"M.T.LTD" şirkətinə məxsus "Hacı Turqay" əmtəə nişanlı sosislə bağlı redaksiyamıza şikayət daxil olub.
Bu barədə Lim10.az-a şikayət edən vətəndaş qeyd edib ki, "Közləmə" markalı sosisin halal tərkibdə hazırlandığı qeyd olunsa da, qəbzdə "donuz piyi" sözü var.
Məsələni dəqiqləşdirmək üçün "M.T.LTD"nin Kommersiya şöbəsinin əməkdaşı Seymur Həsənzadə ilə əlaqə saxladıq.
O bildirib ki, şirkətin "Sevimli dad" məhsulunda donuz piyi istifadə olunur və məlumat qeyd edilir, lakin "Hacı Turqay" əmtəə nişanlı sosisdə qətiyyən donuz piyi istifadə olunmur:
"Həmin firmada donuza aid heç nədən istifadə olunmur. Çox güman ki, "Araz" supermarketin qəbzində yanlışlıq olub. Məhsulun qəbzində o söz var, amma məhsulun etiketində yoxdur. Bu bizim şirkətin məsuliyyəti deyil".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 2023-cü il yanvarın 1-dən etibarən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq, qida məhsullarının etiketlənməsinə dair tələblər müəyyən edilib:
"Həmin tələblərə əsasən, etiketlənmədə məhsula dair digər məlumatlarla yanaşı, məhsulun tərkibi və istehsal tarixi barədə dolğun məlumatlar qeyd olunmalı, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.
Qeyd olunan görüntülər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürüləcək. Məsələ araşdırılaraq nəticəsi barədə məlumat veriləcək.
İstehlakçılardan qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı "1003" çağrı mərkəzinə məlumat vermələri xahiş olunur".
"Araz" Supermarketlər Şəbəkəsinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq qeyd olunub ki, sözügedən hal yalnız bir mağazada qeydə alınıb və dərhal aradan qaldırılıb.
Məhərrəm Əliyev