"Gürcüstan yolayrıcındadır və hakimiyyət ölkənin milli maraqlarını rəhbər tutaraq onu idarə etmək niyyətindədir".
Lim10.az-ın "Sputnik Gürcüstan"a istinadən xəbərinə görə, bu sözləri Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
"Gürcüstanımız özünün müasir tarixinin qovşağında dayanıb, biz isə xalq hökuməti olaraq ölkəni ən yaxşı milli maraqlar əsasında idarə etməli, qarşımızda duran bütün çağırışların öhdəsindən gəlməli, heç vaxt olmadığı qədər güclü və uğurlu olmaq üçün hər şeyi etməliyik", - deyə Kobaxidze BMT tribunasından bildirib.
O qeyd edib ki, hökumət Gürcüstanın Avropaya inteqrasiyası məsələsinə optimist yanaşır.
"Biz optimist köklənmişik və inanırıq ki, Gürcüstanın Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istəyi 2030-cu ilə qədər həyata keçəcək", - deyə baş nazir ifadə edib.
Qeyd edək ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" Qanunun qəbulundan sonra Aİ ölkənin Avropaya inteqrasiya prosesini dayandırıb və 2017-ci ildən bəri verilən vizasız rejimin ləğvini də istisna etməyib.
Baş nazir vurğulayıb ki, Gürcüstan müttəfiqləri və tərəfdaşları ilə birlikdə firavan cəmiyyətin yaradılması ideyasına sədaqətlə xidmət edir.
"Bizim birgə səylərimiz gələcəkdə də sülhün bərqərar olması və davamlı inkişafın təmin edilməsi üçün tədbirlərin dəstəklənməsinə yönəldiləcək", - deyə Kobaxidze bildirib.
O, Gürcüstanın ən mühüm milli vəzifələrindən birinin ölkənin ərazi bütövlüyünün sülh yolu ilə bərpası olduğunu deyib.
Kobaxidze rəsmi Tbilisinin nəzarətində olmayan ərazilərdə yaşayan abxazları və osetinləri qardaş-bacı hesab etdiklərini deyib. O qeyd edib ki, gürcülər onlarla vahid, dinc və inkişaf etmiş Gürcüstanda yaşamaq istəyirlər.
"Bizim vəzifəmiz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməkdir və bu istiqamətdə yol, əlbəttə ki, qarşılıqlı bağışlama və barışıqdan keçir", - deyə Kobaxidze vurğulayıb.