Bir neçə gündür ki, SAT (Scholastic Aptitude Test - sxolastik qabiliyyət testi) imtahan nəticəsinin universitetlərə qəbul zamanı əsas götürülməsi məsələsi gündəmə gəlib.
Sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda qeyd olunur ki, bu imtahan nəticəsi ilə qəbulun aparılması abituriyentlərin işlərini daha da asanlaşdıra bilər. SAT imtahan nəticəsinin iki il qüvvədə qaldığına görə 10-cu sinifdə oxuyan şagird artıq universitetə qəbul məsələsini öncədən həll edə bilər.
Qeyd edək ki, hazırda dünyanın ən qabaqcıl universitetlərində SAT imtahan nəticələri əsasında tələbə qəbulu həyata keçirilir.
Maraqlıdır, bəs görəsən, Azərbaycan ali təhsil müəssisələrində SAT imtahan nəticələri əsasında tələbə qəbulunun aparılmamasının səbəbi nədir?
Mövzu ilə bağlı Lim10.az-ın suallarını cavablandıran təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirib ki, ölkə ərazisində universitetlərə SAT imtahan nəticələri əsasında tələbə qəbulunun aparılmamasının səbəbi məktəblərdə SAT proqramının tədris edilməməsidir:
"Hazırda Azərbaycan ali təhsil müəssisələrində SAT imtahan nəticəsi ilə xarici ölkə vətəndaşlarının tələbə qəbulu aparılır. Lakin yeganə universitet ADA Universitetidir ki, SAT imtahan nəticəsi ilə Azərbaycan vətəndaşlarının da qəbulunu icra edir. Bunun əsas səbəbi ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA məktəbində beynəlxalq məktəb kimi tədris planı həyata keçirməsidir. Burada tədris planının bir hissəsi SAT üzrə istiqamətlənib. Şagirdlərə SAT proqramı tədris edildiyinə görə onlar rahatlıqla imtahan nəticəsi əsasında ADA Universitetinə qəbul prosesində iştirak edirlər. Eyni zamanda, digər ümumi təhsil müəssisələrində təhsil alan və SAT imtahan nəticəsi olanlar da ADA Universitetinə bu yol ilə qəbul oluna bilərlər".
Ekspert, həmçinin, qeyd edib ki, digər universitetlərdə SAT imtahan nəticəsi əsasında tələbə qəbulunun aparılması üçün Elm və Təhsil Nazirliyi, müvafiq qurumlar tərəfindən icazə olmalı, universitetlərə qəbul üçün bu proses rəsmiləşdirilməlidir:
"İlk növbədə, universitetlərin bunu həyata keçirməsi üçün müəyyən bazası, potensialı, xarici universitetlərlə əlaqələri olmalıdır. SAT imtahan nəticəsi ilə universitetlərə qəbulun aparılması üçün isə proses rəsmiləşdirilməlidir. Bundan sonra Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət olunaraq plan yeri ayrılmalıdır. Beləliklə, DİM, ADA Universitetində olduğu kimi, digər universitetlərə də SAT imtahan nəticəsi əsasında tələbə qəbulu prosesini icra edə bilər. Bunun isə DİM-in fəaliyyətinə hər hansı ciddi təsiri olmayacaq".
R.Nurəliyev bütün universitetlərdə SAT imtahan nəticəsi əsasında qəbulun aparılmasının əleyhinədir:
"SAT imtahan nəticəsi ilə azərbaycanlıların ali təhsil müəssisələrinə qəbul prosesinin genişləndirilməsinin tərəfdarı deyiləm. Bunun əhatə dairəsi genişləndirilərsə, abituriyentlər buraya istiqamətlənəcəklər, bu da məktəblərin tədris prosesinə müəyyən qədər təsir göstərə bilər. Çünki şagird düşünəcək ki, beş fənnə hazırlaşmağa ehtiyac yoxdur, bunun əvəzində ingilis dilində məntiq və riyaziyyatı oxuyub SAT imtahan nəticəsi ilə qəbul oluna bilərəm".
Təhsilin idarə olunması üzrə mütəxəssis Adil Vəliyev hesab edir ki, SAT imtahan nəticəsi əsasında universitetlərə tələbə qəbulu aparılarsa, bu, DİM-in keçirdiyi imtahanlara və kurslara, repetitor yanına hazırlığa gedənlərin sayına təsir edəcək:
"Azərbaycan universitetlərində yenilik üçün çox imkanlar var. Lakin biz diqqət edəndə görürük ki, nədənsə universitetlər yeniliyə açıq deyillər. Əvvəldən gələn sistemi davam etdirməklə fəaliyyətlərini icra edirlər. Yeganə ADA Universitetidir ki, bütün yenilikləri araşdırır, tətbiq edir və uğur qazanır. SAT imtahanı ilə digər universitetlərdə tələbə qəbulu aparılsa, sözsüz ki, DİM-in keçirdiyi imtahana və kurslara, repetitor yanına gedən tələbələrin sayına təsir edəcək. Çünki DİM imtahanlarında iştirak edib lazımi bal toplamaqdansa, SAT üzrə hazırlaşıb həm Azərbaycan, həm də beynəlxalq universitetlərə qəbul olmaq daha rahatdır".
Aygün Mirakif