Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb.
Davosda dövlətimizin başçısı Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşüb.
Söhbət zamanı dövlətimizin başçısının Arnout Damen ilə əvvəlki görüşü xatırlanıb.
Arnout Damen Azərbaycanda layihələrin həyata keçirilməsinə başladıqlarını bildirib və görülən işlərdən danışıb.
Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib.
Görüşdə Azərbaycanda bu şirkətin daha geniş həcmdə işlər görməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Dövlətimizin başçısı Azərbaycanın önəmli tranzit ölkəyə çevrildiyini qeyd edərək, respublikamızın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.
Görüşdə, həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edilib.
Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə “CISCO” şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini deyib.
Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulanıb.
Prezident İlham Əliyev Zəngilan rayonunda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Dövlətimizin başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan “Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə”yə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışıldı, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Prezident İlham Əliyev Davosda “Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest ilə də görüşüb.
Görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə “Fortescue Future Industries” şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulanıb. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortescue Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulanıb.
Görüşdə ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.