Azərbaycan, Türkiyə və İran parlamentinin sədrləri regional problemləri müzakirə ediblər
Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü baş tutub.
Türkiyə mətbuatı xəbər verir ki, görüşdə 13-cü Plenar Sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib.
Daha sonra regionda mövcud olan vəziyyətlə bağlı fikirlər səsləndirilərək, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop qeyd edib ki, hər üç ölkə regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrini birləşdirməlidir:
“Bu yanaşma həm də bizim regiondakı problemlərin qarşılıqlı dialoq və əməkdaşlıq əsasında regiondaxili mexanizmlər vasitəsilə həllinə dair baxışımızın bir hissəsidir. Əsasən, regional normallaşmaya baxışımız kənar müdaxilənin olmadığı, üçüncü tərəflərin təsir yaratmaq cəhdlərinin minimuma endiyi, region ölkələrinin bir-biri ilə sülh və əməkdaşlıq şəraitində inkişaf etdiyi bir gələcəyi nəzərdə tutur.
Bunun reallaşması üçün bölgədə əlavə gərginlik yaradacaq, etimadsızlıq və tərəddüd yaradacaq hərəkətlərdən qaçmaq, əksinə, səmimi və açıq şəkildə hərəkət etmək, ehtiyac yarandıqda səmimi dialoq qurmaq daha məqsədəuyğun olardı. Əgər buna nail olmasaq, növbəti tarixi fürsəti əldən verəcəyik və qeyri-regional aktyorların daha təsirli olması üçün qapı açacağıq”.
Şentop regionda nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıq potensialına diqqət çəkib.
İran parlamentin sədri Baqir Qalibaf Azərbaycanlı həmkarı ilə görüşə toxunaraq deyib: "Son vaxtlar Azərbaycan Respublikası ilə bir sıra anlaşılmazlıqlar yaranmışdı ki, bunlarda aradan qalxıb və gələcəkdə Bakıya səfər edəcəyəm".
Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.