Şəhid atası: "Elvingilin kəşfiyyat qrupu "Ohanyan səddi"ni ilk yaranlardan olub"

"Oğlum Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Evin tək oğlu idi. 2020-ci il oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub".

Bu sözləri Lim10.az-a açıqlamasında Vətən müharibəsi şəhidi Elvin İslamovun atası Elçin İslamov deyib.

"Elvingilin kəşfiyyat qrupu 25 nəfərdən ibarət olub. Onlar "Ohanyan səddi"ni ilk yaranlardan olublar. Bir neçə kilometr düşmənin dərinliyinə qədər gedib və son damla qanlarına qədər döyüşüblər. Təəssüf ki, hamısı şəhid olublar. Elvinin nəşini yalnız 20 gündən sonra - oktyabrın 29-da götürə bildik", - deyə şəhid atası qeyd edib.

Şəhid atası bildirib ki, bu gün torpaqlarımızın azadlığı və başımızın uca olmasına görə şəhidlərə borcluyuq:

"Çünki onlar bizim sınmış qürurumuzu yenidən dikəltdilər. Onu da qeyd edim ki, Elvin ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub".

Mərahim Nəsib