"Kəskin respirator virus infeksiyasından (KRVİ) fərqli olaraq, qrip qəflətən başlayır".
Lim10.az-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə tanınmış rusiyalı infeksionist Andrey Pozdnyakov danışıb.
O bildirib ki, klassik qrip digər infeksiyalardan kifayət qədər fərqli simptom kompleksinə malikdir.
"Xəstəliyin ilkin mərhələsində insan xəstəliyin başlama vaxtını saatına qədər dəqiqliklə göstərə bilər. Simptomlar arasında yüksək hərarət, intoksikasiya, həmçinin baş, əzələ və oynaq ağrıları var", - deyə həkim izah edib.
İnfeksionist vurğulayıb ki, tənəffüs yolları tərəfindən simptomlar daha sonra özünü göstərir.
"Öskürək qripin inkişafının başlanğıcından 2-3 gün sonra meydana çıxır. Əvvəlcə öskürək sadə olur, sonra isə tezləşir", - deyə o əlavə edib.
Pozdnyakov qripin fəsadlarını erkən və gec olmaqla iki yerə bölündüyünü bildirib.
"Erkən fəsadlar arasında ağciyərlərin zədələnməsini, ilkin qrip pnevmoniyasını, intoksikasiya, həmçinin mərkəzi sinir sisteminin zədələnmələrinin mümkün inkişafını qeyd etmək olar. Gec fəsadlara tənəffüs yollarında olan bakterial fəsadlar - sinusit, tonzillit, faringit aid edilir. Bundan əlavə, qripdən sonra xəstədə qeyri-sabit hərarət, yorğunluq və tərləmə müşahidə oluna bilər", - deyə mütəxəssis qeyd edib.
Həkim bildirib ki, qripin inkişafının ilkin mərhələlərində fəsadların qarşısını almaq üçün xüsusi antivirus terapiyası tətbiq etmək olar, ancaq antibiotiklərin qəbulu yalnız həkimin tövsiyəsi ilə həyata keçirilməlidir.