Türkiyə İnterpol xətti ilə axtarışda olan qadını Rusiyaya ekstradisiya etdi

Türkiyə bank müştərisindən 150 milyon rubl (3 milyon manata yaxın) oğurlamaqda təqsirli bilinərək İnterpol xətti ilə axtarışa verilən Olqa Aleksandrovanı Rusiyaya ekstradisiya edib.

Lim10.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Bu gün Antalya hava limanında Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının nümayəndələri Olqa Aleksandrovanı Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəzi Bürosunun və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşlarına təhvil veriblər. Rusiyalı qadın xüsusilə böyük miqyasda dələduzluqda ittiham edilərək beynəlxalq axtarışa verilmişdi", - deyə İrina Volk bildirib.

O qeyd edib ki, istintaq nəticələrinə əsasən, 2018-ci ildə kommersiya bankının əlavə ofisinin icraçı direktoru daha əlverişli şərtlərlə başqa hesaba köçürmək adı ilə müştərinin pulunu oğurlayıb. Dəyən zərər 150 milyon rubldan çox olub.

"Qadın istintaqdan ölkədən kənara qaçıb və beynəlxalq axtarışa verilib. 2022-ci ildə İnterpol kanalları vasitəsilə onun yeri müəyyən edilib və qadın Türkiyə Respublikası ərazisində saxlanılıb", - deyə Volk əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin səlahiyyətli orqanları Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətini təmin edib və təqsirləndirilən şəxslərin ekstradisiyasına qərar verib.

Türkiyə İnterpol xətti ilə axtarışda olan qadını Rusiyaya ekstradisiya etdi

Türkiyə İnterpol xətti ilə axtarışda olan qadını Rusiyaya ekstradisiya etdi