Polşa prezidenti Azərbaycan - Ermənistan sərhədinə niyə gəldi...

Əslində Azərbaycanla isti münasibətlərinə görə Polşa və onun prezidenti digər Avropa ölkələrindən xeyli dərəcədə seçilirdi. İki ölkənin dövlət başlçıları arasında yaxşı münasibətlər var və onlar bir-birini "dost" deyə çağırırdı. Azərbaycan Polşanı özünün strateji tərəfdaşı hesab edirdi. Amma çox təəssüflər olsun ki, artıq belə bir hadisə baş verdi - Andjey Duda Azərbaycana binoklla düşmən sərhədindən boylandı.

Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub. Bu barədə erməni mediası xəbər yayıb.

Onların məlumatına görə, Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.

"Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvlərinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri, təəssüf ki, müxtəlif Aİ-yə üzv ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.

"Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousu”nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk.

Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı mesajlar göndərməsinə baxmayaraq, Polşa tərəfi bu təxribat xarakterli addımdan çəkinməyib. Azərbaycan bu qeyri-dost hərəkətə qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır", - deyə əlavə edilib.

Bəs Polşa prezidentini strateji tərəfdaşı ilə münasibətlərini korlayan bu səfərə və "binokl şousu"na nə vadar elədi?

Qabil Hüseynli: "Bütün Avropa ölkələri hazırda Ermənistanı mudafiə etməklə Azerbaycana qarşı kampaniya aparır"

Politoloq Qabil Hüseynli baki-xeber.com-a açıqlamasında bildirdi ki, bu heç də gözlənilməz hadisə deyil: "Bütünlüklə Avropa ölkələri hazırda Ermənistanı mudafiə etməklə Azərbaycana qarşı kampaniya aparır. Bəziləri elə bilir ki, yalnız Fransa bizə qarşı düşmən mövqedən çıxış edir. Xeyr, bu belə deyil, Fransa bizə qarsı bütun Avropa İttifaqını (Aİ) təmsil edir. Polşa Avropa katoliklərinin dayaq mərkəzidir. Aİ isə bir katolik həmrəylik təşkilatı, katolik klubudur. Ona görə də bütün Avropa ölkələrinin bu məsələdə mövqeyi eynidir. Onlar vahid mövqedən çıxıs edir. Andjey Dudanın Ermənistana səfəri də həm Aİ-nin qərarıdır, həm də Avropa katoliklərinin təkididir. Ona gorə də hesab edirəm ki, Azərbaycan öz siyasətində diqqətli olmalı, Fransanın mövqeyini bütün Aİ ölkələrinin mövqeyi kimi qəbul etməlidir. Sabah Almaniya, Rumıniya, Avstriya, hətta qaz verdiyimiz İtaliyanı, türk dediyimiz Macarıstanı və digərlərini də bu addımı atmağa məcbur edə bilərlər. Ona görə də Azərbaycan xarici siyasətində bütün bu məqamları nəzərə almalıdır.

O ki qaldi Polşa ilə bundan sonrakı münasibətlərə, Azərbaycan tərəfi bu səfər baş tutana qədər Polşa XİN-ə öz mövqeyini bildirmişdi, onu bu təxribatdan çəkinməyə çalışmışdı. Lakin bu mesajlar fayda vermədi. İndi ya Polşanın Azərbaycandakı səfiri XİN-ə cağırılaraq onunla gələcək munasibətlərə dair söhbət aparılmalıdır, ya da Azərbaycan XİN-i mövqeyini bəyanatla qarşı tərəfə bildirməlidir".

Əli Orucov: "Polşanın bu siyasətdə rol alması arzuolunan deyil və bu ona heç bir dividend gətirmir"

Politoloq Əli Orucov isə baki-xəbər.com-a açıqlamasında dedi ki, bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı davam etdirdiyi qarayaxma kampaniyasına Polşanın da qoşulması təəssüf doğurur: "Polşa prezidentinin Ermənistana səfəri və verdiyi bəyanatlar, həmçinin sərhəd bölgəsində gəlib Qərbin "binokl diplomatiyası"nın alətinə çevrilməsi haqlı olaraq Bakının ciddi etirazına səbəb oldu.

Polşa, görünür, Avropa İttifaqını öz maraqlarının girovuna çevirən Fransanın təsiri altındadır və atdığı qeyri-dost addımların doğura biləcəyi ciddi nəticələri düzgün qiymətləndirməyib. Əks halda diplomik skandal yarada biləcək Fransanın partonajlığı altında Azərbaycana qarşı həyata keçirilən "binokl diplomatiyası" şousunda iştirakdan çəkinərdi.

Onsuz da bu kimi təxribatlar Bakının mövqeyinə təsir göstərmir. Əksinə, regionda sülhü və kövrək etimad mühitini zədələyir. Danışıqlar prosesini çətinləşdirir. Məlumdur ki Ermənistan Qərb üçün cəlbedici dövlət deyil və geostrateji əhəmiyyət daşımır. Lakin Cənubi Qafqazda Ermənistanın vasitəsilə gərginliyin saxlanılması Qərbə lazımdır. Polşanın da bu siyasətdə rol alması arzuolunan deyil və bu ona heç bir dividend gətirmir".

Dəniz NƏSİRLİ