“Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr- Zəfər Günü xüsusi yer tutur. Bu gün milli qürur, dövlətçilik iradəsi və xalq birliyinin simvoluna çevrilib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində işğal altındakı torpaqlar azad olundu, ərazi bütövlüyü və ədalət bərpa edildi. Bu qələbə təkcə hərbi müstəvidə deyil, həm də siyasi və geosiyasi baxımdan Azərbaycanın regiondakı mövqelərini köklü şəkildə dəyişdirdi”.
Bunu Lim10.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqın Ali Baş Komandana sarsılmaz inamı sayəsində 44 gün ərzində tarixi ədalətin bərpası ilə nəticələndi. “Müharibənin gedişində Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğratdı, bir-birinin ardınca yüzlərlə yaşayış məntəqəsi azad olundu.
8 noyabrda isə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin azad edilməsi müharibənin dönüş nöqtəsi oldu. Şuşanın azad olunması həm hərbi-strateji, həm də siyasi-psixoloji baxımdan həlledici əhəmiyyət daşıyırdı. Bu qələbə düşmənin müqavimətini tam qırdı və Azərbaycanın tarixi zəfərinin zirvəsini formalaşdırdı”, - o vurğulayıb.
Deputat əlavə edib ki, Şuşanın azad olunması ilə nəticələnən Azərbaycanın möhtəşəm tarixi qələbəsi regionun geosiyasi mənzərəsini tamamilə dəyişdi: “Azərbaycan beynəlxalq hüququn təminatçısı, regional sabitliyin əsas dayağı kimi özünü təsdiqlədi. Bu qələbə həm də Cənubi Qafqazda yeni siyasi reallığın-güc və ədalət balansının bərpasının başlanğıcı oldu.
Azərbaycanın hərbi zəfəri diplomatik müstəvidə də öz bəhrəsini verdi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat nəticəsində müharibə faktiki olaraq Azərbaycan şərtləri ilə sona çatdı, torpaqlarımızın böyük hissəsi sülh yolu ilə geri qaytarıldı. Azərbaycan ərazi bütövlüyünü təmin etdi.
Möhtəşəm zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas məsələ tam suverenliyin bərpası idi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələri tərk-silah edildi, Azərbaycanın konstitusiya quruluşu və dövlət suverenliyi tam şəkildə bərpa olundu.
Bu, Vətən müharibəsinin məntiqi və siyasi yekunu, Azərbaycan dövlətçiliyinin tam bərqərar olunması demək idi.
Qələbədən sonra Azərbaycan qisas yox, sülh və əməkdaşlıq gündəliyi ilə çıxış etdi. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Cənubi Qafqazda dayanıqlı sülh, sabitlik və təhlükəsizliyə xidmət edən yeni mərhələ formalaşır.
Azərbaycan bu gün sülh prosesində də qalib tərəf kimi çıxış edir. Vaşinqton, Brüssel və Moskva formatlarında aparılan danışıqlarda Bakı prinsipləri regionda sabitlik və qarşılıqlı etimad mühitinin əsasını qoyur.
Bu gün Azərbaycanın əsas strateji hədəfi-Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirməkdir. Bakı təşəbbüsləri regionun nəqliyyat, enerji və iqtisadi inteqrasiyasına mühüm töhfələr verir.
Azərbaycan artıq müharibədə qalib olan, sülh prosesində isə qalib mövqeyini qoruyan dövlət kimi Cənubi Qafqazın sabitlik adasına çevrilib. Şuşa Qələbəsi ilə başlayan bu yol bu gün sabitlik, tərəfdaşlıq və rifah yoluna çevrilib.
8 Noyabr – Zəfər Günü təkcə bir tarixi hadisənin ildönümü deyil, müstəqil Azərbaycanın milli birliyinin, dövlətçilik qüdrətinin və qürurunun rəmzidir.
Bu zəfər Azərbaycan xalqının iradəsini, müasir dövlətin gücünü və ədalətin gec-tez zəfər çalacağını bütün dünyaya göstərdi”.
Mürtəza



















