Salyan rayonunun bir neçə kəndində elektrik enerjisinin verilməsində ciddi problemlər müşahidə olunur.
Lim10.az xəbər verir ki, Qırx Çıraq, Parça Xələc və Gəncəli kəndlərinin sakinləri artıq dörd gündür ki, fasiləsiz və keyfiyyətli elektrik enerjisi almaqda çətinlik çəkirlər. Bundan əlavə, fasilədən sonra elektrik enerjisinin yüksək gərginliklə verilməsi sakinlərin elektrik avadanlıqlarına ciddi ziyan vurub.
Bununla bağlı Qırx Çıraq qəsəbəsinin sakinləri Lim10.az-a şikayət ünvanlayıblar.
Qeyd olunub ki, dörd gündür ki, Qırx Çıraq, Parça Xələc və Gəncəli kəndlərində elektrik enerjisi kəsilib.
"Bu gün dördüncü gün olur ki, bizdə işıq yoxdur. Arada bir dəfə işığı verdilər, onda da enerjidə gərginlik artıq olduğu üçün bir çox evlərdə elektriklə işləyən avadanlıqlara ciddi ziyan dəydi. Bizim öz evimizdə soyuducu, paltaryuyan, hamamdakı elektrik suqızdırıcısı və mətbəxin bütün işıq xətti sıradan çıxdı", - deyə şikayətçi bildirib.
Digər sakin isə qeyd edib ki, işıqların tez-tez "oynaması" ilə bağlı dəfələrlə müraciət ediblər.
"Bu ay girəndən neçə dəfə işıqlar belə "oynayıb". Problemin nə olduğunu tapa bilmirlər. İşıq yanır, bir-iki saat keçir, sönür, yenə yanır, yenə sönür. Tapa bilmirlər ki, problem nədir.
Üstəlik, bizim kənddə işıq çox vaxt o qədər zəif verilir ki, evdəki elektrik avadanlıqlarını işlətməyə gücü çatmır. Yay uzunu biz kondisioner işlədə bilməmişik", - deyə Qırx Çıraq sakini qeyd edib.
Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu verilib.
Əzizə İsmayılova