Yeni telefon xətləri modem olmadan XİDMƏT GÖSTƏRMİR?

Son günlər sosial şəbəkələrdə ölkə ərazisində, habelə paytaxt Bakıda stasionar telefon xətləri və internetlə bağlı şikayətlər səsləndirilir.

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natiq Haşimi, 2a, mənzil 9 ünvanın sakini Lim10.az-a şikayət ünvanlayaraq telefon xəttinin yenisi ilə əvəz olunduqdan sonra işləməsi üçün 110 manat ödənişin tələb olunmasından narazılığını söyləyib:

"Bizim köhnə telefon kabellərimizi kəsiblər. Yeni xəttə qoşulmalı olduğumuzu deyirlər. Biz "Baktelecom" ilə əlaqə saxladıqda bu xətlərin modem olmadan işləmədiyini, yeni telefon xəttinin işləməsi üçün modem almağımızı söyləyirlər. Bunun üçün isə bizdən 110 manat pul tələb olunur. İnternetdən istifadə etmirəmsə, o modem mənim nəyimə lazımdır? Telefon xətti dəyişilir və yenisi modem olmadan işləmirsə, modem ödənişsiz verilməlidir".

Mövzu ilə bağlı Lim10.az "Baktelecom"a sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, modemin abunəçi tərəfindən alınması, yaxud qurum tərəfindən təqdim olunması qaydaları qoşulma şərtlərində əksini tapıb.

"Qoşulma şərtləri barədə ətraflı məlumatla "Bakı Telefon Rabitəsi" MMC-nin saytında tanış olmaq mümkündür.

Məlumat üçün bildirək ki, uzun illər istifadədə olan mis xətlərin köhnəlməsi, sıradan çıxması, dövrün tələblərinə cavab verməməsi və hazırda bərpası üçün texniki imkanın məhdud olması səbəbindən qeyd edilən ərazidə köhnə texnologiya vasitəsilə göstərilən telekommunikasiya xidmətlərinin təqdim edilməsi qurumun texniki imkanları xaricindədir. Lakin hazırda qurum tərəfindən mis xətlər üzərindən təqdim edilən rabitə xidmətlərinə alternativ olaraq GPON texnologiyası əsasında telekommunikasiya şəbəkəsinin qurulması və həmin şəbəkə üzərindən fiber-optik xətlər vasitəsilə daha keyfiyyətli telekommunikasiya xidmətlərinin (telefon, internet və s.) təqdim edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir.

Xidmətlər passiv xətt olan GPON texnologiyası - fiber-optik xətt üzərindən verildiyinə görə modem olmadan işləmir.

Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı 24/7 rejimində fəaliyyət göstərən çağrı mərkəzlərinə - "Aztelekom" üzrə "170", "Baktelecom" üzrə "155" qısa nömrəsinə müraciət etmələri xahiş olunur".

Aygün Mirakif