"Azəriqaz" İstehsalat Birliyi (İB) ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Lim10.az-a müraciət edən şikayətçi vurğulayıb ki, evində İranda istehsal olunan soba istifadə etdiyi üçün "Azəriqaz"ın əməkdaşı ondan sertifikat tələb edib.
Şikayətçinin sözlərinə görə, "Azəriqaz"ın əməkdaşı sertifikatı təqdim etmədiyi təqdirdə, vətəndaşa qazı bloklayacağını deyib.
Maraqlıdır, "Azəriqaz"ın əməkdaşının sertifikat tələb etmək kimi bir öhdəliyi varmı? Qanunla bu məsələ necə tənzimlənir? Sözügedən sertifikatı necə əldə etmək olar?
Lim10.az-ın əməkdaşı bu suallarla "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudova üz tutub.
Şöbə rəisi bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 nömrəli Qərarına əsasən (maddə 1.2.), qaz qurğusu - qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu kimi təsvir edilib:
"Həmçinin qaydada (maddə 3.1.5.) istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli tələbi öz əksini tapıb.
Qeyd edilən qaydaya əsasən, qazdan istifadə edən istehlakçılar bu vəzifələri yerinə yetirməlidirlər:
"(Maddə 3.2.2.) qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli, (maddə 3.2.13.) "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən məişət qaz qurğusundan istifadə etməli"dirlər.
Eyni zamanda, Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 6-2 maddəsinin tələbinə əsasən, qaz paylayıcısının işçiləri istehlakçıya beş iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə ildə bir dəfə hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə iki nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər".
Şöbə rəisi əlavə edib ki, həmçinin qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi haqqında Nazirlər Kabineti tərəfindən 25 iyun 2023-cü il tarixində təsdiq edilmiş 215 nömrəli "Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi" Qaydasının tələblərinə əsasən yerinə yetirilir:
"Həmin qaydanın 1 nömrəli əlavəsində "Qaz qurğuları, qaz xətləri və tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri və metodları"nın siyahısının "Qaz qurğuları üzrə" bölməsində qaz qurğularının mexaniki və korroziya zədələnmələri, kiplik, işçi vəziyyətdə olması, özbaşına qaz qurğularının quraşdırılmasının, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsinin, dəyişdirilməsinin və təmirinin həyata keçirilməsi, qaz qurğularının quruluşunda (konstruksiyasında) dəyişikliklər edilməsi, qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsinin vizual yoxlanılması tələbi qoyulub".
Məhərrəm Əliyev