına gətirib çıxarır.

Bir daha sürücülərdən xahiş və tələb edirik ki, sükan arxasına yorğun və yuxulu halda əyləşməsinlər", - deyə açıqlamada vurğulanır.

Əzizə İsmayılova