Məşhur mesajlaşma tətbiqi "WhatsApp" komandası videozəngləri təkmilləşdirmək üçün yeni funksiyaların işə salınmasını elan edib. Növbəti həftələrdə istifadəçilər müxtəlif filtrlər və virtual fonlardan istifadə edərək videozəngləri fərdiləşdirə biləcəklər.
Lim10.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Yeni filtr dəsti "Instagram" filtrlərinə bənzər geniş vizual effektlər təklif edir. Mövcud seçimlər arasında "İsti", "Soyuq", "Ağ-qara", "Xəyalpərəst" və digərləri var. Zəng zamanı video fonunu dəyişdirmək istəyənlər üçün "WhatsApp" diqqəti yayındıran amilləri gizlətməyə və ya müxtəlif parametrləri simulyasiya etməyə imkan verən onlarla virtual fon təklif edir.
Fon seçimləri arasında ətrafı gizlətmək üçün bulanıqlaşdırma (Blur) funksiyası, həmçinin ofis, qürub, meşə və hətta bayram mövzuları kimi virtual mühitlər var.
Bu yeni funksiyalar həm fərdi, həm də qrup videozəngləri zamanı mövcud olacaq. İstifadəçilər ekranın yuxarı sağ küncündəki müvafiq nişana toxunmaqla istədikləri effektləri seçə biləcəklər. "WhatsApp" növbəti həftələrdə yeniliyi bütün istifadəçilərə təqdim edəcək.