Rəşad Məcidə açıq məktub.

Azərbaycan Mətbuat Şurasının sədri,hörmətli Rəşad Məcid əvvəla sizi salamlayıram. Mən Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə ikinci kurs tələbəsi,Məmmədrzayeva Nuray. Bəlkə də,yazdığım məktubu tez bir zamanda oxuya bilməyəcəksiniz. Çünki bir jurnalist kimi,baş redaktor kimi,mətbuat şurasının sədri kimi,AYB-nin katibi kimi hər dəqiqənizin sizin üçün qızıl olduğunu bilirəm. Amma yenə də bu məktubu yazmaq istədim.

Burada toxunacağım əsas mövzular bugünkü gündə bir vətəndaş,jurnalistikada oxuyan tələbə olaraq məni,həmçinin bir çox izləyicini narahat edən məsələlər olacaq.
Hər bir ixtisasın,peşənin layiqincəsinə öhdəsindən gələnlər olduğu kimi,bunun tam əksini özündə cəmləşdirən insanlar da var. Mən bu kateqoriyaya jurnalistləri də daxil edirəm. Sözün əsl mənasında,işinin peşəkarı,savadlı kadrlarımız yetərincə var. Amma çox təəssüflər olsun ki,dövrümüzdə hər jurnalistika ixtisasını bitirib,diplom alan şəxslər bu adı tam əks etdirə bilmir. Bunun ən birinci,bariz nümunəsini deyəcəyəm. Bizim,yəni jurnalistlərin başlıca öhdəliyi düzgün səs tonu,tələffüz,diksiyadır. Bu gün mən ekran qarşısında əyləşən bir tamaşaçı olaraq "prablem" sözünü "problem" formasında tələffüz edən,yeri gəlsə nitqində bayağı sözlərdən istifadə edən bir aparıcı görürəm. Hər hansısa bir müğənnini efirə dəvət edib,ona öz şəxsi həyatından yetərincə, hətta bardağın son damlasını daşıracaq qədər danışmağa icazə verən,reytinq xatirinə öz işini heçə sayan bir aparıcını görürəm. Bunların hər biri oxuduğum prinsiplərə,funksiyalara zidd olan olan əlamətlərdi. Jurnalistika adına xələl gətirən üzlərdi.
Mətbuat Şurasının sədri olaraq sizə bu məktubu yazmaqda məqsədim, bu problemlərə müxtəlif tədbirlər görməyinizdir. Çünki mən sizin yetərincə bununla bağlı əlinizdən nə gəlirsə edəcəyinizə əminəm. Düşünürəm ki,biz nə qədər sussaq o qədər də tamaşaçının zövqü korlanacaq,bayağılıq baş alıb gedəcək. Və bu Azərbaycan jurnalistlərinə yaraşmaz!

Hörmətlə,Məmmədrzayeva Nuray